525.Az

2013-cü il: əsas geosiyasi hadisələr


 

2013-cü il: əsas geosiyasi hadisələr<b style="color:red"></b>

Keçən il bir çox hadisələrlə yadda qaldı. Ziddiyyətlər, böhranlar və silahlı toqquşmalar dünyanın müxtəlif regionlarında müşahidə edildi. Böyük dövlətlər arasındakı münasibətlərdə düşündürücü məqamlar özünü göstərdi. Azərbaycanda 2013-cü ildə əlamətdar hadisələr çox oldu. Daxili və xarici siyasətdə əldə edilən nailiyyətlər ölkənin beynəlxalq nüfuzunu yüksəltdi.

Azərbaycan 2013: yüksəliş ili

2013-cü il dünya üçün ziddiyyətli, sürətli, lakin maraqlı geosiyasi proseslər dövrü oldu. Qlobal miqyasda cərəyan edən hadisələrə eyni bir bucaq altında baxmaqla müəyyən dərəcədə bir sıra ümumi tendensiyaları aydınlaşdırmaq olar. Qarşıya düşündürücü mənzərə çıxır. Bütövlükdə bəşəriyyətin hansı istiqamətdə inkişaf etməsi üzərində fikirləşmək və nəticələr çıxarmaq lazım gəlir. Ayrıca, Azərbaycanın 2013-cü ildə əldə etdiyi nailiyyətlər ölkənin uğurlu inkişaf yolunda olduğunu təsdiq edir. Bütün bunlar keçən ilin tarixdə xüsusi il olacağı fikrini yaradır.

Əvvəlcə Azərbaycan üçün 2013-cü ilin əhəmiyyət kəsb edən hadisələri üzərində dayanaq. Şübhəsiz, burada hər şeydən əvvəl prezident seçkisini vurğulamaq lazımdır. Ötən il oktyabrın 9-da keçirilən seçki bir çox aspektdə ölkədə baş verən dəyişikliklərin mahiyyətini nümayiş etdirdi. Azərbaycan cəmiyyət olaraq siyasətdə İlham Əliyevə alternativin olmadığını göstərdi. Bunu ümumilikdə ictimai rəyin tarixi seçimi kimi qəbil etmək lazımdır.

Çünki, birincisi, İlham Əliyev yüksək siyasi peşəkarlıq və mədəniyyətin nümunəsi kimi cəmiyyət tərəfindən tam qəbul olunur. Artıq Azərbaycan vətəndaşları siyasi plüralizmi özbaşınalıqdan, populizmi isə səmərəli fəaliyyətdən fərqləndirə bilirlər. Demokratik cəmiyyət quruculuğu prosesində bu, çox mühüm amildir.

İkincisi, prezident seçkisi Azərbaycan cəmiyyətinin monolitliyini bir daha təsdiq etdi. Bu aspektdə Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki, daxili siyasətlə xarici siyasəti səmərəli uyğunlaşdıra bilib. Əminliklə demək olar ki, Azərbaycanda müstəqil dövlət quruculuğu prosesi baş tutub. Həmin məqam strateji baxımdan ciddi əhəmiyyət kəsb edir.

Üçüncüsü, İlham Əliyevin həyata keçirdiyi modernləşmə kursunu vətəndaşlar dəstəkləyir və onun perspektivinə inanırlar. Burada mühüm faktorlardan biri vətəndaş cəmiyyəti quruculuğu istiqamətində əhəmiyyətli mərhələyə qədəm qoyulmasından ibarətdir.

2013-cü il Azərbaycanın beynəlxalq aləmdə uğurlu fəaliyyəti ilə yadda qalacaq. Burada ölkənin BMT Təhlükəsizlik Şurasına sədrliyini ayrıca vurğulamaq lazımdır. Azərbaycan ilk dəfə 2012-ci ilin mayında həmin vəzifəni yerinə yetirmişdi, sonra 2013-cü ilin oktyabrında sədrlik vəzifəsini yerinə yetirdi. Bu zaman Azərbaycan həmin təşkilat çərçivəsində bir sıra əhəmiyyətli mövzular üzrə müzakirələr və yüksək səviyyəli tədbirlər təşkil etdi.

