525.Az

Təhsil infrastrukturunun inkişafı daim dövlətin diqqətindədir


 

BAKIDA DAHA BİR MƏKTƏB MÜASİR ŞƏKİLDƏ TƏMİR OLUNUB VƏ YENİ KORPUSLA İSTİFADƏYƏ VERİLİB

Təhsil infrastrukturunun inkişafı daim dövlətin diqqətindədir<b style="color:red"></b>

Azərbaycanda bütün sahələrdə həyata keçirilən geniş islahatlar təhsil sahəsini də əhatə etməkdədir. Ölkəmizdə son illər müasir təhsil infrastrukturu yaradılıb. Həm paytaxtdakı, həm də regionlardakı məktəblər əsaslı təmir edilib, yeni təhsil ocaqları inşa olunub. Məktəblər müasir avadanlıqlarla təmin olunub və şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün bütün infrastruktur təmin edilib.

Müasir üslubda təhsil ocaqlarının tikintisi və əsaslı təmiri 2003-cü ildən geniş vüsət alıb, bu işdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd edilməlidir. 2005-ci ildən həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" proqramın əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaq, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdir.

Proqram çərçivəsində 2005-2012-ci illər ərzində ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunub və yenidən qurulub. Bu məktəblərin hər birində müasir laboratoriya, kitabxana, yeməkxana, ən son avadanlıqla təchiz edilmiş kompüter otaqları, emalatxana, idman zalları, geniş meydançalar və ayrıca istilik sistemi var. Məktəb tikintisi və bərpa işləri bu gün də davam edir.  Son 17 ildə ölkədə 3500-dən çox məktəb binası tikilib və ya əsaslı təmir olunub və bunun da nəticəsində 1 milyondan çox şagirdin təlim-tədris şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb. 2020-ci ilin sonuna qədər 98 ümumtəhsil məktəbi - 60-ı modul tipli olmaqla məktəblilərin ixtiyarına veriləcək. Ümumilikdə 2016-cı ildən başlayaraq 293 modul tipli məktəb Azərbaycanda inşa edilib.

Sentyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev paytaxtın Nizami rayonunda 251 nömrəli tam orta məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub, bu təhsil ocağının yeni korpusunun açılışında iştirak edib.

Məlumat verilib ki, 1974-cü ildən fəaliyyətdə olan məktəbdə ümumilikdə 1700-ə yaxın şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 100-ə yaxın müəllim məşğul olur. Şagirdlərin təxminən yarısı ikinci növbədə dərsə gəlirdi. Böyük sıxlıq var idi. Yeni korpus bu problemi aradan qaldıracaq. Dördmərtəbəli yeni korpus 840 şagird yerlikdir. Burada kimya, fizika, biologiya laboratoriyaları, 35 sinif otağı, hərbi kabinet, kitabxana, oxu zalı və yardımçı otaqlar var. Bütün otaqlar elektron vasitələrlə və proyektorlarla təchiz olunub. Məktəbin şagirdləri də uğurları ilə fərqlənirlər. Onlar bir sıra xarici ölkələrdə, o cümlədən, Rumıniyada, Türkiyədə keçirilən müsabiqələrin qalibləri olublar. Beləliklə, növbəti məktəbin infrastrukturunun tamamilə yenilənməsi Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir təzahürüdür.

Milli Məclisin Nizami rayonundan seçilən deputatı Sədaqət Vəliyeva Azərbaycanda təhsilin inkişafına böyük diqqət və qayğı göstərildiyini deyib. O bildiib ki, Azərbaycan məktəbi bu gün yeniləşir, modernləşir. Son illər ölkəmizdə müasir standartlara tam cavab verən, bir-birindən yaraşıqlı məktəb binaları inşa edilir, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir: "Elə ötən gün cənab Prezidentin iştirakı ilə yeni korpusunun açılışı olmuş Nizami rayonundakı 251 saylı orta məktəb də təhsilə olan diqqət və qayğının əyani sübutu oldu".

S.Vəliyevanın sözlərinə görə, 251 saylı orta məktəbin əsaslı şəkildə təmir olunması, eyni zamanda, dördmərtəbəli, 840 şagird yerlik yeni korpusun inşası Nizami rayonunun həmin ərazidə yaşayan sakinlərinə, şagirdlərinə və valideynlərinə bir hədiyyə oldu:

"Bu gün Nizami rayonunda demək olar ki, təmirsiz məktəb yoxdur. Şagirdlərimiz yüksək səviyyədə təmir edilmiş, inşa edilmiş təhsil ocaqlarında təhsil alırlar. Onların mükəmməl təhsil almaları üçün hər bir şərait təmin edilib. Bütün bunlara görə hər bir rayon sakini cənab Prezident İlham Əliyevə təşəkkürünü bildirir".

Deputat deyib ki, ölkəmizdə milli təhsilin inkişafına göstərilən böyük diqqət və qayğı öz bəhrəsini verməkdədir. Azərbaycan təhsili keyfiyyətcə yeni, daha yüksək səviyyəyə çatdıqca, ölkəmizin, xalqımızın tərəqqi və intibahı daha da sürətlənir.

"Dövləti təhsilin dünya təhsil sisteminə inteqrasiyasını diqqət mərkəzində saxlayır və bu istiqamətdə davamlı tədbirlər, islahatlar həyata keçirilir. Ümumiyyətlə, ölkəmizdə təhsil sahəsində reallaşdırılan islahatlar beynəlxalq miqyasda da yüksək qiymətləndirilir və nüfuzlu reytinq agentliklərinin hesabatlarında öz əksini tapır. Azərbaycanın təhsil indikatorları üzrə ciddi irəliləyişə nail olunması, göstəricilərinin dünyanın bir çox ölkələrinin göstəricilərindən də yüksək olması xüsusi əhəmiyyətə malikdir", deputat vurğulayıb.

S.Vəliyeva təhsil infrastrukturunun yenilənməsi istiqamətində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun həyata keçirdiyi işləri də xüsusi qeyd edib:

"Ümumiyyətlə, Heydər Əliyev Fondu bir çox sahələrdə səmərəli layihələr həyata keçirməklə yanaşı, təhsilin inkişafı istiqamətində də mühüm təşəbbüslərlə çıxış edib, bu sahədə genişmiqyaslı işlər reallaşdırıb. Bu baxımdan, "Yeniləşən Azərbaycana yeni məktəb" proqramını diqqətə çatdırmaq gərəkdir. Bu proqramda respublikamızın rayon və şəhərlərində yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, təhsil ocaqlarının əsaslı təmiri, maddi-texniki bazasının yaxşılaşdırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi kimi məsələlər öz əksini tapıb və qarşıya qoyulan məqsədlərə müvafiq olaraq həyata keçirilən tədbirlər səmərəli nəticələr verib".

PƏRVANƏ

 





09.09.2020    çap et  çap et