525.Az

“Əlincəçay mahalının epiqrafik abidələri” monoqrafiyası təqdim edildi


 

“Əlincəçay mahalının epiqrafik abidələri” monoqrafiyası təqdim edildi <b style="color:red"></b>

AMEA Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Əlincəçay mahalının epiqrafik abidələri” adlı monoqrafiyasının təqdimatı olub.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək qədim tarixə malik olan və yerli əhali arasında Əlincəçay mahalı kimi tanınan Culfa rayonu ərazisində bir sıra yaşayış məskənlərindən günümüzədək gəlib çatan epiqrafik abidələrə həsr olunan əsərin müasir dövr üçün aktuallığından danışıb.

Akademik diqqətə çatdırıb ki, Culfanın ərazisi orta əsrlərin müxtəlif dövrlərində həkk olunmuş epiqrafik abidələrlə çox zəngindir. Rayon ərazisi indiyədək arxeoloji cəhətdən müəyyən qədər öyrənilsə də, Əlincəçay mahalı ərazisində bu günə qədər gəlib çatmış kitabələr tam və sistemli şəkildə toplanıb tədqiq edilməyib, onlara xüsusi tədqiqat işi həsr olunmayıb. Vaxtında qeydə alınmaması və tədqiq edilməməsi, bu qəbil abidələrin əksəriyyətinin açıq havada olması səbəbindən həmin kitabələrin bir hissəsi zaman keçdikcə sıradan çıxıb, özlərində əks etdirdikləri dəyərli tarixi faktlarla birlikdə məhv olublar.

İsmayıl Hacıyev deyib: “Tədqiqat əsərində Azərbaycanın orta əsrlər dövrü siyasi-iqtisadi və mədəniyyət tarixinin bir sıra məsələlərinin aydınlaşdırılması üçün zəngin faktlar təqdim edən abidələr əsasında bəzi yaşayış məskənlərinin, memarlıq abidələrinin, qəbiristanlıqların tarixi müəyyənləşdirilib. Kitabələrin köməyi ilə bir sıra görkəmli şəxsiyyətin, o cümlədən Azərbaycan hökmdarlarının, orta əsrlər zamanı Əlincəçay mahalından çıxmış və ya orada yaşamış dövlət xadimlərinin, hərbiçi-sərkərdələrin, sufi təriqətləri rəhbərlərinin, kübar ailələrə məxsus bir sıra qadınların və başqa insanların adları, daşıdığı titullar, vəfat tarixləri, qəbirlərinin yeri və sair aşkar olunaraq elmi dövriyyəyə daxil edilib”.

Nəşrin Naxçıvanın orta və son orta əsrlər dövrü tarix və mədəniyyətinin müxtəlif problemlərini aydınlaşdırmaq üçün zəngin material olduğunu deyən bölmə sədri müəllifə bundan sonrakı elmi fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim və orta əsrlər tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyevin “Əlincəçay mahalının epiqrafik abidələri” monoqrafiyası haqqında bir neçə söz” mövzusunda məruzəsi dinlənilib.

Tədbirdə institutun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Yaşar Rəhimov və Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov çıxış edərək ictimaiyyətə təqdim olunan monoqrafiyanın elmi dəyərindən danışıblar. Qeyd olunub ki, monoqrafiya Əlincəçay mahalına məxsus epiqrafik abidələri özündə əks etdirən ilk sanballı tədqiqat əsəri, diyarımızın tarixinin tədqiqatçıları üçün zəruri vəsait olmaqla, Naxçıvanşünaslığa ən qiymətli töhfədir.

Bildirilib ki, mahala daxil olan yaşayış məskənlərindən günümüzədək gəlib çatan, yerli sənətkarlar tərəfindən hazırlanan sənduqə və qoç heykəl tipli qəbirüstü xatirə abidələri orta əsrlər zamanı bu ərazidə daş üzərində işləmə-bədii daşyonma və xəttatlıq sənətinin inkişaf mərhələlərini izləməyə imkan verməklə bərabər, bu sənətlərin yüksək dərəcədə inkişaf etdiyini təsdiqləyən çox sanballı qaynaqlardır. Həmin məlumatlar da yeni nəşrdə öz əksini tapıb.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası ərazisində epiqrafik abidələrin yayılması xəritəsi, o cümlədən kitabələrin fotosu və qrafik təsvirlərin də əlavə edildiyi monoqrafiyadan tarixçilər, doktorantlar, magistrlər, tələbələr, ümumilikdə, Azərbaycan tarixi ilə maraqlananlar faydalana bilərlər.

Sonda müəllif Fəxrəddin Səfərli çıxış edərək, 1995-2019-cu illərdə çap olunan elmi əsərlərin statistikasına nəzər salıb. Alim muxtar respublikada elm adamları, tədqiqatçılar üçün yaradılan hərtərəfli şəraitə, diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova öz minnətdarlığını bildirib.

 





11.09.2020    çap et  çap et