Keçən ildə Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətdə strateji prioritet olaraq qaldı. Bu istiqamətdə ölkə diplomatiyası yeni uğurlara imza atdı. Beynəlxalq aləmdə İrəvanın bu məsələdə mövqeyi xeyli zəiflədildi. Rəsmi Bakı səmərəli enerji siyasəti ilə Ermənistanın xarici siyasətinin perspektivsizliyini bir daha dünyaya sübut etdi.

2013-cü il enerji siyasəti sahəsində çox mühüm bir hadisəyə şahidlik etdi. Trans-Adriatık boru kəməri (TAP) layihəsi əsas ixrac marşrutu kimi seçildi. Dekabrın 17-də isə "Şahdəniz-2" layihəsinə dair yekun investisiya qərarı qəbul edildi.

Mühüm məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan 2013-cü ildə müxtəlif sahələr üzrə inkişafa nail oldu. Həmin sırada keçən ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunmasının xüsusi əhəmiyyəti vardır. Müasir dövrdə həmin sahə aparıcıdır. İdarəetmədə, sosial-iqtisadi inkişafda informasiya texnologiyalarının rolu durmadan artır. Bu o deməkdir ki, Azərbaycan dünyanın aparıcı dövlətləri səviyyəsində müasir texnoloji imkanlardan yararlanmaq kursunu inamla həyata keçirir. Bu xüsusda ölkənin 2013-cü ildə öz süni peykini orbitə buraxmaqla kosmik dövlətə çevrilməsini ayrıca qeyd etmək gərəkdir.

Bu uğurların fonunda Azərbaycanın beynəlxalq iqtisadi reytinqinin yüksəlməsini unutmaq olmaz. 2013-cü ildə Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanılıb. İqtisadiyyatın diversifikasiyası genişlənib və sürətlənib. Bu aspektdə qeyri-neft sektorunun inkişafı diqqəti daha çox cəlb edir. Regionların inkişafı sürətlənib, valyuta ehtiyatlarının səmərəli idarə edilməsi yeni səviyyəyə qalxıb. Özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb. Bunlar əhalinin sosial rifahının daha da yaxşılaşmasına səbəb olub. Belə ki, 2013-cü ildə istehsal edilən ümumi daxili məhsulun (ÜDM) həcmi 52,1 milyard manata çatıb. Onun 63,5 faizi istehsalın payına düşür.

Bütün bunlar Azərbaycanın 2013-cü ildə yeni inkişaf mərhələsinə qalxdığını göstərir. Ölkə bütün sahələr üzrə islahatlar prosesini dərinləşdirib və genişləndirib. Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafı, onun beynəlxalq aləmdə nüfuzunun artması ilə müşayiət olunur. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə Azərbaycan xalqına təbrikində vurğulayıb: "2013-cü il ölkəmiz üçün çox uğurlu il olmuşdur. Ölkəmizin bütün istiqamətlər üzrə inkişafı hər bir Azərbaycan vətəndaşını sevindirir. Bizim beynəlxalq mövqelərimiz möhkəmləndirilmişdir. Azərbaycanın həm ikitərəfli və həm də çoxtərəfli formatda beynəlxalq əlaqələri artmış, güclənmişdir. Biz iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda fəal siyasət aparmışıq və böyük beynəlxalq dəstək qazanmışıq" (bax: Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki / AzərTAc, 1 yanvar 2014).

Dünya: böhranlardan geosiyasi yeniliyə doğru

Dünya üzrə 2013-cü ildə planetin geosiyasi mənzərəsinin gələcəyi ilə bağlı maraq doğuran hadisələr baş verdi. Onların sırasında Yaxın Şərq regionunu ayrıca vurğulamaq lazımdır. Burada Suriya məsələsi il boyu qlobal geosiyasi güclərin mübarizə meydanı kimi qəbil edilə bilər.

