525.Az

Bakının memarlıq abidələri haqqında yeni videoçarxlar


 

Bakının memarlıq abidələri haqqında yeni videoçarxlar<b style="color:red"></b>

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı Bakının memarlıq abidələri haqqında silsilə videoçarxların təqdimatını davam etdirir.

Kitabxanadan bildirilib ki, növbəti dəfə oxuculara və izləyicilərə Səadət sarayından bəhs edilib.

Səadət sarayı Bakıda tarixi yaxşı araşdırılmış azsaylı binalardan biridir. Sarayın tarixi haqqında təkcə Rusiya mətbuatında müxtəlif dövrlərdə 50-dək material çap edilib. Geniş yayılmış məlumata görə, məşhur milyonçu Murtuza Muxtarov həyat yoldaşı Liza xanımı tez-tez özü ilə Avropaya səyahətə apararmış. Bir dəfə onlar Venesiyada gəzərkən olduqca yaraşıqlı və əzəmətli bir bina görürlər. "Belə binada yaşayanlar necə də xoşbəxtdirlər!", - deyə Liza heyranlığını həyat yoldaşı ilə bölüşür. Bu mənzərəni sakitcə seyr edən Murtuza bəy heç nə demir. Bakıya qayıtdıqdan sonra Venesiyaya adam göndərib həmin binanın dəqiq surətini əks etdirən çertyojları gətirdir. 1912-ci ildə binanın tikintisi başa çatır. Bir gün Murtuza Muxtarov gəzinti adı ilə Liza xanımı faytona mindirib binanın qarşısına gətirir. Heyrətindən nə deyəcəyini bilməyən qadın, binanın qapısında qulluqçularının onları qarşıladığını görüb, sarayın ona bağışlandığını eşidəndə sevincinin həddi-hüdudu olmur. Bakı milyonçusu xanımı ilə bu sarayda 1920-ci ilə qədər yaşayır. Azərbaycanda sovet rejimi qurulduqdan sonra saray bolşeviklərin ixtiyarına keçir. Evinə 3 nəfər rus zabitinin soxulduğunu görən M.Muxtarov bu rüsvayçılığa dözməyərək onlarla vuruşur və həlak olur.

Layihə çərçivəsində daha bir videoçarx Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı haqqında təqdim edilib.

Baş İdarədən bildirilib ki, videoçarxda teatrın yaradılmasından, yerləşdiyi binanın memarlıq üslubundan geniş söz açılıb.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı - Birləşmiş Dövlət Teatrı kimi 1920-ci ildə yaradılıb. 1924-cü ildən opera truppası bu teatrdan ayrılaraq müstəqil Opera və Balet Teatrı (Azərbaycan və rus bölmələri ilə) kimi fəaliyyət göstərib. Azərbaycanın ən böyük musiqili teatrı olan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 1920-ci ildən bu günədək təməli 1910-cu ildə qoyulmuş hazırkı yaraşıqlı binada fəaliyyət göstərir.

 





03.09.2020    çap et  çap et