525.Az

Eynək - Hekayə


 

Eynək - <b style="color:red">Hekayə </b>

Bəhram İstanbulda universitet təhsilini başa vurub, həyata ilk göz açdığı kəndə qayıtmışdı. Bu kənd şəhər ətrafında yerləşirdi. Buna görə də, o, şəhərdəki müəssisələrdən birində ixtisasına uyğun işə düzəlmişdi. Hər şey öz axarıyla gedirdi.

İrsən gözlərində zəiflik olan Bəhram hələ yeniyetmə yaşlarından eynək taxırdı... Gözündəki sonuncu eynək də elə ona İstanbul həyatından bir xatirə idi...

Günlərin birində necə oldusa, Bəhram eynəyi yerə salıb sındırdı. Yenidən alıb gözünə taxdığı eynək isə nə ürəyinə yatırdı, nə də gözünə... Çox düşünüb-daşındıqdan sonra İstanbulda tələbə yoldaşı olan və bir-iki aya təhsilini başa vurub vətənə dönəcək Cavidə telefonla zəng etdi. Eynəyin ölçüsünü də dedi və bildirdi ki, gələndə oradan ona bir eynək alıb gətirsin, pulunu ödəyəcək.

... Bəhram son zamanlarda baş verən Xocalı faciəsini heç cür unuda bilmirdi. Xüsusən də, bu faciəni özündə əks etdirən fotolara və tükürpədici sənədli kadrlara baxarkən əsəblərini cilovlaya bilmirdi. Bütün varlığı şıdırğı yağışdan limhalim dolub-daşan dərələrin seli kimi kükrəyirdi. Düşünürdü ki, bu selin qabağını ancaq qisas ala bilər, qisas!.. Daxili dünyası da gündən-günə elə bu ağrılı-acılı hisslər üstə köklənirdi...

Çox düşünüb-daşındıqdan sonra Bəhram könüllülər batalyonuna yazılmaq fikrinə düşdü. Anası nə qədər israr etsə də, fikrindən dönmədi: "Eh, ay ana, mənə deyirsən ki, evin tək oğlusan... Onsuz da indi elə əksərən hər evin bir oğlu var də. Onda gərək bu yurdu, bu torpağı qorumayaq!.. "

Əyninə hərbi paltar geyindi, çiyninə avtomat keçirdi Bəhram. Cəbhəyə gəldiyi gündən  döyüşçü yoldaşları arasında öz zirəkliyi ilə seçildi və onların arasında mahir bir atıcı kimi tanındı. Hətta bir gün erməni quldurlarını Qarabağa döyüşə gətirən vertolyotu da sərrast atəşlə məhv etdi...

Dostları zarafatla Bəhrama deyirdilər ki, qardaş, sənin dörd gözün var, ona görə dığaları bizdən daha sərrast nişan alırsan!.. O, vertolyotu vurduğu gündən erməni quldurlarının arasında narahatlıq daha da artmışdı... Yağılar poralaşa-poralaşa qalmışdılar. Onlar qarşı tərəfdə belə bir sərrast atıcının olduğundan duyuq düşmüşdülər... Nə yolla olursa-olsun onu aradan götürmək üçün hər cür hiyləyə əl atırdılar. Ancaq niyyətləri həmişə boşa çıxırdı...

... Bir gecəyarısı gedən döyüşdə düşmən mərmisi Bəhramın yaxınlığına düşüb partladı. Mərminin qırıntılarından bir neçəsi onun üstünə səpələndi, sifəti al-qırmızı qana boyandı... Əsgər yoldaşları onu döyüş meydanından çəkib çıxartdılar və "təcili yardım"la səhra hospitalına yola saldılar. Gözlərindəki zədənin ağırlığı nəzərə alınaraq Bakıya - Mərkəzi hospitala göndərildi. Bütün müayinələrin və müalicələrin yekunundan sonra məlum oldu ki, Bəhram bir daha işıqlı dünyaya baxa bilməyəcək...

Palatada Bəhramın ürəyi çox sıxılırdı. Gözlərinin açılacağı, canını sarğıdan qurtaracağı günü səbirsizliklə gözləyirdi. Sağını-solunu əzalarının - əl və ayaqlarının təması ilə seçirdi... Burada müalicə olunduğu bir ay müddətində o, nə sağlamlığının qeydinə qalan qayğıkeş həkimlərin, nə də olduqca mehriban tibb bacılarının üzünü görmüşdü. Onların simasını xəyalən, fəhmlə  təsəvvür edirdi...

Bəhramın üz-gözündəki yaralar getdikçə sayalanırdı. Xəstəxanadan çıxmasına beş-alltı gün qalırdı. Həkimlər toxtaqlıq üçün ona demişdilər ki, heç narahat olma, gözlərin açılacaq, amma buna vaxt lazımdır...

Bəhram bir səhər tibb işçisinin köməkliyi ilə yuyunub, səhər yeməyini yedikdən sonra kətildə əyləşib fikrə getmişdi. Birdən qapı açıldı və yaxınlaşıb onu qucaqlayan Cavidi səsindən tanıdı:

- Qardaş, xoş gördük. Evinizdən belə, soraqlaya-soraqlaya axır ki, gəlib səni tapdım.

Dostlar qucaqlaşdılar. Bəhram keçmiş olduğu döyüş yollarından danışdı... "Çox darıxıram, - dedi. Ani pauzadan sonra sözünə davam etdi. - Bircə bu gözlərim açılsaydı, yenidən cəbhəyə yollanardım!"

Cavid artıq öyrənib bilmişdi ki, Bəhramın gözləri ömürlük qaranlığa məhkumdur. Dostunun eynək ismarıcını yerinə yetirsə də, içərisində boğula-boğula qalmışdı... Buna görə də tərəddüd keçirirdi. Elə bil ki, dərin bir quyuya düşmüşdü. Ha əl-qol atsa da, bu quyudan çıxa bilmirdi. Onun gətirmiş olduğu eynək artıq dostu üçün gərəksiz bir əşya idi...

Cavid tərəddüd içərisində idi. Bilmirdi ki, eynəyi Bəhrama versin, yoxsa geri qaytarsın... Fikirlərin dolanbacında dolana-dolana axır ki, bir qərara gəlib çıxa bildi. Fikirləşdi ki, hər halda eynəyi verməklə  dostunun qəlbindəki ümid qığılcımlarını sönməyə qoymaz.

- Tapşırdığın eynəyi gətirmişəm, Bəhram!.. İstanbuldan... Türkiyə eynəyi!.. Qorxma, onunla daha yaxşı görəcəksən!.. O alçaqları indi daha dəqiq nişan alacaqsan. Sağal bircə, özüm də gəlib səninlə döyüşə gedəcəm!..

Cavid Bəhramla bir xeyli söhbətləşdi. Sonra ayağa qalxdı:

- Qardaş, sənə şəfa diləyirəm, möhkəm ol! Beş-on gündən sonra yanına yenə qayıdıb gələcəm, dedim də, birlikdə gedəcəyik döyüşə!

... Cavidin gedişindən sonra palata yenidən sükuta qərq olmuşdu. Bəhram kətildə əyləşib dərin fikrə dalmışdı. Dostunun Türkiyədən gətirdiyi eynəyi bərk-bərk ovcunun içində tutub, arabir əlləriylə ona sığal  çəkirdi. Dərin xəyalların ağuşunda eynəyi gözünə taxacağı günü səbirsizliklə gözləyirdi... Axı qisas günü hələ qabaqdaydı... Düşünürdü ki, Türkiyədən gələn eynəklə yağılara daha sərrast atəş açacaq...   

 





10.09.2020    çap et  çap et