525.Az

Modern Diplomacy: "Kim Dağlıq Qarabağ münaqişəsinin alovlanmasında maraqlıdır?"


 

Modern Diplomacy: "Kim Dağlıq Qarabağ münaqişəsinin alovlanmasında maraqlıdır?"<b style="color:red"></b>

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Şahmar Hacıyevin nüfuzlu "Modern Diplomacy" nəşrində "Kim Dağlıq Qarabağ münaqişəsinin alovlanmasında maraqlıdır?" başlıqlı məqaləsi dərc olunub.
 
Məqalədə bildirilir ki, Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında davam edən münaqişə genişmiqyaslı humanitar böhrana, insanların məcburi köçkün vəziyyətinə düşməsinə və infrastrukturun məhvinə səbəb olub. Qeyd edilir ki, 1994-cü ildə imzalanan atəşkəs razılaşmasından sonra Ermənistan hələ də Azərbaycan torpaqlarının işğalını davam etdirir. "ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəsi ilə aparılan diplomatik danışıqlar  və bütün təşəbbüslər nəticəsiz olaraq qalır, çünki mövcud "status-kvo" Ermənistan üçün əlverişlidir. Bunun əsas səbəblərindən biri Ermənistan hakimiyyətinin  ATƏT-in və BMT-nin əsas qanun və  prinsiplərini pozaraq, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyətlər aparması və qeyri-qanuni məskunlaşma siyasətini həyata keçirməsidir", - deyə müəllif məqaləsində vurğulayır. 

Şahmar Hacıyev əlavə edir ki, 2018-ci ildə Ermənistanda hökumət dəyişikliyindən sonra bölgədə sülh və  firavanlığın bərqərar olunacağına ümid var idi: "Lakin 2016-cı il aprel döyüşlərindən sonra Ermənistanın 12 iyul 2020-ci il tarixində Tovuz istiqamətində həyata keçirdiyi iri təxribat münaqişənin yenidən alovlanmasına töhfə vermiş oldu. Təəssüf ki, Ermənistan rəhbərliyinin ritorikası və hərəkətləri vəziyyəti yalnız gərginləşdirir və rəsmi Moskvanın da Tovuz hadisəsindən dərhal sonra Ermənistana İl-76 təyyarələri ilə hərbi sursat göndərməsi vəziyyətin daha da gərginləşməsini stimullaşdırır".

Müəllifin yazdığına görə, gərginliyi artıran digər vacib məsələ Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin qanunsuz məskunlaşma prosesidir. Şahmar Hacıyev bildirir ki, qeyri-qanuni məskunlaşma işləri davam etdirilir, xüsusən də Livanın paytaxtı  Beyrutda baş vermiş  partlayışdan sonra Livan erməniləri bu prosesə cəlb olunurlar. Qeyd edilir ki, qanunsuz məskunlaşma beynəlxalq hüququn ciddi pozulmasıdır və bu, şübhəsiz ki, danışıqları prosesini çıxılmaz vəziyyətə salır: "Münaqişə bölgənin tam inteqrasiyasına mane olur və qlobal layihələri risk altına alır. Azərbaycanın rəsmi mövqeyi münaqişənin beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə həllidir və Azərbaycan artıq münaqişənin həlli istiqamətində real və ciddi irəliləyişlər gözləyir".

 





02.09.2020    çap et  çap et