525.Az

20 mindən çox şagird yenidən imtahan verəcək


 

20 mindən çox şagird yenidən imtahan verəcək<b style="color:red"></b>

Dövlət İmtahan Mərkəzi iyun-iyul aylarında keçirilən yekun qiymətləndirmə (attestasiya) imtahanlarda iştirak etməyən 9-cu və 11-ci sinif şagirdləri üçün yenidən buraxılış imtahanları keçirəcək.

Mərkəzin məlumatına görə, sentyabrın 10-da baş tutacaq imtahanlar Bakı, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Yevlax, Şəki, Ağcabədi, Kürdəmir, Sabirabad, Lənkəran, Cəlilabad, Masallı və Xaçmazda təşkil olunacaq.

İmtahan nəticələri şagirdlərin yekun qiymətləndirmə sənədinə yazılacaq və onlara attestat veriləcək. İmtahanlar saat 11:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Məlumatda bildirilib ki, imtahanlarda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 18277, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 1789 şagirdin iştirakı nəzərdə tutulur. 369 şagird isə yalnız Azərbaycan dili fənni üzrə imtahan verəcək.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 89 imtahan binası, 1600 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 89 ümumi imtahan rəhbəri, 253 imtahan rəhbəri, 2077 nəzarətçi-müəllim, 178 buraxılış rejimi əməkdaşı, 89 bina nümayəndəsi ayrılıb. Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Bundan əlavə, imtahan günündən 2 gün əvvəl Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər - binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması həyata keçirilir.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

 





09.09.2020    çap et  çap et