525.Az

Mirzə Fətəli Axundzadə yaradıcılığında milli intibah ideyaları - I məqalə


 

Mirzə Fətəli Axundzadə yaradıcılığında milli intibah ideyaları - <b style="color:red">I məqalə</b>

Ədəbi düşüncədə milli özünüdərk problemləri

Bir əsrdə iki dəfə müstəqilliyini qazanmış Azərbaycan xalqı buna qədər böyük bir milli özünüdərk prosesindən keçib. Zaman-zaman xalq bu mərhələlərdən keçərək milli özünüdərkin ən yüksək səviyyəsinə çatıb və dövlətçiliyini formalaşdırıb. XIX əsrin ortalarından xalqın ədəbi, bədii, mədəni fəaliyyət potensialı artaraq milli ideya ətrafında birləşib. Xalqın milli ideya ətrafında keçdiyi özünüdərk prosesi həm də ədəbi düşüncədə öz əksini tapıb.

M.F.Axundzadə yaradıcılığının xalq üçün ən əhəmiyyətli faktorlarından biri və ən başlıcası, fikrimizcə, milli ictimai şüurun formalaşmasında oynadığı misilsiz roludur. Avropada XVIII əsrin ortalarında baş verən ictimai-siyasi özünüdərk prosesləri milli ədəbi düşüncədə onun yaradıcılığı ilə böyük inkişaf yolu keçir. M.F.Axundzadə özünə yenidən baxmağın, ətrafında baş verən hadisələri dəyərləndirməyin, Şərqdə geriliyin səbəblərini axtarmağın yollarını arayan və yaradıcılığında ifadə edən ilk fikir adamlarındandır. Əslində, yaradıcılığa şeirlə başlayan böyük mütəfəkkirin komediya janrına, gülüşə müraciət etməsinin bir səbəbi də bu idi. Maarifçilik ideyasının paradiqmaları xalqın milli mentalitet özəlliklərini üzə çıxarmaq və onu dərketmə prosesindən keçirməni şərtləndirirdi. Komediyaları təkcə qoyulan problemlərin həyatiliyi, milliliyi və qloballığı ilə deyil, özünü tanıma, dərketmə baxımından, bəlkə ondan daha artıq dərəcədə əhəmiyyətli idi. Komedioqraf həqiqi gülüşlə cəmiyyətin gerçəkliyini bütün ziddiyyətləri ilə özünə tanıtma yolunu tutdu. Milli ictimai şüurun hələ formalaşmadığı bir dövrdə sadə xalq dilində həyat hadisələrini bu dərəcədə anlada bilmək M.F.Axundzadə böyüklüyünün indiyədək çox az danışılmış bir xüsusiyyətidir. Təsadüfi deyil ki, Ziya Göyalp ilk türkçülərdən biri (!) kimi M.F.Axundzadənin adını çəkərək belə bir qənaətə gəlirdi: "Türkiyədə Əbdülhəmid bu müqəddəs axımı-cərəyanı (tənzimat nəzərdə tutulur - T.Ə.) dayandırmağa çalışarkən Rusiyada iki böyük türkçü yetişirdi. Bunlardan birincisi Mirzə Fətəli Axundzadədir ki, azəri türkcəsində yazdığı orijinal güldürülər-komediyalar bütün Avropa dillərinə çevrilmişdir".

