525.Az

Ədalətin zəfər çalacağı gün uzaqda deyil...


 

Ədalətin zəfər çalacağı gün uzaqda deyil...<b style="color:red"></b>

Bu ilin iyul ayında erməni quldurları Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətməyə cəhd etdilər.
 
Ordumuzun tarixinə Tovuz hadisələri kimi yazılan döyüşlər iyulun 12-də Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozaraq, Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından istifadə etməklə atəşə tutması ilə başladı.

Tovuz döyüşləri ordumuzun şücaətini, xalqımızın birliyini əks etdirən qəhrəmanlıq salnaməmizdir. Düşmənin başına ağır zərbə kimi vurulan bu döyüşlər göstərdi ki, Azərbaycan Ordusu gözlənilməz hücumun qarşısını almaqda çətinlik çəkmir. Əlbəttə, düşmənin təxribatı nəticəsində baş verən döyüşlərdə itkilərimiz də oldu. Hər zaman olduğu kimi, bu dəfə də igid oğullarımız  canlarını fəda edərək, mənfur düşmənin ayağının müqəddəs torpağımıza dəyməsinin qarşısını mərdliklə aldılar. Azərbaycan ordusu Tovuz döyüşlərində biri general-mayor olmaqla 11 nəfər hərbçisini itirdi. Lakin onların qanları yerdə qalmadı, qisasları alındı. Təcavüzkar Ermənistanın  xaincəsinə hücumunun qarşısı ordumuz tərəfindən nəinki qətiyyətlə alındı, eyni zamanda, düşmənə ağır zərbə endirildi, onun çoxlu sayda hərbi texnikası və canlı qüvvəsi məhv edildi. Bu hadisələr ölkəmizdə xalq və Prezident, xalq və ordu birliyini yenidən təsdiqlədi. Azərbaycan Ordusu bir daha göstərdi ki, Ermənistan ordusu onun qarşısında aciz və gücsüzdür. Hər birimiz üçün sonsuz qürur mənbəyidir ki, hərbçilərimiz düşmənə tutarlı cavab verir, onu ağır itkilərə məruz qoyurlar. 

Tovuz hadisələri Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti uğursuz təxribat cəhdi idi. Lakin ilk dəfə deyil ki, Ermənistan ordusu Azərbaycana qarşı uğursuz diversiya aksiyaları həyata keçirir.

Qeyd etmək lazımdır ki, Ermənistanla dövlət sərhədində hər hansı bir əməliyyatın başlanması və keçirilməsi dövlətimizin maraqlarına uyğun deyil. Azərbaycanın başlıca məqsədi işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etməkdir. Qarabağ cəbhəsində Azərbaycan qarşısında tab gətirə bilməyəcəyini anlayan Ermənistan təxribat törətməklə, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsini buraya cəlb etmək niyyəti güdürdü. Lakin Ermənistan rəhbərliyi bu niyyətinə çata bilmədi, əksinə, tərəqqipərvər insanların qınaq obyektinə çevrildi.

Tovuz döyüşləri göstərdi ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sürükləndiyimiz Qarabağ münaqişəsinin həlli, ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni təxribatlarının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin yürütdüyü siyasəti xalqımız qətiyyətlə müdafiə edir.

Vurğulamaq vacibdir ki, Ermənistanın Tovuz rayonu istiqamətində təxribat törətmək cəhdi Helsinki Yekun Aktının müddəalarına daban-dabana ziddir.

1975-ci il avqustun 1-də qəbul edilmiş Helsinki Yekun Aktı xüsusilə dövlətlərarası münasibətləri tənzimləyən, Avropada sülh və təhlükəsizliyin qorunmasına xidmət edən 10 fundamental prinsipi müəyyənləşdirib. Bu prinsiplər bir-birini tamamlayır və qeyd-şərtsiz tətbiq olunmalıdır.

Helsinki Yekun Aktı güc yolu ilə ərazi əldə edilməsini qadağan edib. Sənədə görə, gücdən istifadə olunmaması prinsipi bilavasitə sərhədlərin zorla dəyişdirilməsinin qəbuledilməzliyi ilə bağlıdır.

Bu Akt 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi (822, 853, 874 və 884) ilə yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün əsas təşkil edir.

1992-ci ilin yanvarından ATƏM-in (bu qurum 1994-cü ildə dövlət və hökumət başçılarının Budapeşt Sammitinin qərarı ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı - ATƏT adlandırılıb) üzvü olan Azərbaycan Helsinki Yekun Aktı əsasında üzərinə götürdüyü öhdəliklərinə tam sadiqdir

ATƏT-in üzvü olan Ermənistan Respublikası isə Helsinki Yekun Aktı ilə üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozaraq gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf regionlarını işğal edib. Bu, azmış kimi, Azərbaycanın Tovuz rayonu istiqamətində sərhədlərimizi pozmağa cəhd göstərib.

Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu Azərbaycana qarşı gücdən istifadə etmək və gücdən istifadə etməklə hədələmək siyasətinin davamıdır. Lakin ordumuzun qələbəsindən ruhlanan xalqımızın vətənpərvər oğulları torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün qorunması uğrunda döyüşlərə tam hazırdırlar və bunun üçün Ali Baş Komandanın əmrini gözləyirlər. İnanırıq ki, Helsinki Yekun Aktında təsbit olunmuş prinsiplərə uyğun olaraq, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tezliklə təmin edəcək.

Torpaqlarımızın azad olunacağı, haqqın, ədalətin zəfər çalacağı o gün uzaqda deyil...

İslam MİRZƏZADƏ
Bakı şəhəri 29 saylı ofisin notariusu

 





03.09.2020    çap et  çap et