525.Az

Məzahir Süleymanzadə: “20 Yanvar hadisələrini bir qürur bayramı kimi qeyd etməyin vaxtı çatıb”


 

“Həmin dövr “Səhər” respublikanın ən etibarlı informasiya mənbəyinə çevrilmişdi”

Məzahir Süleymanzadə: “20 Yanvar hadisələrini bir qürur bayramı kimi qeyd etməyin vaxtı çatıb”<b style="color:red"></b>

Bu gün 20 Yanvar faciəsinin ildönümüdür. Düz 24 il əvvəl sovet qoşunlarının Bakıda törətdiyi qanlı hadisələrin canlı şahidlərindən biri də mən olmuşam. Ömrümün nəhs ilini başa vurmağa hazırlaşarkən törədilən bu qırğının səbəblərini uşaq olduğuma görə həmin vaxt dərindən dərk edə bilməsəm də, sonradan əsl həqiqəti öyrənə bildim. Mən, mənim kimi uşaqlar, 20 Yanvar baş verəndə hələ dünyaya gəlməmiş minlərlə insan, gələcək nəsil və bütün dünya bir qrup jurnalistin qəhrəmanlığı sayəsində baş verənlər haqqında bu gün dolğun məlumatlar əldə edə bilir. Həmin qəhrəman jurnalistlərin adları çəkiləndə ilk olaraq “Səhər” qəzetini ərsəyə gətirən Məzahir Süleymanzadə, Şakir Yaqubov, rəhmətlik Nəcəf Nəcəfov və digərləri yada düşür.

Məzahir müəllim Azərbaycan jurnalistikasında sayılıb-seçilən, hörmətlə yanaşılan, ustad deyə müraciət edilən şəxslərdəndir. Onunla bir neçə dəfə görüşüşüb söhbət eləmək istəsəm də, hər dəfə səhhəti ilə əlaqədar planımı ertələməli olmuşdum. İdman jurnalistikamızın görkəmli nümayəndəsi ilə futbolumuzla bağlı müsahibə götürmək istəyirdim. 20 Yanvar faciəsi ilə söhbət eləmək istədiyimi bildirəndə isə dərhal razılaşdı. Baxmayaraq ki, müalicəsi hələ başa çatmayıb. İlk sualım da elə səhhəti ilə bağlı oldu:

– Təbiətcə sakit adamam. Düz yarım il əvvəl sarsıntı keçirdim. Səhhətimdə ciddi problemlər yaranmışdı. Həkimlərin vaxtında müdaxiləsindən sonra hər şey tədricən qaydasına düşməyə başladı. Artıq müalicə sona yaxınlaşır. Dərmanlardan və müalicələrdən savayı səhhətimin düzəlməsində nəvələrimin də böyük köməyi dəydi. Mələklər kimi biri sağ, digəri sol çiynimdə oturub məni Əzrayılın əlindən aldılar.

“Şəhər meyidlərlə dolu idi”

- 24 il bundan əvvəl baş verənləri unutmaq mümkün deyil, həyatımın əvəzolunmaz səhifələridir. O vaxt Kommunist (Mətbuat –red.) prospektində yaşayırdım. Evimizin eyvanından hadisələrin mərkəzi sayılan 11-ci Qızıl Ordu Meydanı, (indiki 20 Yanvar – red.) Salyan kazarmasının ətrafı, Kommunist prospekti açıq-aydın görünürdü. Tələbələrin məskunlaşdığı yataqxanalar da bizim evin həyətində idi. Onlarin avtobuslara minib hadisələrin baş verdiyi yerlərə yollanması da yadımdadı. Düzü, çoxları maraq xatirinə gedirdilər. Hərbi texnikanın şəhərə daxil olmasını, atışmanı eyvandan seyr edirdim. Getdikcə hadisələr daha gərgin xarakter almağa başladı, əsgərlər dinc sakinlərə, evlərinin pəncələrələrindən, eyvanlarından atışmanı izləyənlərə atəş açırdılar. Şəhəri avtomat, partlayış səsləri ilə yanaşı, insanların qışqırığı da bürümüşdü. Səhərə kimi hadisələri müşahidə eləməklə yanaşı, həmkarım və yaxın dostum Şakir Yaqubovla telefonla əlaqə saxladım. Artıq günəş çıxar-çıxmaz şəhərdə idik. Küçələr meyidlərlə doluydu, qan su yerinə axmışdı. Camaat o vaxtkı Mərkəzi Komitənin qarşısına axışırdı. Biz də qeyri-ixtiyari olaraq onlara qoşulduq. Onda mən “Kommunist” qəzetində baş redaktorun müavini, Şakir müəllim isə məsul katib idi.

