525.Az

Üstüpü məhsulları: adı addır, dadı dad...


 

Üstüpü məhsulları: <b style="color:red">adı addır, dadı dad...</b>

Ordubadın təbiətinin zənginliyinə və füsunkarlığına görə bir-birindən gözəl kəndləri çoxdur. Onlardan biri də Üstüpüdür.

Muxtar respublikanın bütün bölgələrində həyata keçirilən kompleks quruculuq tədbirlərindən öz nəsibini alan bu yaşayış məntəqəsi bu gün müasir Azərbaycan kəndinin bir nümunəsidir. Kəndin saf havası, dumduru bulaq suları, bərəkətli torpaqları və bu torpaqlardan əldə olunan keyfiyyətli məhsulları ilə qidalanan insanları uzunömürlülər sırasındadırlar. Sağlam bir ortamda, gözəl təbiətin qoynunda yaşayan insanların bu gözəlliklər sanki ruhuna da sirayət edib. Belə uzunömürlü, xoş simalı üstüpülülərdən 94 yaşlı nurani bir babanın - Məhəmməd Əsədovun qonağıyıq. Söhbət düşəndə elə hey "o vaxtın kişiləri" deyərik. Elə o vaxtın kişilərinə də məxsus bir tərzi var. Başından papağı, cibindən darağı, əynindən pencəyi əskik olmaz. Hə, bir də çöhrəsindən təbəssümü. Hər görüşümüzdə də doğulub boya-başa çatdığı kəndini - Üstüpünü öz şirin Ordubad ləhcəsilə vəsf edər. Uzunömürlülüyün sirrini də elə bu torpaqda görür: “Torpaqlarımız bərəkətli, məhsullarımızın keyfiyyəti bir başqa, dadına isə doyum olmaz”, - deyir.  Məhəmməd babanın ömür-gün yoldaşı, 84 yaşında öz gözəllik cizgilərini itirməyən Ziyada nənə də söhbətə qoşulur: "Özün də görürsən, ha tərəfə boylansan, göz işlədikcə uzanan əkin sahələridir. Bizim özümüz də vaxtilə məşğul olmuşuq. İndi bu işləri övladlarımız davam etdirir, bizim də payımızı gətirirlər, şükür, heç nədən korluğumuz yoxdur. Torpağa əyilən heç zaman çarəsiz qalmaz. Cəfa çəkməzsən, səfa görməzsən". Həyətyanı sahələrində lobya əkini diqqətimdən yayınmır. Nə qədər gücümüz çatmır, - desələr də, yenə də kiçik sahələrində torpağın bir qarışını belə boş qoymağa vicdanları rahat buraxmayıb, əkiblər.

Bir qədər, rayonun ümumi mənzərəsinə nəzər salmaq istərdim. Ordubad Azərbaycanın incisidir, cənnət guşəsidir. Həm tarixin zənginliklərini yaşadan muxtar respublikanın bir bölgəsi kimi, həm də bağlar diyarı kimi tanınır. Ordubad deyəndə gözlərimiz önündə ilk olaraq ərik bağları və limon ağacları canlanır. Ordubad əriyi, Ordubad limonunun dadı uzaq Rusiya ellərinə də məlumdur. "Naxçıvan tarixi" çoxcildliyinin ikinci cildində qeyd olunduğu kimi, hələ keçmiş dövrdə hər il orta hesabla Ordubaddan Tiflisə, oradan isə Ağstafa dəmir yolu vasitəsilə Rusiyanın mərkəzi şəhərlərinə 150 min pud quru ərik daşınırdı. Günümüzdə də Ordubadın yaş, istər quru meyvələri ən gözəl və arzuolunan sovqat sayılır. Lakin Ordubad nemətləri sadaladıqlarımızla məhdudlaşmır. Bölgənin özünəməxsusluğu bir də ondadır ki, hər kəndində fərqli meyvə-tərəvəzlər yetişdirilir. Məsələn, ən yaxşı zoğalı Nüsnüsdən, narı Kotamdan, limonu Ordubad şəhərindən, Vənənd, Əndəmic, Dırnıs və digər yaşayış məntəqələrindən əldə etmək olar. Yəni bu kəndlərdə adıçəkilən meyvələrin yetişdirilməsinə xüsusi diqqət edirlər. Nar bağlarına Üstüpüdə rast gəlmədiyimiz kimi, kələm əkininə də Kotamda rast gəlmərsən. Hər kəndin öz iqliminə, torpaq xüsusiyyətlərinə uyğun əkin həyata keçirilər və nəticədə bol və keyfiyyətli məhsul əldə olunar.

