525.Az

Qoşulmama Hərəkatı 59 yaşında


 

AZƏRBAYCAN TƏŞKİLATIN SƏDRİ OLARAQ ÖZ MİSSİYASINI UĞURLA YERİNƏ YETİRİR

Qoşulmama Hərəkatı 59 yaşında <b style="color:red"></b>

Sentyabrın 6-da Qoşulmama Hərəkatının yaranma günüdür. İdeoloji əsasını 1955-ci ildə qəbul edilmiş Bandunq prinsipləri təşkil edən Hərəkat 1961-ci il sentyabrın 6-da Belqradda təsis edilib.

"Soyuq müharibə" illərində yaranmasına baxmayaraq, həmişə ədaləti, beynəlxalq hüququ, dövlətlərin suverenliyi və ərazi bütövlüyünü, multulateralizmi müdafiə edən Qoşulmama Hərəkatı "soyuq müharibə" bitdikdən sonra da öz aktuallığını itirməyib. Qoşulmama Hərəkatının BMT-dən sonra tərkibindən sonra çox dövləti birləşdirən (120 ölkə) bir siyasi təsisat olması faktı özü artıq hər şeyi deyir.

2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv oldu. Qısa müddət ərzində Hərəkatda böyük nüfuz qazanan Azərbaycan 2016-cı ildə qəbul edilmiş qərarla 2019-2022-ci illər üçün sədr seçildi. Şübhəsiz ki, bu qərar 119 ölkənin Azərbaycana olan hörmətinin və inamının göstəricisi idi.

2019-cu il oktyabrın 25-26-da Hərəkatın dövlət və hökumət başçılarının Bakı sammiti keçirildi. Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev Azərbaycanın sədrlik zamanı öz prioritetlərini və fəaliyyətini bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən tarixi Bandunq prinsipləri üzərində quracağını bildirdi. Prezident Azərbaycanın sədrlik zamanı Hərəkat üzvlərinin maraqlarını müdafiə edəcəyini, digər təsisatlarla dialoq quracağını və inkişaf etdirəcəyini qeyd etdi.

Azərbaycan sədrlik üçün geniş, əhatəli Fəaliyyət Planı hazırladı. Lakin pandemiya səbəbindən vəziyyət tamamilə dəyişdi. Buna baxmayaraq, Azərbaycan yaranmış vəziyyətə çevik reaksiya verməyi bacardı.

2020-ci il mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının pandemiyaya qarşı videokonfrans formatında dövlət və hökumət başçıları səviyyəsində Zirvə görüşü keçirildi. Zirvə görüşündə Prezident İlham Əliyev Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının pendemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Təklif Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən müdafiə olundu. Bu dəstək Hərəkat üzvlərinin öz dəyərlərinə hörmətinin, çoxtərəfli beynəlxalq əməkdaşlığa, multilateralizmə, qlobal problemlərin yalnız qlobal səylərlə həll oluna biləcəyi düşüncəsinə olan inamının bariz bir nümunəsi idi.

Azərbaycan Prezidentinin xüsusi sessiyanın çağırılması təşəbbüsü ümumən dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəkləndi.

İyulun 10-da BMT-nin pandemiyaya qarşı 31-ci xüsusi sessiyası rəsmi proses kimi başladı. Xüsusi sessiyanın dövlət və hökumət başçıları səviyyəsində ümumi müzakirələrinin keçirilmə vaxtı hazırda Nyu-Yorkda ölkələr arasında müzakirə olunur.

Azərbaycan Qoşulmama Hərəkatına üzv olan ölkələrin Ermənistan-Azərbaycan münaqişəsinə dair ədalətli mövqeyini alqışlayır. Qoşulmama Hərəkatı özünün sənədlərində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə, ərazi bütövlüyünə dəstəyini ifadə edib və münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin vacibliyini vurğulayıblar.

Təkcə bu il Qoşulmama Hərəkatı Ermənistanın işğal olunmuş ərazilərimizdə təşkil etdiyi "seçki şousu"nu tanımadığını, bunu qanunsuz hesab etdiyini bildirib və Ermənistanın Tovuzda törətdiyi təxribatı pisləyib.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, sabiq millət vəkili Çingiz Qənizadə hesab edir ki, Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Hərəkat dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirir, beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edir. Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib, qəbul olunmuş bütün sənədlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini məhz həmin prinsiplər əsasında nizamlamağa çağırıb. Bu fakt 2019-cu ilin iyul ayında Qoşulmama Hərəkatı təşkilatının Nazirlər Şurasının iclasında qəbul olunmuş yekun sənəddə də öz əksini tapıb. Bununla da planetin təqribən üçdə iki hissəsi Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib.

Ç.Qənizadə deyib ki, ötən il Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının Zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmizin qlobal proseslərdəki rolunun və beynəlxalq nüfuzunun gündən-günə artdığının parlaq göstəricisidir. Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev Azərbaycanın sədrlik zamanı öz prioritetlərini və fəaliyyətini bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən tarixi Bandunq prinsipləri üzərində quracağını bildirdi.

Ç.Qənizadə Qoşulmama Hərəkatına üzv olan ölkələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ədalətli mövqeyini də qeyd edib.

Deputat Sevinc Hüseynova xatırladıb ki, Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv oldu. Qısa müddət ərzində Hərəkatda böyük nüfuz qazanan ölkəmiz 2016-cı ildə qəbul edilmiş qərarla 2019-2022-ci illər üçün sədr seçildi. Bu, Hərəkatda birləşən 119 ölkənin Azərbaycana olan hörmətinin və inamının göstəricisi idi.

Deputat vurğulayıb ki, Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ən böyük təşkilatdır. Dünya əhalisinin 55 faizdən çoxu bu hərəkata üzv olan ölkələrin vətəndaşlarıdır. Azərbaycan bu təşkilatın sədri olaraq öz missiyasını uğurla yerinə yetirir.

S.Hüseynova Qoşulmama Hərəkatının,  həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin mövqeyini dəstəklədiyini əlavə edib.

PƏRVANƏ

 





08.09.2020    çap et  çap et