525.Az

BDU BP-nin vitse-prezidenti ilə onlayn görüş keçirdi


 

BDU BP-nin vitse-prezidenti ilə onlayn görüş keçirdi<b style="color:red"></b>

Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin professor-müəllim heyəti və magistrantlarının "British Petroleum" (BP) şirkətinin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ilə onlayn görüşü keçirilib.

BDU-dan verilən məlumata görə, görüşdə B.Aslanbəyli "Azərbaycanın enerji strategiyası" mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycanın neft-qaz resurslarının istehsalı, həmçinin, satışının təşkili, xarici ölkələrə ixracı, beynəlxalq bazarlara çatdırılması, Cənub qaz dəhlizi və ona aid olan Cənubi Qafqaz qaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum), TAP və TANAP layihələrinin genişləndirilməsi kimi məqamlara aydınlıq gətirib.

B.Aslanbəyli eyni zamanda, yeni layihələrin idarə olunması, bu layihələrin həmin ölkələrin maraqlarına uyğunlaşdırılması, kommersiya cəhətdən əsaslandırılması və rentabelliliyi, təminatlı ixrac bazarı, alternativ və bərpa olunan enerji layihələri barədə ətraflı məlumat verib.

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Zeynalabdin Həsənəliyevin moderatorluğu ilə keçirilən onlayn görüş qarşılıqlı diskussiya şəraitində davam edib.

Xatırladaq ki, BP şirkətinin vitse-prezidenti B.Aslanbəyli BDU-nun beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu, həmçinin, universitetin Himayəçilər Şurasının üzvüdür.

 





02.09.2020    çap et  çap et