Üstüpü ucqar dağ kəndidir. Ondan aşağıda Çənnəb və Düylün yaşayış məntəqələridir. Yuxarıda yerləşən Məzrə kəndi isə Üstüpü  kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyə tabedir. Çənnəbə girişdən ta Məzrənin çıxışınacan göz işləndikcə uzanan kələm sahələri bu il də məhsulun bol olacağından xəbər verir. Ümumilikdə kəndin 1500-ə yaxın sakini 482 təsərrüfatda birləşib. Arıçılıq, heyvandarlıq və maldarlıq kəndin təsərrüfatında yer tutsa da, əsas üstünlük kələm, kartof və lobya əkinindədir. Bu 3 məhsul bazarlarda da "Üstüpü məhsulu" adı ilə illərdir ki, öz alıcısını tapıb. Kənddə çətin ki, boş torpaq sahəsi ola. Üstüpülülər torpağın qiymətini yaxşı bilir, onu da bilirlər ki, torpağın qarası üz ağardar. Pay torpaq sahələrindən başqa həyətyanı təsərrüfatlarda da əkilən kələmlər gül buketi kimi göz oxşayır. Məzrədən dağ yolu ilə təqribən 12 kilometr məsafədə yerləşən Rumus yaylaqlarındakı əkinəyararalı torpaq sahələrini də qızıla çevirən üstüpülülərin yetişdirdiyi məhsulların dadına söz ola bilməz. Özləri də etiraf edir ki, yuxarı qalxdıqca iqlim dəyişir və belə sahələrdə becərilən məhsul daha keyfiyyətli olur. Bu il üstüpülülər 35 hektar sahədə kartof, 10 hektar sahədə lobya və 8 hektar sahədə kələm əkini həyata keçiriblər.



Üstüpü kələmi öz kövrəkliyi və dadı ilə seçilir. Sərini sevən bitki olduğu üçün bu torpaqlarda məhsuldarlığı da gözlənilən olur. Dədə-baba sortları ilə yanaşı, üstüpülülər alınma sortlardan da istifadə edirlər. Kələm bağladı, yəni yetişdisə, onu vaxtında kəsmək lazımdır, əks halda partlayıb iki yerə bölünər. Məhsul əsasən sərin yerdə, evlərin zirzəmilərində saxlanılır. Yerli sortları 15 gün, alınma sort kələmləri isə əsasən mart ayına kimi saxlamaq olur. Aprelin sonu, mayın əvvəllərində yerə salınan şitillərin ərsəyə gəlmə müddəti də fərqlidir. Tezyetişən, orta yaylıq və payızlıq kələm əkildiyini nəzərə alsaq, məhsulun yığımı iyul ayından başlanır və sentyabrın axırı, oktyabrın ilk 15 günlüyündə bitir. Bu sahədə kənd sakinlərindən Ülvi Məmmədli, Sərxan Bədəlov yaxşı təcrübə qazanıblar. Gənc təsərrüfatçı Ziyad Kərimov isə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı sahəsində səmərəli fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 26 dekabr tarixli Sərəncamı ilə  "Rəşadətli əməyə görə" nişanı ilə təltif edilib. Ziyadla söhbətimizdə bildirir ki, o, bu işi atası Aydından öyrənib. İndi onlar ailəlikcə əkinçiliklə məşğuldurlar, Rumusda 2,5 hektar sahədə kartof, 3 hektar sahədə kələm yetişdiriblər. Hər mövsümdə onlar kənd sakinlərindən də cəlb edərək 16-20 nəfərin məşğulluğunu təmin etmiş olurlar. Ziyad Kərimov: "Biz bu sahədə yetərincə təcrübə qazanmışıq. Yetişdirdiyimiz məhsullar dağ suları ilə qidalanır. Kəndimizin içindən keçən və qar suları ilə qidalanan Düylün çayı öz mənbəyini Rumusdakı "Yağlı dərə" deyilən ərazidən götürür. Biz yalnız üzvi gübrələrdən istifadə edirik. Olduqca gəlirli sahələrdir. İl ərzində orta hesabla 100 tona yaxın kartof, 300 tona yaxın kələm tədarük edirik. Sentyabr ayından artıq alıcılar Üstüpü məhsullarını bazarlardan əldə edə biləcəklər".