Suriya faktiki olaraq həm regional, həm də qlobal güclərin münasibətlərinin aydınlaşdırılması məkanına çevrildi. Digər tərəfdən, bu ölkə Yaxın Şərqdə dini məzhəbçiliyin siyasətdəki rolu ilə əlaqədar yeni vəziyyətin yaranmasını motivasiya edən məkan oldu. Artıq müsəlman ölkələri üçün məzhəb amilinin daha çox dərəcədə siyasi məzmun kəsb edə biləcəyini proqnozlaşdırmaq olar.

Suriya ilə yanaşı, İran məsələsi də il ərzində dünya siyasətinin aktual mövzusu olub. Tehranın sanksiyaların yumşaldılması müqabilində nüvə proqramını məhdudlaşdırmaq vədini verməsini qlobal miqyasda ciddi geosiyasi faktor kimi qiymətləndirmək olar. Ekspertlər bu hadisəni Yaxın Şərqlə yanaşı, bütün dünyada geosiyasi qüvvələr nisbətini dəyişə biləcək məqam olaraq qəbul edirlər.

Misirdəki hərbi çevrilişi, bizim versiyamıza görə, ilin mühüm hadisələri sırasına daxil etmək olar. Çünki bu proses faktiki olaraq İslami ideologiyaya malik siyasi qrupların müasir geosiyasi səhnədə hansı səviyyədə duruş gətirə biləcəyini ortaya qoydu. Təsadüfi deyil ki, bir sıra ekspertlər Misir hadisələrini bütövlükdə müsəlman ölkələrinin siyasi taleyinə təsir edə biləcək hal kimi qiymətləndirirlər.

2013-cü il üçün vacib sayılan hadisələrdən biri kimi D.Snoudenin ABŞ kəşfiyyatının bəzi məxfi informasiyalarını KİV-ə sızdırmasını qeyd edirlər. Həqiqətən də həmin hadisə dünyanın bir neçə ölkəsi ilə ABŞ arasında müəyyən problemlər yaratdı. Ümumiyyətlə, müasir dövrdə kəşfiyyatın sərhədlərini dəqiqləşdirmək məsələsini aktuallaşdırdı.

Nəhayət, Ukraynada baş verən prosesləri vurğulamamaq olmaz. Bunun səbəbi həmin hadisələrin ümumən postsovet məkanına böyük təsir edə biləcəyi ilə bağlıdır. Belə proqnozlaşdırmaq olar ki, Kiyevin seçimi 2014-cü ildə Avrasiya məkanındakı geosiyasi dinamikanı dəyişə bilər.

Bütün bunlarla yanaşı, onu demək lazımdır ki, 2013-cü ildə ABŞ-Çin münasibətləri daha kəskin xarakter aldı. Onların mübarizəsi əsas olaraq Sakit okean hövzəsi və Mərkəzi Asiya məkanlarında getdi. Eyni zamanda, Afrika qitəsində nüfuz uğrunda savaş şiddətləndi.

Ekspertlər hesab edirlər ki, belə vəziyyətin yaranması 2014-cü ildə Əfqanıstandan NATO əsgərlərinin çıxarılması ilə həmin regionlarda yeni ziddiyyətli geosiyasi mənzərənin yaranmasına aparıb çıxaracaq. Bu kontekstə terrorun şiddətlənməsi gözləniləndir. O cümlədən, "əl-Qaidə"nin Mərkəzi Asiya, Rusiya və Çində fəallaşması proqnozlaşdırılır.

Beləliklə, 2013-cü il dünya siyasəti üçün prinsipial və kritik yeniliklər dövrü oldu. Bu, 2014-cü ildə dünya geosiyasi mənzərəsində bəşəriyyətin taleyinə təsir edə biləcək proseslərin təməlinin qoyulduğu proqnozunu söyləməyə əsas verir. Həmin anlamda 2013-cü il yeni qlobal geosiyasi nizamın başlanğıcı sayıla bilər. Doğrudur, bu il bütövlükdə dünya üçün ağrılı oldu. Yəqin ki, köklü yeniləşmələr başqa cür olmur.

Newtimes.az

 





17.01.2014    çap et  çap et