Böyük türkçü və türkçülük nəzəriyyəsinin banisi Z.Göyalpın M.F.Axundzadəni ilk türkçülərdən hesab etməsində ola bilməz ki, bir yanlışlıq olsun. Bunu ona görə deyirik ki, M.F.Axundzadə dövründə hələ türkçülük o qədər inkişaf etmədiyi kimi, millətləşmə prosesi də Qafqazda tam olaraq oturuşmamışdı. Buna baxmayaraq, Z.Göyalpın M.F.Axundzadəni ilk türkçülərdən biri hesab etməsinin müəyyən əsasları vardı. Ona görə ki, o, altı komediyası və sadə türkcəsi ilə xalqın özünü özünə tanıda bilmişdir. Z.Göyalp da onu ilk türkçülərdən biri adlandırarkən məhz komediyalarının dilini nəzərdə tuturdu. Bu mənada, M.F.Axundzadənin komediyaları xalqın milli ictimai şüurunun formalaşmasını praktik şəkildə həyata keçirən ilk bədii mətn nümunələridir. Onun komediyaları cəmiyyətin sosial reallığını əks etdirirdi. Bu əsərlərin mövzusu xalq həyatından götürüldüyü kimi, obrazlar qalereyası, tipləri, süjet xətləri, personajların dili, şivəsi və s. bütünlüklə xalqın etnik düşüncəsini əks etdirirdi. M.F.Axundzadə dramaturgiyasında xalq özünü görür, özünü tanıyır və özünə gülürdü. Belə demək mümkünsə, bədii düşüncədə xalqın özünüdərk etməsi prosesi onun komediyaları ilə start götürür.

M.F.Axundzadənin yaradıcılığında dramaturgiyaya, dramaturgiyasında isə məhz komediya janrına müraciət etməsinin əsas nədəni də bu janrda milli özünüdərketmənin daha tez baş verməsi və effektivliliyi idi. Çünki yalnız gülüşlə insan mənəviyyatının dərin qatlarına enmək, onu özünə tanıtmaq olar. "Yüksək müdrik, varlığın qanunları ilə həyat hadisələri arasındakı daimi ziddiyyətdən doğan" (V.Q.Belinski) gülüş xalqın özü qədər saf və təmizdir. M.F.Axundzadə komediyalarında konkret bir zaman və məkan daxilində mühitini gülüş obyekti etməklə təkcə insanı iztirabdan xilas etmir, həm də ona özünə kənardan baxmağı və özünüdərketməni öyrədir. Bu proses hər bir komediyasında fərqli yollar, süjet xətləri və hadisələrlə izlənilir. Teatrşünas Cəfər Cəfərov M.F.Axundzadə dramaturgiyasının həyatı əksetdirmə üsulunun milli özünüdərketməyə hesablandığını nəzərdə tutaraq yazırdı: "Axundov dramaturgiyası cəmiyyətin həyatını bütöv əks etdirir, müəyyən konkret tarixi ictimai şərait daxilində insan münasibətləri haqqında dolğun təsəvvür yaradır. Komediyalar demək olar ki, milli həyatımızın ensiklopediyasıdır". M.F.Axundzadə komediyalarını məhz bu kontekstdə təhlil edərkən doğru-düzgün nəticəyə gəlmək mümkündür.

M.F.Axundzadə ilk komediyası "Molla İbrahimxəlil kimyagər"də Azərbaycan cəmiyyətini özünə yenidən baxmağa vadar edir. Cəmiyyətin guya yüksək təbəqəsi hesab olunan adamları tənqid edir; onları xalq, vətən düşündürmür, vətən anlayışının nə olduğunu belə dərk etmirlər. M.F.Axundzadə bu obrazlara qarşı şair Hacı Nurunu qoyur; onlar nə qədər xalqdan uzaq göstərilirsə, Hacı Nuru o qədər xalqa yaxındır. Onlar Hacı Nurunun xalqın tarixinə aid yazdığı şeiri dinləmək belə istəmirlər. Dramaturq bununla demək istəyir ki, onlar doğma vətənin nəinki tarixini, heç özünü belə dərk etmir və maraqlanmırlar. Onların düşüncəsi yalnız varlanmaq, pulunun üstünə pul gətirməkdir.

