525.Az

Fikirlərimizin qiyafəti - Aytac Aslanın yazısı


 

Fikirlərimizin qiyafəti - <b style="color:red">Aytac Aslanın yazısı </b>

Nə vaxt Azərbaycan dilinin zəngin olduğunu dilə gətirsəm, mütləq bir nəfər qayıdıb deyir ki, "Nəyi zəngindir axı, bir çox sözün tərcüməsi yoxdur". Lakin mən hər zaman təkcə sözlərin miqdarını yox, həm də ifadə etdiyi mənanı nəzərdə tuturam.

Bəli, Azərbaycan dili çox dolğun və zəngin dildir. Lap elə haqqında danışdığımız üç hərfdən ibarət "söz" - hər hansı anlayışın səslə ifadəsindən ibarət dil vahididir. İzahı  belə bu qədər sadə olan dil vahidi çox böyük gücə malikdir. Yaradıcı insanların "söz"lə bağlı minlərlə aforizimlərinin olması da onun nə qədər dəyərli olduğunun sübutudur. Fikrimcə, söz insanın ən yaxşı silahıdır. Sözü yerində istifadə edə bilməyən insan əli silah tutmayan əsgərə bənzəyir. Söz insanı vəzir də edər, xəcil də. Dilin bu kiçik vahidi olmasa, nə sevgi olardı, nə də nifrət. Bir sözlə, insan şüursuz varlıdan fərqlənməzdi. Söz insanın zəkasını göstərməyə qadir, bir kəlməsi ilə gözəlliyini yox edəcək gücə malikdir.

El arasında deyirlər ki, söz fikrimizin qiyafətidir. Həqiqətən də, düşüncələrini bütün çılpaqlığı ilə qarşı tərəfə çatdıran insan çox az, bəlkə də yox dərəcədədir. Qiyafət də insana görə dəyişir. Misal üçün, yaradıcı insanlar sadə adamlardan fərqli olaraq fikirlərini bəzəkli qiyafətə bürüyürlər. Əfsuslar ki, çox vaxt özümüz də bilmədən sözlərə qiyafətini tərs geyindiririk. Nəticədə, söz dəyərini itirir və bəsitləşir.

Nitqimdə çox istifadə etməsəm də, Azərbaycan dilində ən sevdiyim sözlərdən biri "əzizim" sözüdür. Necə də gözəl, zərif sözdür. Qulağa o qədər xoş gəlir ki, bu söz. Sözün tək səslənişi yox, həm də mənası məni özünə heyran qoyur.  Bu sözdə həm sevgi, həm hörmət, ehtiram, həm də nəvaziş var. Bir insana "əzizim" dediyimiz zaman "ən çox istədiyim", "mənə əziz olan" mənasını verir. Təəssüf ki, bu gün bir çox insan bu sözü hər kəsə qarşı müraciət forması kimi istifadə edir. Hər hansı paltar mağazasında satıcının müştəriyə "əzizim" deyə müraciət etməsi adi hal alıb. Təbii ki, insan ilk dəfə gördüyü şəxsə qarşı "əzizim" deyə müraciət etdikdə, sözün əsl mənasını düşünmür. Bəzən bunu səmimiyyət yaratmaq, ya da mədəni görünmək üçün edirlər. Ancaq canlı nümunədir ki, belə olduğu halda sözün bütün dəyəri yox olur. Altı hərfdən ibarət, amma özündə nə boyda məna daşıyan bu söz bütün mənasını itirərək bəsit bir müraciət formasına çevrilir.

Qiyafətini tərs geyindirdiyimiz müraciət formalarından biri də "müəllim" sözüdür. Söhbətlərin birində Türkiyədən olan dostum mənə dedi ki, sizdə sanki müəllimlərə, ümumiyyətlə, bu ada çox az dəyər verilir. Çox təəccübləndim və niyəsini soruşdum. Cavabında mənə dedi ki, burda sadə, faydalı heç bir iş görməyən insana da "müəllim" deyə müraciət edirlər. O an deməyə söz tapa bilməmişdim, çünki haqlı irad idi. Düzdür, dilimizdə "müəllim" sözünün məktəbdə hər hansı fənni tədris edən şəxs mənasından başqa, mürəciət forması kimi istifadə edilməsinə də rast gəlirik, başqalarına yol göstərən, nüfuzlu və ziyalı insana "məllim" deyə mürəciət edə bilərik. Lakin dövrümüzdə insanlara yanlış nümunə olan adamlara da sadəcə, maddi baxımdan zəngin olduğu üçün "müəllim" deyildiyini də görürük.

Frensiz Bekonun da dediyi kimi, sözlərdə ehtiyatlı olmaq bəlağətli nitqdən daha üstündür. Fikirlərimizə nə qədər düzgün qiyafətlər geyindirsək, sözlərin də gözəlliyi və dəyəri o qədər uzun müddət qalmış olar.

 





08.09.2020    çap et  çap et