525.Az

Yunanıstan: səfər təəssüratları və zəngin keçmişi barədə düşüncələr


 

Yunanıstan: <b style="color:red">səfər təəssüratları və zəngin keçmişi barədə düşüncələr</b>

I FƏSİL 

Səyahət xatirələri 

1983-cü ilin avqustunda Moskvadan Afinaya işgüzar səfərə yollanmışdıq. Bu ölkə və onun ibrətamiz keçmişi ilə, mütaliəm hesabına bir qədər tanış idim. Hamıya yaxşı məlumdur ki, Yunanıstan qədim və böyük tarixə malik bir ölkədir, onun torpaqlarında Elladanın çox sayda gözəl abidələri qalmışdır. Qədim yunanların elmi, incəsənəti, mədəniyyəti, arxitekturası Avropa, əslində, əsasən bütün dünya mədəniyyətinin başlanğıcı olmuşdur. Bu böyük xidmətinə görə Yunanıstan haqlı olaraq "Avropa sivilizasiyasının beşiyi" adlanır. 

Paytaxtda qarşılanmağımız 

Təyyarə Afina Beynəlxalq Hava meydanında yerə enəndə pilot kabinəsinin yanındakı qapıya da pilləkən verdilər. Cavan bir oğlan salona daxil olub, birinci cərgədə oturduğumuza görə bizə müraciət etdi və mənim soyadımı səsləndirdi. Tanışlıq verdikdə bildirdi ki, sizi səfir qarşılayır. Nəzakət xatirinə əlimdəki diplomat keysini də aldı. SSRİ-nin Yunanıstandakı səfiri, təcrübəli diplomat olan V.F.Kabişkin pilləkənin yanında məni salamladı və baqajlar verilənə qədər aeroportun ikinci mərtəbəsində oranjad və kofe içməyə dəvət etdi. Azacıq istirahətdən sonra biz qanadında SSRİ dövlət bayrağı olan "Mercedes"ə əyləşib, şəhərin kənar hissəsində yerləşən səfirliyə getdik. İri kompleks fasadı ağ mərmərdən olan binalardan ibarət idi və bir az əvvəl tikilib istifadəyə verilmişdi. Mərasimdə SSRİ Nazirlər Sovetinin sədri N.A.Tixonov da iştirak etmişdi.

Səfirlik bizim eradan əvvəl 490-cı ildə Marafon döyüşündə yunanların, onları cəzalandırmaq üçün I Dara tərəfindən qaldırılan ikinci yürüşdə Persiya ordusu üzərində qələbə çalması xəbərini gətirən döyüşçünün yıxılıb öldüyü yerdə yerləşirdi. Səfir Vladimir Fyodoroviç bizi xanımı ilə tanış etdi, özü xidməti işi ilə əlaqədar üzr istəyib, kabinetinə yollandı. Biz isə dəhlizdə xanımının göstərişi ilə çərəzə və sərin içkilərə qonaq olduq. Səfir qayıtdıqda xüsusi otaqda təşkil edilən ziyafətə dəvət edildik. Ziyafətdə xanımı da iştirak edirdi və ofisiant yaxınlaşıb boşqablara xörək qoyurdu.

Birdən yadıma təyyarə salonunda yanımda oturmuş yeni tanışım - görkəmli riyaziyyatçı, V.A.Steklov adına Riyaziyyat İnstitutunun Leninqrad filialının direktoru, SSRİ Elmlər Akademiyasının həqiqi üzvü L.D.Fadeyev düşdü. Bu gənc, istedadlı alim olduqca sadə bir insan idi, qızmar yay olduğuna baxmayaraq, qara yun kostyum geyinmişdi. Pencəyinin qolunda siqaretin yandırmasının izi kimi deşik də var idi. Lyudviq Dmitriyeviç aeroportda qalmışdı ki, Krit adasına uçuşunu gözləsin. Onu da nahara gətirməyi təklif edəndə, səfir lazımi tapşırıqlar verdi və bir qədər sonra minnətdarlığını izhar edən akademik də məclisimizə qatıldı.

Moskvadan tələsik uçduğuma görə səfər proqramı ilə tanış olmamışdım, ona görə də səfir gedəcəyimiz marşrutu elan etdi. Beləliklə, biz Fadeyevlə birlikdə axşamüstü Krit adasına, Xanya şəhərinə nəhəng "A-300" aerobusunda uçmalı olduq. Orada onunla xudahafizləşəndə, əlində kiçik bir keys olduğunu gördüm və özümüzün suvenir ehtiyatından ona bir butulka konyak və bir butulka şampan şərabı verdim. O, Ortodoks (pravoslav) Akademiyasında mühazirə oxumağa gəlmişdi və bir neçə həftə adada olacaqdı. Hədiyyələrə görə razılığını və Leninqradda görüşümüzü arzu etdiyini bildirdi.

Paytaxtla qısa da olsa tanış olmadan, biz beləliklə, ölkəyə səfərə çıxdıq.  