"Hekayəti-Müsyö Jordan və dərviş Məstəli şah" M.F.Axundzadənin cəmiyyətə içəridən və kənardan baxdığı, qiymətləndirdiyi, özünə tanıtdığı əsərlərindən biridir.  Əgər birinci komediyasında yaşadığı cəmiyyətə yalnız içəridən baxıb tanıdırdısa, bu dəfə Müsyö Jordan obrazı ilə həm kənardan baxır, həm də Qərb cəmiyyəti ilə müqayisə etmək imkanı qazanır. Əsərdəki obrazların hər biri müəyyən bir funksiyaya malikdir və o funksiyanı həyata keçirir. Şahbaz bəy yeniliyi, Müsyö Jordan Avropanı, Şəhrəbanı, Şərəfnisə tipik Azərbaycan xanımını, Məstəli şah xanımların avamlığından istifadə edərək cadu hesabına varlanan məşhur bir fırıldaqçını təmsil edən bu obrazlar mövcud cəmiyyətin sütununu təşkil edirdi. Bütövlükdə isə, dramaturq ilk dəfə olaraq ədəbi düşüncədə Şərq-Qərb diskursunu ortaya atır və bu diskursda Qərb özünüdərkinə üstünlük verir.

"Hacı Qara" komediyasındakı ictimai ideallar, siyasi mesajlar XIX əsr Azərbaycan həyatının iqtisadi, siyasi, mədəni vəziyyətini tipik şəraitdə əks etdirir. Məsələ heç də həyat həqiqətinin burada daha əhatəli və bədii cəhətdən zənginliklə verilməsində deyildi, həm də obrazların, xarakterlərin özünüdərkində və özünü tanımasında idi. Hacı Qaranın xəsisliyi fonunda dolanışığın çətin olması, bəylərin evlənmək üçün pul tapa bilməməsi səbəbindən sərhədin o tayına qaçaq mal dalınca getməsi, gələrkən tutulmaları və s. hadisələr komik konfliktin əsasını təşkil edir. Dramaturq yaltaqlığın, xəsisliyin, tamahkarlığın, qorxaqlığın, pulsuzluğun, xudbinliyin, quldurluq və soyğunçuluğun mənzərəsini göstərir. Komediyada müəllif ictimai münasibətlər və idarəetmə sistemini də kəskin satira atəşinə tutur. Burada naçalnik obrazının ikili xarakteri açılır. Onun xarakteri yasovullar, qarovullar, yüzbaşılarla münasibətdə bir daha aydın olur. Tuğ kəndlilərindən birinin dustaqxanaya aparılarkən Hacı Qaraya dediyi sözlər çarizm idarəsinin bütün mahiyyətini ortaya qoyur: "A kişi, səni görək könlün şad olub, üzün gülməsin ki, bizi nahaq yerə müsibətə saldın, kim bilsin, indi silistdən havaxt qurtaracağıq? Urusun silisti beş ilə qurtarmaz. Taxılımızı kim yığacaq, xırmanımızı kim döyəcək? Ax, ax!" Burada M.F.Axundzadə yumoru dərindədir, ictimai münasibətlərin sosiallığında qərar tutub, satirası kəskin və ictimai olmaqla faciəviliklə birləşir. Kiçik bir səhv nəticəsində kəndlinin beş il həbsdə yatmasını bu şəkildə ifadə etməsi şüuru tərpədir, ona istiqamət verir.

M.F.Axundzadənin altı komediya yaradıcılığında xalqın milli həyatı, yaşam tərzi və ictimai münasibətləri əks etdirilir. Bu əsərlərdə cəmiyyətin durğunluqdan, süstlükdən çıxması üçün konsepsiyalar irəli sürülür. Hər şeydən əvvəl, cəmiyyəti bütün ziddiyyətləri ilə təsvir etməyə nail olur. Başqa sözlə, Azərbaycan xalqı ilk dəfə M.F.Axundzadə komediyalarında özünü gördü və dərk etdi.  

