525.Az

BMTM ekspertinin xarici mediada məqaləsi dərc olunub


 

BMTM ekspertinin xarici mediada məqaləsi dərc olunub<b style="color:red"></b>

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Vasif Hüseynovun Argentina mediasında "Sovet İttifaqından sonrakı Azərbaycan" adlı məqaləsi dərc olunub.

Mərkəzdən verilən məlumata görə, məqalədə Azərbaycanın Sovet İttifaqından müstəqillik qazanmasından sonra keçdiyi inkişaf yolu və iqtisadi-siyasi nailiyyətlərin qısa xülasəsi təqdim edilib. V.Hüseynov məqalədə bildirib ki, Azərbaycan müstəqilliyin ilk illərində daxili siyasi və iqtisadi təlatümlər, Ermənistanın işğalına qarşı müharibə və Dağlıq Qarabağ bölgəsinin və ətraf rayonlardan bir milyona qədər insanın didərgin düşməsinin yaratdığı çətinliklərlə üzləşib. Müəllif qeyd edir ki, ölkənin sənaye istehsalı Sovet İttifaqının dağılmasından sonrakı illərdə kəskin şəkildə azalıb və bu göstərici yalnız 1993-cü ildə 50 faiz təşkil edib. 1992-1994-cü illərdə xarici ticarət dövriyyəsinin həcmi isə 42 faiz azalıb və 1994-cü ilə qədər ölkəyə xarici investisiya qoyulmayıb.

Müəllif bildirib ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsindən sonra ölkə sürətli inkişaf yoluna qədəm qoyub və qısa zamanda onun iqtisadi və siyasi mənzərəsi dəyişib. "Neft və qaz gəlirlərinin daxil olması ilə sürətlənən iqtisadi dəyişiklik iqtisadiyyatın digər sahələrinin inkişafına da təsir göstərib. Ölkə iqtisadiyyatına 1995-2017 illəri arasında ümumilikdə 125,5 milyard dollar xarici sərmayə qoyulub, bunun 96,1 faizi (və ya 120,6 milyard dollar) 2000-2017 arasında baş verib. Ölkənin ÜDM-i 1992-ci ildəki 1,5 milyard dollar səviyyəsindən, 2010-cu ildə 52 milyard dollara yüksəlib.  Bənzər bir artım xarici ticarətdə də qeydə alınıb, 1995-ci ildəki 2,5 milyard dollar xarici ticarət dövriyyəsi 2010-cu ildə 30,9 milyard dollara qədər qalxıb", - deyə BMTM eksperti məqaləsində qeyd edib. 

Müəllif vurğulayır ki, ölkənin iqtisadi böyüməsi onun Latın Amerikası ölkələri də daxil olmaqla xarici ölkələrlə iqtisadi əlaqələrinin xəritəsində də əks olunub. Onun sözlərinə görə, Azərbaycanla Amerika tərəfdaşları arasında ümumi ticarət dövriyyəsi 1992-ci ildə 40 milyon dollardan az olduğu halda, 2018-ci ildə bir milyard dolları keçib: "Bu arada, Azərbaycan və Latın Amerikası ölkələri arasında ikitərəfli və Birləşmiş Millətlər Təşkilatı və Qoşulmama Hərəkatı başda olmaqla bir çox beynəlxalq təşkilat çərçivəsində çoxtərəfli əlaqələr qurulub".

S.QARAYEVA

 





08.09.2020    çap et  çap et