525.Az

Mebel dünyasına koronavirus zərbəsi - Araşdırma


 

COVİD-19 PANDEMİYASININ MEBEL İSTEHSALI VƏ SATIŞINA DA CİDDİ MƏNFİ TƏSİRLƏRİ MÜŞAHİDƏ OLUNUR

Mebel dünyasına koronavirus zərbəsi - <b style="color:red">Araşdırma </b>

Bütün dünyanı bürümüş bəşəri fəlakət COVİD-19 pandemiyası həm siyasi, həm iqtisadi, həm də sosial baxımdan əksər ölkələrə çox böyük zərbələr vurdu.

Xüsusilə, dövlətin əsas dayağı olan iqtisadiyyat sahəsində olan geriləmələr öz növbəsində bir çox sektorun inkişafına, fəaliyyət tempinə mənfi təsir elədi. Büdcədə yaranan kəsirlər adam başına düşən gəlirin azalmasına səbəb oldu. Bu da ümumi daxili məhsul və ümumi milli məhsulun istehsal faizinin aşağı düşməsinə təsir edir. Yaranmış böhranla bağlı bəzi iş yerlərinin bağlanması və ya kadr ixtisarı əhalinin işsizlik faizini artırdı. Sosial rifahın aşağı düşməsi cəmiyyət üçün fəlakətdir. Hətta bu hal bəzən koronavirusa yoluxma təhlükəsindən də qorxuludur. İnsanlar belə vəziyyətə hazır deyildi.

Ölkəmizdə toy biznesinin dayanması bir neçə sahəyə ciddi ziyan vurdu. Musiqiçilərdən tutmuş fotoqraflara, aşpazlardan ofisiantlara, rəqqaslara qədər çox böyük kütlənin gəlir yeri dayandı. Hələ sahibkarın düşdüyü çətin vəziyyəti demirəm. Bu vəziyyətin fəsadları mebellərin alışı-satışı ilə məşğul olan sahibkarlardan da yan keçmədi. Mövcud vəziyyəti araşdırmaq və nəticə çıxarmaq üçün bir neçə mebel salonunun rəhbər və menecerləri ilə həmsöhbət oldum. Həqiqətən də, vəziyyətin acınacaqlı olduğunun şahidi oldum.



"Embawood" mebel salonu
: "Təbii ki, keçən ilə nisbətdə mebellərin satış faizində azalma müşahidə olundu. Azalmanın səbəbi isə mebellərə tələbatın az olmasıdır. Bu isə birbaşa olaraq karantin rejimi ilə bağlıdır. Sərt karantin rejimində həm insanların çölə çıxması ilə bağlı məhdudiyyətlər, həm də mağazaların fəaliyyətinin dayandırılması satış prosesinin qarşısını almışdı. Toyların olmaması da mebel salonunun fəaliyyətinə mənfi təsir göstərən başlıca amildir. Dövlət tərəfindən sahibkarlar üçün nəzərdə tutulmuş dəstəkdən biz də "Embawood" şirkəti olaraq yararlanmışıq. Sərt karantin rejimində online satış vasitəsi ilə müştərilərə xidmət göstərirdik. Yaranmış vəziyyətlə bağlı müxtəlif kampaniyalar başlandı və nağd alışlara 20 faiz endirim elədik. Karantin rejimi yumşaldıldıqdan sonra da vəziyyəti nəzərə alaraq endirimlərimiz davam edir".



"İmparator" mebel salonu
: "Vəziyyət çox gərgindir. Sərt karantin rejimi bitdikdən sonra mağazalar fəaliyyətə başladı, amma hardasa 15 gündür heç bir müştəri yaxınlaşmayıb. Kommunal xərclərin ödənilməsində belə çox əziyyət çəkirik. Bununla belə, bizə heç bir qurum tərəfindən maddi yardım göstərilməyib. Vəziyyətin belə gərgin olmasının səbəbi də odur ki, camaatda pul yoxdur. Pandemiya ilə bağlı yaranmış çətinliklər imkan vermir ki, lazım olan şeylərə pul xərclənsin. Toyların olmaması isə prosesi daha da acınacaqlı vəziyyətə salır. Toyların dayandırılması səbəbi ilə mebel alanların sayı qat-qat azdır. Şirkətin borcları var. Bu vəziyyətdə o borcları da ödəmək qeyri-mümkündür."



"Ada mobilya"
: "Əvvəlkinə nisbətən satış zəifdir. Amma bu o demək deyil ki, heç alıcı yoxdur. Pandemiya dövründə qiymətlərin aşağı düşməsi bəzi müştərilər üçün əlverişli vəziyyət yaratdı. Təbii ki, əhalinin maddi vəziyyətində geriləmə var deyə biz də endirimlər eləməyi vacib bildik. Toyların dayandırılması isə mebel biznesinə zərbə vurdu. İnanırıq ki, vəziyyət düzəldikdən sonra əvvəlki vəziyyətə qayıda biləcəyik".



"Casa Bella" və "Xəzər" mebel salonu
(hər iki mebel salonu bir rəhbər tərəfindən idarə olunur): "Mebellərin satışı 5 dəfə azalıb. Əvvəllər qiymətləri biz müəyyən edirdiksə, indi müştərinin cibinə uyğun, su qiymətinə satışları həyata keçiririk. Təki kommunal borcları ödənsin. Bizə heç bir yardım göstərilmədi. Vəziyyət o qədər acınacaqlıdır ki, salonda bəzi xarab olan texnikaları düzəltdirmək belə mümkün olmur. Karantin barədə əvvəlcədən məlumatımız yox idi deyə xaricdən mallar gətizdirmişdik. Karantin dövründə satışlar zəiflədiyinə görə həmin mebellərin pulunu çıxartmaq mümkün olmadı. Bu isə şirkətin külli miqdarda borclarının yaranmasına gətirib çıxartdı. Camaatı da qınamaq olmur. Həm maddi vəziyyət pisdi, həm də toylar dayandırılıb. Vəziyyət bir az da belə davam eləsə, bu proses mebel salonlarının çökməsi ilə nəticələnəcək".



Qarşılaşdığım bu mənzərə heç də ürəkaçan deyil. Təkcə mebel biznesində yox, bir çox sahədə bu tipli hal mövcuddur. Pandemiya dünya nizamını yerindən silkələyir. Ümid edirik ki, bəşəriyyət bu bəladan xilas olacaq və hər bir sahə yenidən dirçələcək. Əks halda yaranacaq vəziyyəti düşünmək belə tükürpədicidir.

Nadir RZALI

 





06.09.2020    çap et  çap et