Mərkəzi Komitədə rəhbər şəxslərdən heç kimi tapa bilmədik. Başda 1-ci katib Əbdulrəhman Vəzirov olmaqla hamı qaçmışdı. Biz jurnalist idik və baş verənlər barədə xalqa məlumat çatdırmaq borcumuz idi. Bu üzdən nəsə eləmək istəyirdik. 5 gün idi ki, respublikada bir dənə də olsun qəzet nəşr olunmurdu. Ümumiyyətlə, demək olar ki, heç yer işləmirdi. Rəhmətlik Nəcəf Nəcəfovun rəhbərliyi ilə Xalq Cəbhəsi tətil elan eləmişdi və mətbuat işçiləri də bu tətilə qoşulmuşdular. Hadisələrdən sonra isə hərbi senzuranın tətbiqi ilə qəzet nəşr eləmək ümumiyyətlə mümkün deyildi. Amma nə yolla olur-olsun qəzet buraxmalıydıq. Qəzet buraxmaq bir yana istəyirdik ki, baş verənlərlə bağlı xəbərləri ən müxtəlif yollarla bütün dünyaya çatdıraq. Onda müstəqil deyildik, həm də indiki şərait yox idi. İngilis dilini bilən Zülfüqar Rüfətoğlu və Araz Qurbanovu təlimatlandırıb Xarici İşlər Nazirliynə göndərdik ki, bəyənatları xaricə ötürsünlər. Bakının komendantı Dubinyakın əmri ilə şəhər telefonları bağlanmışdı, heç yerlə əlaqə saxlamaq olmurdu. Nəinki, Bakı, bütün respublika informasiya blokadasında idi. Redaktor müavini olduğuma görə, kabinetimdə hökumət telefonu var idi, ona əl dəyməmişdilər. Hərbçilər duyuq düşənə kimi digər respublikalarda olan həmkarlarımız, dostlarımız vasitəsilə baş verənlər haqqında dolğun informasiyaları onlara ötürə bildik. Özü də ağlaya-ağlaya. İndi də həmin günləri yada salanda həyəcan hissi məni boğur. Tədricən qəzetin kollektivini bir yerə yığa bildik və qəti qərara gəldik ki, qəzeti buraxmalıyıq.