Kənd sakinlərindən Zahid Ağasoy da həm kələm, həm də kartof əkir. Deyir ki, bu işdə yoldaşı ona kömək olur. İl ərzində sahələrdən 2 tona yaxın kartof, 15-20 ton kələm götürürlər. Hər şənbə-bazar Naxçıvan şəhərindəki kənd təsərrüfatı məhsullarının satış-yarmarkasına, eləcə də, Culfa, Ordubad, Babək bazarlarına da məhsullarını çıxarırlar. "Alıcıya məhsulunuzu necə təqdim edirsiniz?", - sualıma isə belə cavab verir:

- Bir kəlmə deyirik ki, Üstüpü məhsuludur. Çünki Naxçıvanda bu məhsulların dadını  bilənlər çoxdur və getdikcə də onların sayı artır.

Mövsümündə göy lobya alıb istifadə edənlər də az olmur. Lakin ordubadlılar əsasən qış üçün dən lobyaya daha çox üstünlük verirlər. Və Ordubad lobyası qiymətdə də fərqlənir. Bunu əsasən dad fərqi ilə əlaqələndirirlər. Elə ağız dadını bilənlər də ordubadlıların, xüsusilə də üstüpülülərin sevərək yetişdirdiyi bu məhsula daha çox üstünlük verirlər. Elə paytaxt Bakıda da Ordubad məhsulları adı altında satılan lobyanın dadını bilənlər az deyil.



Sübut olunub ki, lobya dəninin tərkibindəki zülal qidalılığına görə ət və süd zülallarına yaxındır. Ona görə də bəzən lobyanı ətə bərabər tuturlar. Lobyanın dənlərində zülal və yağdan başqa çoxlu karbohidrat (şəkər və nişasta), qiymətli mineral maddələr (kalium, kalsium, maqnezium, dəmir, fosfor), üzvi turşular (tiamin) və B2 (riboflavin), PP (nikotin turşusu), C (askorbin turşusu) vitaminləri vardır. Bu sahə ilə kənd sakinlərindən Rəcəb İsmayılov, Pərviz Quliyev geniş məşğul olur. Amma ümumilikdə, hər kəsin həyətində mütləq şəkildə lobya yetişdirilir. Yəni hər bir üstüpülü  öz ehtiyacını ödəmək üçün lobya, kələm və kartof məhsulunu özü becərir.

Qeyd-şərtsiz, tam əminliklə Üstüpü məhsullarından alıb süfrənizi dadlı nemətlərlə bəzəyə bilərsiniz. Tək süfrənizi deyil, sağlamlıq necə və hansı məhsullarla qidalanmağımızdan da çox asılıdır. Sağlamlığımızı düşünürüksə, öz bərəkətli torpaqlarımızda yetişən məhsullara üstünlük verək. Bu sırada Üstüpüdə yetişdirilən məhsulların öz yeri var.

Ruhiyyə RƏSULOVA
Naxçıvan Televiziyasının baş redaktoru

 





09.09.2020    çap et  çap et