M.F.Axundzadənin komediyaları və əlifba islahatındakı milli tərəqqi, özünütanıma düşüncəsi nəsr və fəlsəfi yaradıcılığında, məqalələrində də davam etdirilir. Milli mənlik şüurunun oyanması yolunda komediya, teatr, bədii nəsr, məqalə, fəlsəfi traktat onun üçün bir forma idi; əsas məqsəd xalqı milli intibaha çatdırmaq, milli ictimai şüuru formalaşdırmaq idi. Komediyalarındakı canlı xalq danışıq dili, həyatı olduğu kimi göstərmək tendensiyası sonrakı yaradıcılığında bədii nəsrində və "Kəmalüddövlə məktubları"nda daha da dərinləşir. Görkəmli alim Yaşar Qarayev M.F.Axundzadə yaradıcılığındakı milli mənlik şüurunu yüksək qiymətləndirərək yazır: "Azərbaycan xalqının milli "mən"lik və istiqlal şüurunun tarixində Mirzə Fətəli Axundzadə ayrıca bir mərhələ təşkil edir. Peşəkar milli teatr sənətinin, realist bədii nəsrin, demokratik fəlsəfi və estetik fikrin, ilk əlifba inqilabının, ümumiyyətlə, mənəvi mədəniyyətimizin bütün sahələrində "yeni dövrün" banisi olan Axundzadənin zəngin və çoxcəhətli yaradıcılığı lokal milli çərçivələri aşıb keçir, türk, islam xalqları miqyasında ümumşərq və ümumbəşəri bir tarixi məna və əhəmiyyət kəsb edir".

M.F.Axundzadənin milli özünüdərki həm Şərq, həm də məhəlli kontekstdə gedir. Əgər komediyalarında məhəlli arenada, yəni milli müstəvidə özünüdərk məsələlərini qoyursa, "Aldanmış kəvakib" və "Kəmalüddövlə məktubları"nda daha geniş müstəviyə çıxır, məqalələrində isə ümumiyyətlə, azadlığın, demokratiyanın özünüdərkinin mahiyyətinə baş vurur. Məsələləri bəzən maarifçilik, bəzən realizm, bəzən tənqidi realizm, bəzən isə siyasi maarifçilik baxımından qoyur və onu həll etməyə çalışırdı. Əsərlərində maarifçilik, məktəb, təhsil, yeni əlifba, mövhumatdan azad olma, şəxsiyyət azadlığı, despotizmlə mübarizə, yeni idarəetmə mexanizminin işə düşməsi və s. özünüdərkin müxtəlif forma və üsullarını əhatə edirdi. Hər bir əsərində mövcud cəmiyyətin mənəvi-əxlaqi dəyərlərini təsvir edir və ictimai yaralarına toxunurdu. İctimai şüur intibahı onun əsərlərinin ana xəttini təşkil etməklə, bədii və elmi düşüncəmizi gələcəyə doğru yönləndirmə yolunu tutdu.

M.F.Axundzadə hələ komediyalarında bu cür ictimai yaraların bəzilərini gülüş vasitəsilə həll etməyə çalışmışdı. "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyasında Lənkəran xanının vəziri və xanın simasında ölkənin düzgün idarə olunmadığının, bütün Şərq aləminin geriliklərinin səbəbini axtarırdı. "Aldanmış kəvakib" povestində isə bu məsələlərə yenidən qayıdırdı. Yazıçı burada xalq taleyi və hakimiyyət  problemini qoyur və bir qrup insanın xalqı necə idarə etdiyini, bu təfəkkürlə xalqın ictimai, iqtisadi, mənəvi inkişafının mümkünsüzlüyünə işarə vururdu. Şah Abbas və onun vəzirləri xalqın dərdləri ilə maraqlanmayan və buna görə də xalqdan uzaq düşən bir üsuli-idarənin başında durmuşlar. Onlar ali dövlət xadimlərinin cəmiyyətdə tutduğu yüksək idarəetmə mövqeyinə malik deyil. Onların bütün siması, idarəetmə yönündəki bacarıqsızlıqları, idarəetmədə əsaslandıqları qanunsuzluq, cəzasızlıq sindromu tək bir hadisəyə münasibətdə açılır. Şah Abbasın hakimiyyəti dövründə günləri xoş keçən vəzirlərin məsləhətlərində özünüifşa üsulları ortaya çıxır. Müəllif onların tipik xarakterlərini ümumiləşdirərək ədalətsizlik, qanunsuzluq, despotizm və özbaşınalıq kimi keyfiyyətlərini üzə çıxarır. Baş vəzir Mirzə Möhsünün sayəsində ölkədə rüşvətxorluq, qanunsuzluq, özbaşınalıq baş alıb gedir. Xalqın ağır vəziyyəti, ölkənin iqtisadi cəhətdən geri qalması onu qətiyyən düşündürmür, ulduzların toqquşması nəticəsində şahın başına bir iş gələcəyinə inanır. Şahın uzaqgörən vəziri hesab olunmasına baxmayaraq, dəyərli məsləhətlər verə bilmir. Şaha məsləhətində yalnız gördüyü işlərdən danışır, ona yaltaqlanır və sonda "amma kəvakibin müqabilində tədbir göstərməyə əlhəq acizəm", - deyə heç bir yol göstərmir. "Dövləti-aliyyənin xədamatında ixlas və hünər ilə saç ağardan" sərdar Zaman xan da özünü ağıllı, tədbirli, uzaqgörən bir sərkərdə hesab edir. Baş nazirin yaxın qohumu və "dəsti-pərvərdəsi" maliyyə naziri Mirzə Yəhya da dövlətin ən adi qanunlarına əməl etmir. M.F.Axundzadə bununla xalqa rəhbərlik edən dövlət adamlarının üsul-idarəsini böyük ustalıqla ifşa edir.

