Dünən Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2013-cü il fəaliyyəti ilə bağlı hesabat konfransı keçirilib. Şura sədri bildirib ki, 2013-cü ildə Şuranın fəaliyyəti çox məhsuldar olub. O, qurumun ötən il bir çox uğurlu layihələr həyata keçirdiyini deyib. 2013-cü ildə qarşıya qoyulan məqsədlərin əksəriyyətinə nail olduqlarını deyən A.Quliyev bunları söyləyib: “Çalışmışıq ki, dövlətin QHT-lərə verdiyi dəstəyi yüksək formada təmin edək. Bu yaxınlarda ölkə başçısının dəstəyi ilə qəbul olunan “İctimai iştirakçılıq haqqında” yeni qanun isə ölkədə vətəndaş cəmiyyətinin inkişafında yeni mərhələ oldu”.
Şura sədri Azay Quliyev qurumun ötənilki fəaliyyəti haqında danışıb: “Şura 2013-cü ildə yerli və xarici QHT-lərin layihələrini maliyyələşdirmək məqsədilə üç maliyyə yardımı müsabiqəsi elan edib. Maliyyələşdirmə istiqamətləri üzrə tərtib edilən mövzular əvvəlki illərdə olduğu kimi, yenə də, Azərbaycanın mövcud reallıqlarını əhatə edib, cəmiyyət üçün aktual problemlərin həllinə yönəlik təşəbbüslərin dəstəklənməsinə yönəlib. Bu il yerli QHT-lərin Şura tərəfindən dəstəklənən 474 layihəsinin maliyyələşdirilməsinə 3 414 632 manat vəsait ayrılıb. Birinci müsabiqədə insan hüquq və azadlıqları, əhalinin müxtəlif təbəqələrinin, o cümlədən qaçqın və məcburi köçkünlərin sosial problemləri, elm, təhsil, mədəniyyət məsələləri, ailə institutunun möhkəmləndirilməsi, gənclər, uşaq problemləri, səhiyyə, ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı işlər, Azərbaycan mədəniyyətinin xaricdə təbliği kimi vacib mövzular yüzlərlə QHT tərəfindən piroritet seçilib. Məişət zorakılığına və insan alverinə qarşı mübarizə, eləcə də gənclər arasında narkomaniya və ziyanlı vərdişlərlə mübarizə problemlərinə həsr olunmuş layihələrin sayı ictimai aktuallıq kəsb edən mövzular sırasında 2013-cü ildə keçən illərdəkinə nisbətən artıb”.
A.Quliyev qeyd edib ki, 2013-cü ilin 1-ci və 2-ci maliyyə yardımı müsabiqələrində maliyyələşən layihələr çərçivəsində “Azərbaycanın təbliği və ərazi bütövlüyünün bərpası ilə bağlı xarici ölkələrdə tədbirlər” və “İctimai əhəmiyyətli nəşrlərin dəstəklənməsi” istiqaməti üzrə 10 təşkilat tərəfindən xarici ölkələrdə 21 tədbir, bir təşkilat tərəfindən Bakı şəhərində 3 dəyirmi masa və 1 teledebat keçirilib, 10 kitab nəşr edilib, 1 sayt hazırlanıb: “Ümumilikdə bu layihələrə 124 min 500 manat vəsait ayrılıb. Şuranın elan etdiyi ikinci maliyyə müsabiqəsi də əvvəlki müsabiqələrdən həm mövzu etibarı ilə, həm də onların icra metodologiyası ilə seçilib. Əsasən kütləvi təbliğat formalarını nəzərdə tutan maarifləndirmə tədbirləri, xüsusilə əhalinin gündəlik həyatında aktuallıq kəsb edən, eləcə də, yeni qəbul edilmiş qanunların təbliği müsabiqənin əsas qayəsini təşkil edib”.
Ötən il Şuranın iki dəfə milli donor olaraq həm də bir sıra xarici QHT-lərin Azərbaycanla, insan hüquqları və demokratik dəyərlər ilə bağlı layihələrini maliyyələşdirməyə başladığını xatırladan A. Quliyevin sözlərinə görə, 15 ölkə QHT-ləri üçün elan edilmiş maliyyə yardımı müsabiqəsi Şuranın beynəlxalq fəaliyyətində ilk təcrübə olsa da müvəffəqiyyətlə həyata keçirilib”.
AQİL
çap et