525.Az

Milli tariximizin şanlı səhifəsi - Araşdırma


 

Milli tariximizin şanlı səhifəsi -<b style="color:red"> Araşdırma </b>

Azərbaycanın istiqlalı uğrunda son nəfəsinədək ideoloji mücadilə aparmış istedadlı yazıçı, publisist, naşir, redaktor Mirzə Bala Məhəmmədzadə mühacirlərin İstanbulda nəşr etdikləri "Yeni Qafqasya" jurnalında "Bakının azad olunması uğrunda döyüş - 15 Sentyabr qələbəsi" adlı məqaləsində (№ 24 (93), 1927) yazırdı: "15 Sentyabr 28 May qədər tarixi və müqəddəs bir gündür".

Bu cümlə tarixi zəfərin, türk süngüsünün erməni quldur dəstələrinin, eləcə də bolşeviklərin darmadağın edilməsinin xalqın taleyində, istiqlalın qazanılmasında və qorunmasında rolunu layiqincə dəyərləndirir. Məhz bu müqəddəs gün ərəfəsində Qəbələ rayonunun Nohurqışlaq kənd qəbiristanlığında uyuyan xilaskar türk əsgərlərindən birinin məzarını ziyarət edirəm. Ötən əsrin 90-cı illərindən başlayan axtarışlarım zamanı naməlum türk əsgərinin  qəbiristanlıqdan kənardakı, orta məktəbin həyətindəki tənha məzarının aşkara çıxarılmasında, onun nəşinin sümüklərinin çıxarılaraq qəbiristanlıqda - kəndin Qarabağ uğrundakı döyüşlərdə verdiyi 6 şəhidlə bir sırada dəfn olunmasında, türk əsgərinin  anıt məzarının inşasında mənə yardımçı olan hər kəsə, xüsusilə Azərbaycan Respublikasındakı Türkiyə səfirliyinin sabiq hərbi atteşesi general Faxrı Kıra,  səfirliyin sabiq mədəniyyət müşaviri Fəthi Gədikliyə, kənd mollasına, ziyalılara  bir daha minnətdarlıq edirəm. 15 ildən çoxdur ki, iki qardaş dövlətin bayrağı anıt məzarın üzərində qoşa dalğalanır...

Nəzərim polad kimi məğrur, sarsılmaz türk əsgərinin simvoluna çevrilmiş başdaşı üzərində təşəbbüsümlə həkk olunmuş misralara dikilir: 

 
Doğudan Batıya həsrət qoxulu.
Bir yel əsər, sərin-sərin, bizimdir;
Qədər dolu, sevda dolu, eşq dolu,
Şəhid dolu təpələrin bizimdir.

 
Bu misralar türk ordusu tərkibində 1950-ci ildə  Koreyaya göndərilən, əslən Qars azərbaycanlılarından olan topçu zabit Fuat Azgurun 1953-cü ildə Koreyadan Türkiyəyə ünvanlanan və "Azərbaycan" jurnalında (Ankara, № 1 (10), 1953) dərc olunan şeirindəndir. Həmin şeirin digər iki bəndi də dərin mənalı və təsirlidir, qəlbi sızladır, göz yaşları ilə oxunur:

Bir sonsuz həsrətlə bağrılar yaxan
İrmağın, çayındır damarlarda qan;
Səni hər şeyinlə sevəriz, Vatan,
Yağmurun, fırtınan, qarın bizimdir.

Eşqi və həyatı səndə bulan biz,
Yar diyə sevdiksə, səni sevmişiz;
Hicranına ortaq, dərdinə eşiz.
Həm sevincin, həm kədərin bizimdir.

10 sentyabr 2020

 





15.09.2020    çap et  çap et