M.F.Axundzadə Yusif Sərrac obrazı ilə xalqa xidmət, onu özünə tanıtdırmaq, tərəqqiyə aparmaq kimi keyfiyyətləri göstərmək istəmişdir. Yusif Sərrac taxta çıxarkən xalqı talayıb çapmamaları, nahaq iş tutmamaları, şəxsi mənafeləri üçün çalışmamaları barədə dərhal vilayət hakimlərinə təliqə göndərir. Vilayətlərdəki vəziyyəti öyrənmək və ona doğru məlumatlar gətirmək üçün inandığı adamlarla iş görür. Hakimlik vəzifəsinə dövlət işlərindən yaxşı baş çıxaran insanları təyin edir. Dövlətə və xalqa heç bir xeyir vermədikləri üçün münəccim vəzifəsini birdəfəlik ləğv edir. Ruhanilər tərəfindən xalqın boynuna yüklənmiş xüms, zəkat, imam malı, payəndaz və s. kimi dini vergiləri ləğv edir, məhkəmə işləri dindən ayrılıb dövlət tərəfindən təyin olunmuş şəxslərə tapşırılır. Ümumiyyətlə, ölkə həyatında keçirdiyi ictimai-siyasi islahatlar xalqın özünü tanımasına və tərəqqisinə imkan verir. Lakin Yusif Sərracın bütün ideyaları başa çatmır, yarımçıq qalır; buna vaxt və imkan qalmır, çünki ulduzların imkan verdiyi qədər taxtda oturmuşdu. M.F.Axundzadə bununla cəmiyyəti inqilab yolu ilə deyil, islahat yolu ilə inkişaf etdirməyin yollarını aramağı düşünürdü. Yusif Sərracın həyata keçməmiş ideyalarının fəlsəfi, ictimai-siyasi axtarışları "Kəmalüddövlə məktubları"nda davam edir. Bu zaman artıq müəyyən dövr keçmiş, onun cəmiyyətə baxışında dərinləşmə baş vermişdi. Komediyalarında və "Aldanmış kəvakib" əsərində maarifçi realist M.F.Axundzadə "Kəmalüddövlə məktubları"nda cəmiyyəti dərinliyinə qədər təhlil edən cəmiyyətşünas filosof kimi çıxış edir. Buradakı diskurs modeli və iki fərqli baxışın verilməsi mövcud cəmiyyətin üstün və zəif tərəflərini göstərməyin, özünüdərketmənin ən yaxşı yolu olur. Xalqın milli özünüdərk prosesində böyük mütəfəkkir bəlli bir proqramla çıxış edir.

