525.Az

Qlobal təhlükələrin səbəbi: elmi kəşflər, yaxud ikili standart siyasəti?


 

Qlobal təhlükələrin səbəbi: elmi kəşflər, yaxud ikili standart siyasəti?<b style="color:red"></b>

Son dövrlər elmi-texnoloji yeniliklərin bəşəriyyət üçün ciddi təhlükələr yaratdığı haqqında müxtəlif səviyyələrdə tez-tez danışılır. Müxtəlif peşə sahibləri məsələnin mühüm aspektlərini təhlil edirlər. Dünyanın tanınmış nəşrlərində bununla bağlı analitik yazılar dərc olunur. Bütün bunların fonunda dünyanı gözləyən qlobal təhdidlər üzərində düşünmək ehtiyacının yarandığı qənaəti alınır. Lakin problemin bir sıra hallarda təqdim edildiyi kimi, bəsit olmadığı təəssüratı yaranır. Nədənsə, əsl səbəblər gizlədilir.

Siyasətçilərin və alimlərin ortaq narahatlıqları

Bəşəriyyət tarixinin məsuliyyətli bir mərhələsini yaşayır. Elm və texnikanın inkişafı əvvəllər müşahidə edilməyən sürətlə gedir. Onun cəmiyyətə nəinki təsir dairəsi dəyişib, həm də keyfiyyətcə yeni səviyyəyə qalxıb. Bunun konkret ifadəsi elmi-texnoloji yeniliklərin sosial, siyasi, iqtisadi, geosiyasi və mədəni reallıqları müəyyənləşdirməsində tapır.

Məsələnin bu aspekti hazırda dünyanın geosiyasi təhlükəsizliyinin təmin edilməsi baxımından belə, böyük aktuallıq kəsb etməkdədir. Elm və siyasət adamları həmin kontekstdə çoxdandır ki, həyəcan təbili çalırlar. Problem ondan ibarətdir ki, elmi kəşflər və texnoloji yeniliklər insan övladının həyat səviyyəsini yüksəltdiyi kimi, onu bir sıra təhlükələrlə də üz-üzə qoyur.

Meydana elə faktorlar çıxır ki, bütövlükdə bəşəriyyətin məhv edilməsi imkanları insanları qorxudur. Digər tərəfdən, son illər bəzi radikal dünyagörüşlü və terrorçu düşüncəsi ilə hərəkət edən qruplaşmaların ən yeni elmi nailiyyətlərə əllərinin uzanması müşahidə edilir. Məhz bu aspektdə dünyanın geosiyasi gələcəyi ümumilikdə bəşəriyyətin təhlükəsizliyi ilə sıx əlaqədə özünü göstərir.

Təsadüfi deyil ki, İnterpolun baş katibi Ronald Noubl bu yaxınlarda "Foreign Affairs" jurnalında düşündürücü məqalə ilə çıxış edib (bax: Ronald K. Noble. Keeping Science in the Right Hands. Policing the New Biological Frontier / "Foreign Affairs", № 6, 2013). O, elmi əmin əllərdə saxlamağın yollarını axtarmağı təklif edir.

Müəllifin analitik yazıda gətirdiyi arqumentlər doğrudan da çox düşündürücüdür. O cümlədən, sintetik biologiya və yeni texnologiyaların qlobal təhlükə yaratmaqda olduğunu ayrıca vurğulayır. Bunun yaxın gələcəkdə reallığa çevriləcəyi proqnozunu verir. Həmin səbəbdən R.Noubl beynəlxalq birliyin əks-tədbirlər görməli olduğu nəticəsini çıxarır. Söhbət konkret olaraq hansı faktorlardan gedir?

Məsələnin mahiyyəti sintetik biologiya və elmin digər müasir sahələrində əldə edilən son nəticələrin insan həyatını kəskin surətdə dəyişə biləcək məqamlardan ibarətdir. Həmin sırada hələ 1953-cü ildə Ceyms Uotson və Frensis Krikin insan hüceyrəsinin quruluşu ilə bağlı olan kəşfini müəllif xüsusi vurğulayır.

