525.Az

Yoxsulluq qüruru - Aytac Sahəd yazır


 

Yoxsulluq qüruru - <b style="color:red">Aytac Sahəd yazır </b>

"Yoxsulluq qüruru - bu qürurun nəticəsidir ki, bizim məişətdə  bir çox yoxsullar hər kəs üçün məcburi olan bəzi ictimai ayinlərdə başqalarından geri qalmamaq üçün, həm də məzəmmət edilməsinlər deyə, var-yoxdan çıxır, bütün yığdığı pulları son qəpiyinə qədər xərcləyirlər" (Dostoyevski, "Cinayət və cəza").

Yoxsulluq qürurunu Dostoyevski “Cinayət və cəza” romanında bu şəkildə təsvir edir. Hətta bu qürurun obrazını - Katerina İvanovna kimi bir obrazı yaradır. Katerina nəcib və zəngin ailənin qızıdır. Ancaq tale elə gətirib ki, o, zənginlikdən və nəciblikdən uzaq düşüb. Bu uzaqlıq əri - kasıb və əyyaş Marmelodovun yanıdır. Katerina bədbəxt qadındır. Üç uşaq, yoxsulluq, vərəm xəstəliyi və Marmelodov kimi bir ər. Hə, bir də ən böyük bədbəxtliyi olan qürur - həm də yoxsulluq qüruru. Bu qürur ona yaşamağa imkan vermir. Onun ancaq bir təsəllisi var - keçmişi. Nə vaxt kiminlə sözü çəp gəlsə, bu keçmişdən söz salır. Sübutu da bir xatirələridir, bir də gözü kimi qoruduğu tərifnaməsi. O tərifnamə ki, gəncliyində ona mükafat olaraq veriblər. Bəlkə də, onun həyatında ilişib qalan yeganə mükafatdır bu mükafat.

Katerina keçmişini xatırladıqca indisinə nifrət edir. Bir tərəfdən də yoxsulluq qüruru onu məcbur edir ki, bu nifrətdən güc tapsın. Məhz bu qürurun zövqünü bir dəfə yaşamaq üçün əri öləndə ən axırıncı qəpiyinə qədər bütün olanını ərinin yas mərasiminə xərcləyir.

Dostoyevski bu obrazı elə yaradıb ki, nə vaxt bu tip adam görsəm, yuxarıda yazdığım cümlələri o adamın rənginə boyayıram. Bilirəm ki, o adamlar Katerina qədər əziyyət çəkirlər. İstər mənəvi, istər maddi cəhətdən özünü olduğundan daha artıq göstərməyə çalışan hər kəs özü ilə müharibə şəraitindədir. İnsan özü ilə barışana qədər də bu müharibə davam edir. Bəs bunun səbəbləri nədir? Cavablar müxtəlif ola bilər. Ancaq mən məsələnin kökünə baxdıqda iki şey görürəm - natamamlıq kompleksi və barışmazliq.

Natamamlıq kompleksinin yaratmış olduğu, bir növ təsəlli rolunu oynayan üstünlük kompleksi, daima özünü təsdiqləməyə can atmaq belə adamların əsas xüsusiyyətlərindəndir. Fərdin natamamlıq kompleksindən asılı olaraq, özünü digər insanlardan daha üstün tutmaq və ya üstün olmaq istəyi onu bu kimi şeylərə məcbur edir. İnsan daima özünü təsdiq mövqeyini tutur. Belə insanlar başqa insanlara özünü göstərmək üçün hər fürsətdən maksimum yaranmağa çalışırlar. Yoxsulluğu isə bu yolda bir maneə hesab edirlər. Məsələn, belə adam düşünür ki, banka kreditə girib toy etməklə insanların gözündə varlı adam obrazını yarada biləcək. Təbii ki, bunun başqa səbəbləri də ola bilər. Kimin həyatını necə yaşaması, verdiyi qərarlar onun özünə aiddir. Biz sadəcə, səbəblərə ad qoya bilərik.

Barışmazlıq yolunu tutan insanlar isə Katerina İvanovnalardir. Belə insanlar həyatın onlara verdikləri ilə razılaşmır və bundan qaçmağa çalışırlar. Çox vaxt buna səbəb ya gözəl  keçmişin xatirələri, ya da dəhşətli gələcəyin qorxusu olur. Həmin adamlar keçmişdə sahib olduqları ilə öyünür, bununla təsəlli tapırlar. Katerina İvanovnanın tərifnaməsi ilə öyündüyü kimi.

Yoxsulluq qüruru təkcə maddi şeylərdə yox, həm də mənəvi məsələlərdə özünü göstərir. İnsanın olduğundan daha güclü, daha ağıllı, bəzən də daha intellektual görünmək istəyi bunun bariz sübutudur.

İstənilən halda insanın özünü olduğundan daha artıq göstərmək cəhdi başqalarını aldatmaq istəyərkən özünü aldatmasıdir. Müəyyən məqamlarda bu, insanın qürurunu oxşasa da, mənəvi cəhətdən yorur və insanin  bir nöqtədən sonra bu rolu oynamaga gücü çatmır. Katerina İvanovna kimi...

 





05.09.2020    çap et  çap et