Şərq aləmində milli intibah və tərəqqi ideyaları M.F.Axundzadənin "Kəmalüddövlə məktubları"nda özünüdərk prosesinə yönəlir. O, əlifba layihəsi kimi, bu əsərin də nəşrinə və yayılmasına bir ömür sərf etmiş, yaradıcılığının hər bir mərhələsində özünü bir vətəndaş kimi yetişdirmək və həmvətənlərini əsl vətəndaş görmək arzusu ilə yaşamışdı. "Mən o həriflərdən deyiləm ki, düşmən qarşısında diz çöküb onların əmrinə tabe olam. Nə qədər ki, sağam... qələmimlə vuruşacağam", yaxud "Mən xalqı sevən, canımı bu yolda qurban verməyə hazır olan bir insanam" sözləri onun ömrünün mənasını, mülli özünüdərk yolunda fəaliyyətini ən yaxşı şəkildə ifadə edir. Bu cəhətdən "Kəmalüddövlə məktubları" əsəri xalqın, millətin özünü dərk etməsi baxımından yeni bir mərhələdir. "Əl vurduğu məsələlərin hamısından qan qoxusu" (Cəlil Məmmədquluzadə) gələn M.F.Axundzadə bu əsərində milli, ictimai özünüdərk şüurunu ictimai-siyasi istiqamətə yönəldir. M.F.Axundzadə özünün əvvəlki əsərlərindəki maarifçi proqramından bir az da irəli gedərək cəmiyyəti yeniləşdirmək və dəyişdirmək üçün yeni ideyalar irəli sürür. "Heyf sənə, ey İran, hanı bu dövlət, hanı bu şövkət, hanı bu səadət?", - deyə həyəcan siqnalı verən Kəmalüddövlə İranda gördüklərindən dəhşətə gəlir. Onun burada işlətdiyi fikirlər yeni bir inkişaf etmiş cəmiyyətin konturlarını müəyyənləşdirir: "Sənin torpağın xarabdır və əhlin nadandır və sivilizasyoni-cahandan bixəbərdir və azadiyyətdən məhrumdur və padişahın despotdur və despot zülmünün təsiri və üləma fanatizminin zoru sənin zəf və natəvanlığına bais olubdur və sənin qabiliyyətini künd edibdir və gövhəri-əqlini paslandırıbdır..."

M.F.Axundzadə burada işlətdiyi "despot", "sivilizasyon", "fanatik" terminlərinin ilk dəfə olaraq mənasını açır. Bu açılımlardan görünür ki, çağdaş cəmiyyətin necə olması barədə aydın bir təsəvvürə malikdir. Məsələn, despot onun fikrincə, ibarətdir bir padşahdan ki, "öz əmalında heç bir qanuna mütəməssik və müqəyyəd olmaya və xalqın mal və canına bihəddü inhisar təsəllütü ola və həmişə öz həvayi-nəfsilə rəftar edə və xalq onun təhti-səltənətində əbdi-dəni və rəail olub azadiyyət və bəşəriyyət hüququndan bilküliyyə məhrum ola". Şərqdə despotizm hökm sürür; cəmiyyətdə əqdlər və bərabərlik yoxdur, xalq "nalə və əfgan" ilə günlərini başa vurur, "heç kəs onların dadına yetişmir", padşahın "dünyanın proqresindən xəbəri yoxdur", onlar qafildirlər və padşahlıq onlar üçün yalnız "yaxşı libas geyməkdən", "yaxşı xörək yeməkdən", "axmaq şairlərin onu uşaq aldatması ilə tərifləməsindən" və sair. Hamı şaha yaltaqlanır və şah da bu yaltaqlara inanır. "Despot zülümünün təsiri ilə və üləma fanatizminin zoru" nəticəsində İranda xalqın düşdüyü acınacaqlı vəziyyət yaranıb; yollar xarab olub, hər yerdə ağırlıq kasıb camaatın üzərindədir, vergi yığan məmurlar xalqı hər addımda "işgəncəyə çəkirlər". Onların təbiətlərində insanların əlində olan şeyləri çəkib almaq xarakteri vardır, insanların malını çapıb-talamaqda "hədd-hüdud" bilməzlər.

