525.Az

Qarabağda qanunsuz məskunlaşdırma: ATƏT susmamalıdır...


 

Qarabağda qanunsuz məskunlaşdırma: <b style="color:red">ATƏT susmamalıdır...</b>

Azərbaycan ərazilərini 30 ilə yaxındır işğal altında saxlayan Ermənistan həmin ərazilərdə qeyri-qanuni fəaliyyətlə məşğuldur.

Bu gün işğalçı dövlət Azərbaycan ərazilərində qanunsuz məskunlaşdırma siyasətini davam etdirilir. Zaman-zaman bununla bağlı faktlar açıqlanıb. Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktı ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da qeydə alınıb. Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarının kobud pozulmasıdır.

Ötən ay Livanın paytaxtı Beyrutdakı limanda  baş vermiş partlayışdan sonra bu ölkədə yaşayan erməni mənşəli Livan vətəndaşlarının "tarixi torpaqlarına" geri dönüşü ilə bağlı mövzu Ermənistanda yenidən aktuallaşıb. Suriya ermənilərindən sonra bu dəfə də Livan ermənilərinin Ermənistana miqrasiyasına başlanılıb.

Qarabağdakı separatçı rejimin başçısı Araik Arutunyan Livanda yerləşən Kilikiya Katolikosluğunun rəhbəri, diaspor ermənilərinin dini lideri I Aramla danışıq əsnasında, Dağlıq Qarabağın Livandan 100-150 erməni ailəsini qəbul etməyə hazır olduğunu bildirib. Həmçinin, müzakirə zamanı erməni ailələrinə qondarma rejim tərəfindən dəstək proqramlarının həyata keçirilməsi haqda fikir mübadiləsi aparılıb.

Ermənistan KİV-ləri artıq Livandan ilk iki ailənin Dağlıq Qarabağa yerləşdirildiyini və bu prosesin davamlı olacağını yazıb. Beləliklə, Livanda davam edən qeyri-stabil vəziyyətdən Ermənistan və qondarma Dağlıq Qarabağın acınacaqlı demoqrafik strukturunun yaxşılaşdırılmasında istifadə edilməsi planlaşdırılır.

Dağlıq Qarabağda aparılan köçürmə siyasəti beynəlxalq hüququn norma və standartlarına zidd şəkildə və tarixin saxtalaşdırılması kontekstində aparılır. İşğal olunmuş ərazilərə Livan ermənilərinin süni şəkildə köçürülməsi, erməni əhalisinin heç vaxt yaşamadığı işğal olunan ətraf rayonların etnik quruluşunu dəyişdirmək niyyəti güdür. Ermənistanın əsas məqsədi, Livandan işğal olunan bölgələrə süni köçlər vasitəsi ilə boş əraziləri iqtisadi cəhətdən canlandırmaq və yeni demoqrafik vəziyyətin yaradılması ilə gələcəkdə azərbaycanlıların doğma torpaqlarına geri dönməsinin qarşısını almaqdır.

ASALA erməni terror təşkilatının tarixən Livan ərazisində formalaşdığı nəzərə alınarsa, xüsusi düşərgələrdə təlim keçmiş terrorçuların Azərbaycan ərazilərinə gəlməsi istisna edilmir. Beynəlxalq təşkilatlar, münaqişənin həllində yaxından iştirak edən ATƏT-in Minsk qrupu işğal edilmiş torpaqlarda aparılan süni köç fəaliyyətləri ilə bağlı niyə susurlar?

Politoloq Qabil Hüseynli hesab edir ki, işğal edilmiş Azərbaycan ərazilərində qanunsuz məskunlaşma, xüsusilə həm də qeyri-qanuni iqtisadi fəaliyyət, məsələn, Kəlbəcər rayonunda yeni su anbarının və su elektrik stansiyasının tikintisi ilə bağlı cəhdlər həyəcan doğuran siqnallardır: "Əgər indiyədək işğal edilmiş ərazilərin meşə təsərrüfatını kəsib, doğrayıb aparırdılarsa, faydalı qazıntılarını çıxarıb başqa ölkələrə satırdılarsa və ya özləri istifadə edirdilərsə, indi sözün həqiqi mənasında məskunlaşma prosesi gedir. Azərbaycan tərəfi bununla bağlı dəfələrlə ATƏT-in faktaraşdırıcı missiyasına müraciət edib. Onlar da gəliblər, baxıb görüblər ki, evlər tikilir, məskunlaşdırma prosesi həyata keçirilir və sair. Bütün bunlar onu göstərir ki, ATƏT-in həm Minsk qrupu, həm faktaraşdırıcı missiyası öz vəzifəsinin öhdəsindən ləyiqincə gələ bilmir. Bəzən qanun pozuntuları ilə bağlı Ermənistan tərəfinə güclü təzyiq edə bilmir, yaxud hadisələrin üzərindən sükutla ötüb keçirlər".

Politoloq bildirib ki, faktaraşdırıcı missiya 10 ildən çoxdur ki, işğal olunmuş ərazilərə səfər etmir: "Belə olan təqdirdə onun hansı fəaliyyətindən danışmaq olar. Bəli, faktaraşdırıcı missiya yaradıldıqdan sonra bir neçə dəfə işğal olunmuş bölgələrə baş çəkdi. Orada məskunlaşma, qeyri-qanuni iqtisadi fəaliyyət, hətta fauna və floranın amansızlıqla talan edilməsi ilə bağlı faktları aşkara çıxardı, hesabata saldı. Amma nə bunların müqayisəsi təşkil edildi, nə də bununla bağlı Ermənistanın siyasi rəhbərlyinə müəyyən məcburedici, təlqinedici tövsiyələr söylənildi. Yəni bunlar əslində, cinayət tərkibi yaradan faktlar idi. Bu məsələlər beynəlxalq məhkəmələrə verilməli və orada müzakirə edilməli idi. Ermənistan tərəfinin bu qeyri-qanuni fəaliyyətinə bir sədd çəkilməli idi. Əfsuslar olsun ki, bu sədd çəkilmədi".

PƏRVANƏ

 





02.09.2020    çap et  çap et