Yunanıstanın təbii şəraiti 

Yunanıstan qədim olduğu kimi, həm də təbiəti etibarilə maraqlı ölkədir. Aralıq dənizi ölkəsi olmaqla, Avropanın və Asiyanın çıxıntısında yerləşir. Belə coğrafi vəziyyəti onun bu diyarın mühüm ticarət-nəqliyyat əhəmiyyətinə malik olmasına şərait yaratmışdır. Ölkə Balkan yarımadasının cənub qurtaracağıdır, dənizlərdəki mindən çox adaya malikdir. Onlardan ən böyüyü isə bizim ilk səfər mənzilimiz olan Kritdir.

Yunanıstan sahillərini Egey, Krit, İon və Aralıq dənizlərinin suları yuyur. Çox saydakı körfəzlər əlverişli təbii liman rolunu oynayır. Qədim yunanlar finikiyalılardan və karfagenlərdən sonra ən fərasətli dənizçilər sayıla bilərdi.

Ölkənin təbii şəraiti, dağlıq, həm də dənizlərlə əhatə olunması, buradakı iqlim hələ qədim yunanların xarakterinə, iradəliliyinə, axtarışlara, kəşflərə meyl etmələrinə də mühüm təsir göstərmişdir. Dağlıq, meşəsiz qayalıq ərazi dənizdən gələn mülayim meh ilə havanı yumşaldır, bu qəribə sintez yunanlarda həyata vurğunluq, qəribə də olsa, özünü elmə, incəsənətə ehtiraslı şəkildə həsr etmək vərdişi, həm də yüksək vətənpərvərlik hissləri aşılamışdır.

Dənizçilik onlar üçün torpaqda işləməyi də əvəz etdi. Hərbi sahədəki uğurları da xeyli dərədə döyüşkən donanmalara malik olmaları ilə əlaqədar idi. Bizim eradan əvvəl VI əsrin sonunda və V əsrin başlanğıcında üç dəfə Persiyanın, Əhəməni imperiyasının təhlükəli müdaxiləsinə məruz qalan yunanlar nəticə etibarilə düşmənə tutarlı cavab vermiş və qəti qələbə çalmışdılar. Minillər keçdikdən sonra da yunanların ruhundakı mübarizə alovu sönməmiş, XIX əsrdə 400 ilə qədər davam edən Osmanlı əsarətindən xalq nəhayət xilas ola bilmişdi.

Yunanıstanın landşaftı qayalıq, adətən meşəsiz və az sayda əhalinin yaşadığı məkan olmaqla, həm də dənizlərdən ibarətdir. İlin çox hissəsində buludsuz göy və günəşin qızdırdığı hava, həm də subtropik iqlim, əhval-ruhiyyəyə yaxşı təsir göstərir. Ölkənin ən böyük problemlərindən biri seysmik aktivlik, zəlzələlərin baş verməsidir, bu sahədə Yunanıstan Avropada yalnız İtaliyadan geri qalır. Digər bir problem isə torpaqların eroziyaya uğramasıdır. Bu dağıdıcı proses bütün dağlıq ölkələrə xasdır.

Yunanıstanın dağları bizim Kiçik Qafqaz dağlarına bənzəyirlər, uca deyillər. Yalnız Olimp dağ silsiləsinin hündürlüyü 3 min metrə çatır. Dağlar iqlimə də böyük təsir göstərir.

Aralıq dənizi sularının verdiyi nəhəng isti ehtiyatları hesabına qışda havanın hərarəti xeyli yüksək olur. Çökəkliklərdə və dağların aşağı hissəsində bitkilərin vegetasiya prosesi kəsilmir. Portağal və mandarin ağacları bizdəki xurma bağlarında olan kimi yetişən qızılı rəngdəki meyvələrini qışda da saxlayır.

Yay, ümumiyyətlə, quraqlıq keçir. Sahil zonalarında dəniz mehi istini mülayimləşdirir, biz bunu xüsusən adalarda hiss edirdik.

Yunanıstanda meşələr azdır, kolluqlar daha geniş yayılmışdır. Onların ən tipik nümayəndəsi zeytundur. Bu həmişəyaşıl ağac kiçik yarpaqlara və geniş çətirə malikdir. Zeytun plantasiyaları, adətən, təpələrin yamaclarında və daşlıq vadilərdədir.

Yunanıstan üç materikin qovuşmasında yerləşdiyinə görə ölkənin faunası qarışıq xarakter daşıyır. Meşələr az olduğuna görə ölkənin heyvanlar aləmi məməlilər barədə kasıbdır. Quş faunası isə müxtəlif olmaqla yanaşı, həm də bolluğu ilə seçilir.

Egey dənizinin adalarına gəldikdə, Krit adasının bitki örtüyü və heyvanat aləmi özünəməxsusdur və ölkənin digər ərazilərindən fərqlənir. Bu adalar yazda və yayın əvvəlində çox mənzərəli olur. Dağların yamacları üzümlüklər, zeytun meşələri, meyvə bağları ilə örtülmüşdür. Yunanlar yayın əvvəlində yetişən portağal da becərirlər.