M.F.Axundzadə Kəmalüddövlənin üç məktubunda İran cəmiyyətini və bu cəmiyyətdə baş verən hadisələri, despotizmi, ədalətsizliyi, qanunsuzluğu, riyakarlığı kəskin şəkildə tənqid edir, bəzən açıq etirazlar edir. Lakin müəllif yalnız etirazla kifayətlənmir, həm də xalqların, cəmiyyətlərin gələcəyi üçün nicat yollarını düşünür. Əgər "Aldanmış kəvakib" əsərində yazıçı bunu təsadüfən hakimiyyətə yiyələnmiş Yusif Sərrac obrazı ilə edirsə, burada elmi, fəlsəfi arqumentlərlə demokratik cəmiyyətin özünü yaratmağa çalışır. "Kəmalüddövlə məktubları"nda sanki müəllif özünün əvvəlki ideyasına düzəlişlər edir; mütləqiyyət zülmünün yalnız geniş xalq kütlələrinin birgə səyi ilə aradan qaldırılacağına inamını ifadə edir. Xalqı despot zülmünün təsirindən və "məzhəbin puç əqaidinin" nəticəsindən ayırmaq lazım idi. Cəmiyyəti hərəkətə gətirmək, despot qüvvələrə qarşı mübarizə əzmi yaratmaq üçün siyasi tərəqqinin vacibliyini önə sürür. Despot qüvvələrlə bağlı "Bunlar bizim can və malımızı himayət edirlərmi?", "Bunlar bizim sınırımızı düşməndən saxlayırlarmı?", "Bunlar bizdən ötrü şəfaxanalar və xəstəxanalar açıblarmı?", "Bunlar bizim ticarətimizə və kəsbimizə rövnəq verirlərmi?" suallarına özü "Yox!" cavabı verərək ardınca qeyd edirdi: "Pəs bunların vücudu nəyə lazımdır?" Onun fikrincə, İranın "nəşeyi-azadiyyətdən" və "hüquqi-insaniyyətdən" xəbəri yoxdur. Hətta onları despotdan da artıq hesab edir.

M.F.Axundzadə dövlət quruluşu ilə bağlı fikirlər də irəli sürür. Bu isə o demək idi ki, o, yalnız tənqid etmirdi, həm də yeni cəmiyyət modelini təklif edirdi. Bu modelə görə cəmiyyət həyatının müxtəlif sahələri - ədliyyə, maarif, ədəbiyyat, etika, təbiətşünaslıq elmləri və s. siyasətlə birgə inkişaf etdirilməlidir. O, millətin inkişafını sivilizasiyada görür və bu yolla cəhalətdən qurtarmasını düşünürdü. Bu zaman "revolyusiya" sözünü işlədir və "Yengi dünyanın" bu yolla inkişafa nail olduğu qənaətinə gəlir. Revolyusiya sözünün mənasını isə xalqın despot padşah və zalımın zülmündən təngə gəlib ona qarşı çıxmalarını və ölkənin qanunla idarə olunmasını qeyd edirdi.

Kəmalüddövlənin üç məktubuna Cəlalüddövlənin yazdığı cavabda müəllif mövcud cəmiyyətin yürütdüyü fikirləri dəyərləndirir. Buradan anlaşılır ki, Kəmalüddövlənin üç məktubu Cəlalüddövləni qorxuya salır və onun başına iş gələcəyindən qorxaraq İranda çox durmamağı və çıxıb gəlməsini məsləhət görür. Kəmalüddövlənin fransızlarla oturub-durduqdan sonra bu cür fikirlərə düşməsini tənqid edən Cəlalüddövlə onun təriflədiyi Avropanın da nöqsanlardan xali olmadığına işarə vurur: "Bizim padşahımız despot isə də, Allaha şükür, genə özümüzdəndir, Allaha şükür ki, biz sizin kimi biganə millətin əlində giriftar olmamışıq. Külli-cahaniyana məlumdur ki, ingilis Hindistan əhalisi ilə nə qism rəftar edir? Məgər sivilizasyon tapan ingilis və qəvanın sahibi ingilis, Hindistan əhli ilə despotdan yaxşı müamilə eləyir? Olara nisbət min mərtəbə genə despota rəhmət".