Bu kəşfi "həyatın quruluş materialı"nın tapılması kimi qiymətləndirir. 1970-ci illərdə isə gen mühəndisliyinin meydana gəlməsi ilə vəziyyət daha da mürəkkəbləşib. Həmin dövrdə Nobel mükafatı laureatı Pol Berq bu kəşflərin beynəlxalq təhlükəsizlik və etik aspektlərdə yarada biləcəyi təhlükələrdən danışıb (bax: əvvəlki mənbəyə). Elə həmin vaxtdan da bu kimi elmi hadisələrin meydana çıxara biləcəyi təhlükələrə qarşı beynəlxalq fəaliyyət mexanizmlərinin işlənməsi məsələsi aktuallaşdırılıb.

Sonrakı mərhələdə insanın süni surətdə hüceyrəsinin hazırlanması, onun "həyat xəritəsi"nin tərtibi, bütün orqanlara ciddi təsir imkanları verən yeniliklərin meydana gəlməsi özünü göstərdi. Nəticədə, bütövlükdə bəşəriyyətin bioloji varlığını təhlükəyə ata biləcək vəziyyət yarandı. Bunlara görə də, İnterpol 2005-ci ildə "bioterrorizm" terminindən istifadə etməyə başladı. Onu qlobal təhlükə olaraq qəbul etdi və nəhayət, 2010-cu ildə kimyəvi, radioloji, nüvə və dağıdıcı terrorçuluqla yanaşı, bioterrorla mübarizə proqramı tərtib edildi (CBRNE proqramı nəzərdə tutulur – Newtimes.az).

Elmi kəşflərin "günahı" və ikili standart unutqanlığı

Maraqlıdır ki, elm adamları da hüquq-mühafizə orqanları və siyasətçilər kimi elmi-texnoloji inkişafın beynəlxalq terrorizmi alovlandıra biləcəyi ilə bağlı narahatlıqlarını bildirməyə başlayıblar (bax: məs., Laurie Garrett. Biology's Brave New World. The Promise and Perils of the Synbio Revolution / "Foreign Affairs", № 6, 2013).

Onlar da problemin digər tərəfləri ilə yanaşı, yeni elmi biliklərin terror qruplarının əlinə keçməsi ehtimalının yüksək olduğunu vurğulayırlar. Tibb üzrə mütəxəssis olan L.Qarretin məqaləsinə "biologiyanın yeni heyrət doğuran dünyası" kimi obrazlı başlıq seçməsi təsadüfi deyil. O, altbaşlıqda bunun mənasını belə açır – biologiyada müşahidə edilən inqilabi kəşflər insanlığı qlobal təhlükələrə atır!

Müəllif göstərir ki, 2010-cu ildə biotexnologiyalar sahəsində ən nüfuzlu mütəxəssis sayılan Con Kreyq Venter konkret məqsədlər üçün istifadə edilə bilən hüceyrə strukturu yarada bildi. Bununla da həyat haqqında təsəvvürlər kökündən dəyişdi. Artıq müxtəlif məqsədlərə xidmət edən xüsusi orqanizmlər yaratmaq imkanları genişlənib. O cümlədən, kütləvi xəstəliklər törədə bilən və milyonlarla insanın həyatına son qoymaq imkanına sahib virusların kəşfi mümkündür. C.Venter özü vurğulayır ki, müəyyən kateqoriya adamların bu yeniliklərdən istifadə edərək dünyanı məhv olma qarşısında qoymaq şansları vardır (bax: əvvəlki mənbəyə).

Təbii ki, siyasətçilərin, hüquq-mühafizə orqanları əməkdaşlarının və elm adamlarının bütün bunlardan narahatlıq duyması müsbət haldır. Lakin reallıqda baş verən hadisələr məsələnin başqa tərəfinə də diqqət yetirməyi tələb edir. Çünki əksər hallarda bu kimi təhlükəli məqamların yaranmasında bəzi dövlətlərin həyata keçirdikləri siyasət ciddi rol oynayır. Bir neçə misal göstərə bilərik.