Oljas Süleymanov dedi ki, qəzet mütləq dərc olunmalıdı

Qırğını başda Qorbaçov olmaqla Kommunist Partiyası törətdiyindən “Kommunist”  qəzetinin nəşrindən söhbət gedə bilməzdi. Heç buna cəhd də etmədik. Qərara gəldik ki, “Səhər” qəzetini buraxaq. O dövrdə “Səhər” 4 səhifədən ibarət idi, 400 min tirajla nəşr olunurdu və əsasən iqtisadi xəbərlərə yer ayırırdı. Təbii ki, bu hadisələrin hamısı haqqında məlumat 4 səhifəyə sığmazdı. Əvvəlcə material toplamağa başladıq. Fotoqrafların çəkdikləri şəkillərə baxdıqda dəhdətə gəldik. Onları dərc eləmək lazım idi. Amma necə? Bayaq da dediyim kimi, bir neçə gün idi ki, nəşriyyat işləmirdi. Nəşriyyatın rəhbərliyindən tutmuş, sıravi işçilərə qədər hamını toplamaq lazım idi. Elektrik enerjisini kəsmişdilər, onu bərpa etməliydik. Bunların hamısı üçün böyük təşkilati işlər görülməliydi. Avtomobillərin buraxılış vərəqəsi olmadığına görə lazım olan yerlərə piyada getməli olurduq. Xalq Cəbhəsinin üzlərinə ən yaxşı halda ekstremist damğası vuraraq həbs edirdilər. Nəcəf Nəcəfov da axtarışda idi. Tətil komitəsinin sədri olduğundan onun göstərişi olmadan heç kim qəzeti çap eləyə bilməzdi. Bilirdik ki, Əhmədli tərəfdə gizlənib. Nəşriyyatın direktoru Musa Nəbiyevlə söhbətimiz oldu. “Kommunist” qəzetinin kağız ehtiyatından yararlanmaqla 2 milyon tirajla nəşr olunmaq haqda qərara gəldik. Amma ortaya başqa problem çıxırdı. Hər an çap prosesini dayandıra bilərdilər. Çətinliklə bu prosesində iştirak edən işçiləri toplaya bildik. Qalırdı Nəcəf məüllimi tapıb gətirmək. O vaxt nəşriyyatda hərbi senzuraya general-mayor Aleksandrov nəzarət edirdi. Əslən Belarusdanıydı. Onunla söhbətimiz oldu. Dedim ki, atam Böyük Vətən müharibəsində iştirak edib, Xatında, Brestdə vuruşub. Yəni, Belarusun azadlığı üçün ölumə gedib. Düzü, Aleksandrov ilk gündən bizə kömək eləmək istəyirdi. Rəhmətlik Rafael Nağıyevin məntiqi söhbətləri var idi. Onun da çıxışından sonra Aleksandrov oldu bizim adamımız. Ondan xahiş etdik ki, xidməti avtomobilini bizə versin ki, Nəcəfovu gətirə bilək. Başqa cür mümkün deyildi. Qısası, Nəcəf Nəcəfovu axtaran düşmənin öz avtomobilində onu nəşriyyata gətirdik. Şəkillərə baxıb dəhşətə gəldi. Əlbəttə, dərhal da “Səhər”in çapına razılıq verdi. SİTA (Sovet İttifaqı Teleqraf Agentliyi – red.) baş verənlərlə bağlı qısa informasiya yaymışdı. Orada göstərilirdi ki, “ekstremistlərin üsyanını yatırmaq üçün onlardan bir neçəsi öldürülüb”. Amma əslində belə deyildi. Dinc əhaliyə açılan atəşləri, uşaqların, qadınların və yaşlıların meyidləri əks olunmuş fotoları dərc etməklə bu yalanı üzə çıarmaq və əhalini informasiya blokadasından azad etmək lazım idi.

Bu problemlərin həlli ilə yanaşı digər işlərlə də məşğul idik. Artıq camaat şəhidlərin dəfninə hazırlaşırdı. 11 jurnalistimizi şəhərin müxtəlif yerlərinə göndərdik ki, materiallar hazırlasınlar. Bir neçə ziyalımız şəhidlərin Dağüstü parkda dəfn olunmasını təklif etmişdilər. İndi mən başa düşürəm ki, bu addım necə böyük bir qəhrəmanlıq imiş. Dəfndə minlərlə insanın iştirak edəcəyini bilirdik. Məqsədimiz onların hamısını qəzetlə təmin etmək idi. Bununla həm baş verənlər barədə əhaliyə dolğun məlumat çatdırmalı, həm də informasiya blokadasını qismət də olsa yarmalı idik.

Bu zaman ortaya daha bir problem çıxdı. Komendant Dubinyak məni yanına çağıraraq qəzetin çap olunması üçün qarşımıza şərt qoydu. Şərt ondan ibarət idi ki, Bakıda fövqəladə vəziyyətin elan olunması ilə bağlı verilən 1 nömrəli əmr qəzetdə təxminən 1 səhifə həcmində yerləşdirilsin. Əllərimlə başımı tutdum. Necə ola bilər ki, bizim qəzetdə düşmən sənədini dərc edək? O vaxt qazax yazıçısı Oljas Süleymanov da Bakıda idi. Bizimlə söhbətdə belə bir fikir bildirdi ki, əgər Dubinyak 12 səhfiəlik qəzetin 11 səhifəsində ağzına gələni dərc etdirsə, cəmi 1-ni sizə versə belə, qəzet mütləq dərc olunmalıdı. Həmin bir səhfiə ilə sözünüzü xalqa deyə bilərsiniz. İndi sizə 11 səhifə verirlər. Nədən narazısınız? Bir qədər fikirləşəndən sonra razı olduq. Bütün qəzet Azərbaycan dilində çıxdı, yalnız Dubinyakın səhifəsindən başqa. Hiss olunurdu ki, rus dilində dərc olunmuş həmin materialın qəzetə heç bir dəxli yoxdu.

