525.Az

Distant təhsillə bağlı təlimlər böyük maraqla qarşılanıb


 

Distant təhsillə bağlı təlimlər böyük maraqla qarşılanıb<b style="color:red"></b>

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) distant tədris sahəsində müəllimlərin bilik və bacarıqlarının artırılması məqsədilə onlayn təlimlərə başlanılıb.

UNEC-dən verilən məlumatda bildirilib ki, ilk təlimdə “Zoom” platforması üzərindən qeydiyyatdan keçən 1000-dək müəllim iştirak edib. “Facebook” üzərindən canlı yayımda isə təlimi 2000 nəfər izləyib.

"Distant təhsil: ənənəvi təhsillə oxşar və fərqli xüsusiyyətləri" mövzusuna həsr olunan ilk təlimi ABŞ-ın Şimali Dakota Universitetinin professoru, azərbaycanlı alim Fariz Hüseynov keçib. İştirakçıların maraqla izlədikləri təlimdə Fariz Hüseynov distant tədrisin məqsədi, ənənəvi təhsillə oxşar və fərqli cəhətləri, distant təhsilin formatı, keyfiyyət standartları barədə təqdimatla çıxış edib.

Sonra isə Corc Vaşinqton Universitetinin proqram direktoru Sevinc Məmmədova "Onlayn tədrisin təşkili" barədə təqdimatla çıxış edib. O, distant tədrisdən gözləntilər, onların idarəolunması, müəllim və tələbələrin məsuliyyət bölgüsü, qiymətləndirmə faktorları və digər məqamlardan danışıb.

Təqdimatlardan sonra təlim iştirakçılarının sualları spikerlər tərəfindən cavablandırılıb.

"Distant təhsildə tədrisin təşkili və metodik təminatı" mövzusuna həsr olunan təlimlər sentyabrın 4-dək davam edəcək. Təlimlər ABŞ-ın Şimali Dakota, Kanzas, George Vaşinqton, Klemson, Radford universitetlərində və İsveçrənin Luqano Universitetində fəaliyyət göstərən azərbaycanlı alimlər, eləcə də Türkiyənin distant təhsil sahəsində ən geniş təcrübəyə malik olan Anadolu Universitetinin professorları tərəfindən keçirilir.

Sevinc QARAYEVA

 





02.09.2020    çap et  çap et