Keçən əsrin 90-cı illərindən başlayaraq, Ermənistan nüvə silahının yaradılmasında istifadə edilən komponentlərin qanunsuz başqa ölkələrə ötürülməsi, radioaktiv tullantıların işğal edilmiş Azərbaycan ərazilərində basdırılması, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi istiqamətlərində fəaliyyət göstərir. Bununla əlaqədar bir neçə fakt haqqında kütləvi informasiya vasitələri məlumatlar yayıb. Hətta Vaşinqton bəzi erməni şirkətlərinə qarşı sanksiya da tətbiq etmişdi. Lakin indiyə qədər heç kəs bu məsələdə İrəvanın üzərinə ciddi surətdə getməyib. Bu səbəbdən Cənubi Qafqazda L.Qarret və R.Noublun vurğuladıqları təhlükələr qalmaqdadır.

Digər tərəfdən, yuxarıda misal çəkdiyimiz müəlliflərin qeyd etdikləri elmi kəşflərin hamısı Qərbdə baş verib. Bəs nəyə görə, onlardan terrorçuların istifadə etməsi mümkün olur? Burada bütün günahları yalnız texniki vasitələrin üstünə atmaq doğru olmazdı. Çünki dünyanın qabaqcıl dövlətlərinin ikili standart siyasəti bəzi dairələrin əl-qolunu açır. Onlar öz maraqlarına uyğun olmayan faktlarla qarşılaşdıqda meydana ən təhlükəli mexanizmləri belə atırlar.

Belə çıxır ki, beynəlxalq terrorun (bu, nüvə, kimyəvi, bioloji, radioloji və s. formada ola bilər) alovlanmasında böyük dövlətlərin özləri xeyli dərəcədə rol oynayırlar. Ona görə də belə təhlükələrdən danışanda beynəlxalq aləmdə ədalətli tənzimləmə mexanizmlərinin hazırlanması məsələsi ən aktual problem kimi nəzərə alınmalıdır. Təəssüf ki, qlobal təhlükələrdən söhbət açanlar məhz bu mühüm cəhəti "unudurlar"!

Əslində, burada müəmmalı bir şey yoxdur. Hesab etmirik ki, böyük dövlətlər bundan sonra elmi kəşflərin terrorçuların əlinə keçməməsi üçün təsirli tədbirlər görəcəklər. Çünki "əl-Qaidə", PKK, ASALA və başqa terrorçu təşkilatları yaradanlar yaxşı bilirlər ki, onlar narkotik vasitələrin qanunsuz dövriyyəsi, nüvə qaçaqmalçılığı, kimyəvi və bioloji maddələrin alveri ilə sıx bağlıdırlar. Bu səbəbdən İnterpol kimi təşkilatlar da terrorçular üçün bu cür imkanlar yaradanlarla mübarizə aparmalıdırlar. Təəssüf ki, məhz bu baş vermir.

Bütün bunları nəzərə alsaq, həqiqətən də, bəşəriyyət üçün ciddi qlobal təhlükələr mövcuddur. Lakin bunun kökü özlüyündə elmi-texnoloji yeniliklərdə deyil. Hər şeydən əvvəl insanın siyasi şüuru, böyük dövlətlərin geosiyasi maraqları və həyata keçirilən xarici siyasətin məzmunu təhlükəlidir. Ölkələr arasına dini mənsubiyyətə, ideoloji fərqliliyə, mədəni dəyərlərə, sivilizasiya özəlliyinə görə süni fərq qoymaq dünya üçün təhdiddir. Bütün qorxulu məqamlar məhz buradan qaynaqlanır. Bəs problemin bu tərəfinə niyə diqqət yetirilmir? Hətta qabaqcıl elm adamları belə həmin məqam haqqında çox az danışırlar. Bəlkə sintetik biologiyadan öncə bu kimi faktorlardan danışmaq daha doğru olardı?

Newtimes.az

 





16.01.2014    çap et  çap et