Adaların, demək olar ki, hamısı rütubətin çatışmamasından əziyyət çəkir. Orada kiçik çaylara da rast gəlmək mümkün deyildir. İsti yayda burada içməli su hətta şərabdan baha olur. Adaların xeyli hissəsinə, Küveyt, Malta və Kıprıs (Şimali Kipr) ölkələri kimi içməli su kənardan gətirilir. 

Təbii şəraitin insanlara təsiri 

Dağlıq ərazi və dənizlərlə əhatə insan xarakterinin və iradəsinin möhkəmləndirir, onu qeyri-adi qaydadakı işgüzarlığa öyrədir. Təbiət heç nəyi yunanlara zəhmətsiz, hazır şəkildə verməmişdir. Belə şəraitdə yaşayanlar kiçik nəticə üçün böyük əmək sərf etməli olur, onlarda tənbəllərə heç də xas olmayan ehtiras və torpağa güclü bağlılıq hissləri yaranır. Qədim yunanlar nə ilə məşğul olurdularsa, ona ehtirasla girişir, uğur naminə hər cür fədakarlığa gedirdilər. Onların elmə, mədəniyyətə, şəhərsalmaya qızğın bağlılıqları xarakterlərinin cilalanmasından xəbər verirdi.

Qədim yunanların həyat tərzində tənbəlliyə, bekarçılığa yer yox idi. Atletika yarışları qədim yunanların həyatında böyük yer tuturdu. Yunan şəhərlərində gənclərin məşğul olması üçün qimnasiya və palestr adlanan xüsusi meydançalar düzəldilirdi. Gənclər və yeniyetmələr ilin mövsümündən asılı olmayaraq bütün günlərini orada keçirir, müxtəlif növ idmanla məşğul olurdular. Məşhur Olimpiya oyunları hər dörd ildən bir keçirilirdi. Hər şəhər bu oyunlarda öz şərəfini qoruyurdu. Yunanlar yalnız şəhər divarları arasında keçirilən yaşayışı normal həyat hesab edirdilər, çünki burada ruhi və fiziki fəaliyyətin bütün növləri ilə məşğul olmaq mümkün idi. Azad insana - həqiqi ellinə məhz belə həyat tərzi layiq olan kimi sayılırıdı və bunda da yunanlar ətrafdakı "barbar" xalqlardan özlərinin başlıca fərqlərini görürdülər.

İstənilən sahədə ehtiraslı fəaliyyət, özünü hansısa bir işə qızğınlıqla həsr etmək olduqca faydalı, həm də böyük nəticələr verir. Yunanların fəlsəfədə, elmin digər sahələrində, arxitektura və hərb sənətindəki qazandıqları yenilikəri məhz həmin fenomenin bəhrəsi saymaq olar. Qədim yunanlar bu məsələdə müasir yaponları xatırladırlar. Yaponlar Meydzi inqilabından (1868-ci il) sonra öz müsbət ənənələrinə sadiq qalmaqla, bütün sahələrdə avropalaşmağa, təhsildə və texnologitada proqressə aid olanların tətbiqinə böyük diqqət verməklə, hərbi qüdrətlərinin yüksəlməsilə xüsusi ilə məşğul oldular. Bunun sübutu kimi, qısa müddətdən sonra, 1905-ci ildə Tsusima boğazında Rusiya donanmasını darmadağın etdilər. Onlar hərb sənətinə böyük həvəs göstərir, bu işin bütün sahələrində qeyri-adi bir qaydada xüsusi ehtiras, özünü vurğunluqla həsr etmə nümayiş etdirirdilər. II Dünya müharibəsində ağır məğlubiyyətə uğradıqdan sonra yaponlar hərbi işə ehtiraslı münasibətdən uzaqlaşıb, bu güclü hissi indi də iqtisadiyyatın inkişafına yönəltdilər. Məğlub olmuş və viran qalmış ölkə, xalqın yeni fədakarlığı hesabına, bu ağır böhrandan çıxmaqla, heç 20 il keçməmiş iqtisadi inkişafdakı "Yapon möcüzəsi" ilə dünyanı heyrətə gətirdi. Tarix belə sürətli bərpa olunma və heyrətamiz inkişaf tempi görməmişdi. Qədim dünyada isə bu möcüzəni yunanlar nümayiş etdirmişdilər.

Dənizlə səfərə çıxan isə, adətən, öz torpağına qayıtmaq həsrəti ilə yaşayır, bu yolda hər cür əzablara dözür. Döyüşdə isə qədim yunan, daha dəqiq desək, spartalı hətta ölüm təhlükəsinə də məhəl qoymurdu, qələbə naminə dəlisovluğa meyl edirdi. Bu yolla onlar metalı qələbə timsalında döyüb, istədikləri bir şəklə sala bilirdilər.

(Ardı var)

 





14.09.2020    çap et  çap et