M.F.Axundzadənin özünütanıma, milli özünüdərk konsepsiyasına fəlsəfi, estetik məqalələrində də rast gəlirik. "Həkimi-ingilis Yuma cavab", "Molla Ələkbərlə mübahisə", "Yek kəlmə" haqqında", "Fehristi-kitab", "Nəzm və nəsr haqqında" və sair kimi onlarla məqaləsində, məktublarında köhnə cəmiyyətin yaralarını açıb göstərməklə yanaşı, yeni cəmiyyətin quruculuq yollarını, köhnə cəmiyyəti yenisi ilə əvəz etməyin mümkünlüyünü arayır. "Melkum xanla söhbətlərdə sualların yozumu və təfsilatı" əsərində Asiyada elmlərin geniş yayılmamasının səbəblərini araşdırır. Azərbaycan ictimai fikrində ilk dəfə olaraq liberalın əxlaq kodeksini müəyyənləşdirməyə çalışır. Cəmiyyəti dəyişmək üçün hər bir insanın üzərinə vəzifə qoyurdu. İnsanın cəmiyyət üzərindəki yeddi vəzifələr içərisində pis əməllərdən uzaq durması, xeyirli işlər görməsi, zülmə qarşı mübarizə aparması, cəmiyyətdə öz yoldaşları ilə ittifaqda yaşaması, elm yolu ilə getməsi, elmi hər yanda yaymağa çalışması kimi vəzifələr mühüm yer alırdı. Əsas vəzifələrdən biri  bundan ibarətdir ki, insan öz qüvvəsi və imkanı daxilində onunla ittifaqda olan cəmiyyətdə, öz həmvətənləri, həmfikirləri arasında qanuni haqlarının müdafiəsi üçün mübarizə aparmasıdır.

M.F.Axundzadə "Yek kəlmə" haqqında" məqaləsində yenə də cəmiyyət və idarəetmə məsələsini qoyur. "Yek kəlmə"ni başdan ayağa oxuduğunu bildirən müəllif "misilsiz və gözəl yazılmış, faydalı kitab"ın "ölmüş millət üçün" yazıldığına əmindir. Onun fikrincə, keçmişdə Avropada belə güman edirdilər ki, zalıma zülmü tərgitdirmək üçün ona nəsihət vermək lazımdır, sonra gördülər ki, nəsihət zalıma qətiyyən təsir etmir, sonra dinin maneəsini dəf edərək elmi inkişaf etdirmək yolunu tutdu və həmrəylik göstərərək zalıma müraciətlə "Səltənət və hökumət busatından əl çək!" söylədi. Bundan sonra isə Konstitusiyanı yaratdı. O, "Yek kəlmə" müəllifinə üz tutaraq "Aya, sizin millətiniz də zalıma "Səltənət və hökumət busatından əl çək!", - deməyi bacararmı" sualını ünvanlayır və özü də "Yox!" cavabını verirdi.

M.F.Axundzadə qarşıdan gələn epoxanı böyük uzaqgörənliklə dərk edir, xalqının, millətinin gələcəkdə dünya xalqları arasında yer tutması üçün tərəqqi etmənin yollarını arayırdı. Lakin tərəqqi üçün fərdlərin, xalqın özünü tanıması, fərdlərin azadlığı əsas məsələlərdən biri idi. Ona görə də milli ictimai fikrin baş memarı islahatçı rolunda çıxış edir, xalqın milli, mədəni, mənəvi, ictimai-siyasi cəhətdən inkişafını şərtləndirən faktorlara üstünlük verirdi.

 





10.09.2020    çap et  çap et