525.Az

Məktəblilərin virtual astronavt yay məktəbinə yekun vuruldu


 

Məktəblilərin virtual astronavt yay məktəbinə yekun vuruldu<b style="color:red"></b> 01-05 sentyabr tarixlərində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, “EkoSfera” Sosial-Ekoloji Mərkəzi və “Tusi-Bohm Planetarium”-un təşkilatçılığı, “Azərkosmos” ASC, Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Milli Aviasiya Akademiyası, Beynəlxalq Astronomiya İttifaqının Azərbaycan Nümayəndəliyi və Bakı Dövlət Universitetinin tərəfdaşlığı ilə "Məktəblilərin virtual astronavt yay məktəbi” adlı layihəsi həyata keçirilib.

COVİD-19 pandemiyası ilə əlaqədar virtual təşkil olunan yay məktəbinin əsas məqsədi astronomiya, astrofizika, ekologiya, biologiya, fizika, yaradıcı dizayn və mühəndislik istiqamətlərində  gənclərin bilik və maraqlarının artırılması, yay məktəbinin yekununda keçiriləcək yoxlama imtahanında yüksək nəticə göstərən, astronomiya və astrofizika üzrə istedadlı və yaradıcı təfəkkürü ilə fərqlənən 50 məktəblidən ibarət Azərbaycanın Gələcək Astronavtlarının İlk Kosmik Komandasının yaradılmasıdır. 2020-2021-ci tədris ili boyunca komandanın elmi potensial imkanlarının inkişafını təmin etmək və  tədqiqat bacarıqlarını artırmaq məqsədilə hazırlanması və beynəlxalq astronomiya və ekoloji layihə və olimpiadalarda iştirakı nəzərdə tutulur.

Yay məktəbinin proqramına “Kosmik biologiya”, “Ulduzların həyatı”, “Peyklər və Azərbaycanın peykləri”, “Yeri kosmosdan öyrənək”, “Astronomiya”, “Həyatımızdakı “Fizika”” kimi mövzular daxil edilib və “Azərkosmos” ASC-yə, Şamaxı Astrofizika Rəsədxanasına və Milli Aviasiya Akademiyasına virtual turlar keçirilib.

5 gün ərzində “Zoom” tətbiqi vasitəsilə keçirilən məktəblilərin virtual astronavt yay məktəbində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru, Bakı Dövlət Universitetinin Bioekologiya kafedrasının dosenti, biologiya elmlər namizədi Firuzə Sultan-zadə, “Tusi-Bohm Planetarium”-un direktoru Famil Mustafa,  Şamaxı Astrofizika Rəsədxanasının direktoru Namiq Cəlilov, Bakı Dövlət Universitetinin astrofizika kafedrasının müdiri Kəmalə Alışeva, Şamaxı Astrofizika Rəsədxanası və RUGİM Astronomiya dərnək rəhbəri Aynurə Məsimova,  “Azərkosmos” ASC aparıcı peyk mütəxəssisi Rustəm Zaliyev, Milli Aviasiya Akademiyasının Ətraf mühitin aerokosmik monitorinqi kafedrasının üzvü Sona Quliyeva, “Azərkosmos” ASC-nin Yerüstü sistemlərə xidmət qrupunun aparıcı mühəndisi Coşqun Qarayev, Respublika Fizika Olimpiadası qalibi, Beynəlxalq Fizika Olimpiada iştirakçısı Abdullah Bazarov, Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi Ədalət Ətai və Şamaxı Astrofizika Rəsədxanasının gənc mütəxəssisi Arzu Orucova məruzələrlə çıxışı edəcəklər.

Qeyd edək ki, virtual astronavt yay məktəbi onlayn olaraq keçirilib və sosial şəbəkələrdə canlı yayımlanaraq, maraqlanan gənclərin proqrama qoşulması və  yararlanması üçün imkan yaradılıb. Proqrama Bakı ilə yanaşı, respublikanın regionlarından da aktiv məktəblilər qoşulublar.






















 





07.09.2020    çap et  çap et