Güllələrdən bir neçəsi “Səhər”ə dəymişdi...

 “Səhər” 2 milyon tirajla çap olundu. 10-15 yük maşınına güclə yerləşdi. İndi həmin qəzetləri camaat arasında paylamaq lazım idi. Təsəvvür edin ki, nəşriyyatdan Şəhidlər Xiyabanına getmək üçün nə qədər əziyyət çəkdik. Hər tində əlisilahlı əsgərlər dayanmışdı. Hamısında da maşınları yoxlayırdılar. Qəzetləri görəndə fikirləşdilər ki, təxribatçı vərəqələrdi. Bir haşiyə çıxım. Hadisələrin 10 illiyi ilə əlaqədar Respublika Sarayında təşkil olunan tədbirdə Prezident Heydər Əliyev mənə tribuna verdi. Çıxışım zamanı dedim ki, qəzet buraxmaq qəhrəmanlıq hesab olunurdusa, onu oxucuya çatdırmaq ikiqat qəhrəmanlıq idi. Həqiqətən də belə idi. Zülmlə qəzetləri Şəhidlər Xiyabanına çatdıra bildik və gün ərzində orada olanlara pulsuz payladıq. Bundan sonra işçilərimizdən həbs edilənlər də oldu, təzyiqə məruz qalanlar da. Hətta qəzetimizi güllələdilər də. Bu haqda çox danışılıb. Qısaca onu deyim ki, redaksiyanın yaxınlığında parça dükanı var idi. Qəzeti həmin dükanın vitrininə yapışdırmışdılar. Əldə edə bilməyənlər vitrinin qarşısına toplaşıb qəzeti oxuyurdular. Artıq xeyli adamın ora toplaşdığını görən əsgərlər onları dağıtmaq üçün güllə atdılar. Həmin güllələrdən bir neçəsi “Səhər”ə dəymişdi...

 “Vətən bu gün ağı deyir...” – qəzetin manşeti bu cür idi. Qəribə bir hissdir - yazı 11 jurnalistin qələminin məhsulu idi. Onların arasında yaşına, iş təcrübəsinə, istedadına görə müxtəlif adamlar var idi. Yazılar yığılıb verilirdi Vaqif Bəhmənliyə. O da redaktə edib göndərirdi mənə. Mən isə həmin reportajları birləşdirərək vahid formaya salırdım. Bu gün istənilən dil mütəxəssisi ayıra bilməz ki, həmin materialı 11 adam hazırlayıb. Elə bil həmin yazını 1 adam yazmışdı. Üslub, keçirilən hisslər, cümlələrin quruluşu birinci cümləsindən son nöqtəyə qədər vahib bir material təşkil etmişdi.

Bir məqamı da qeyd edim, qəzet qırğından 5 gün sonra yanvarın 25-də işıq üzü gördü. Bunu daha əvvəl də edə bilərdik. Ayın 25-ni ona görə gözlədik ki, həmin gün şəhidlər torpağa tapşırılırdı və camaat da dəfndə iştirak etmək üçün bir yerə yığışacaqdı. Həmin gün “Səhər” qəlbi yaralı insanların yaralarına bir növ məlhəm oldu.

“Azərbaycan xalqının xatirinə bü töhməti daşımağa hazıram”

- İlk dəfə olaraq günahsız qurbanlara “Səhər” qəzeti şəhid adını verdi. İlk dəfə Heydər Əliyevin Moskvadakı çıxışı və xalqa müraciəti “Səhər”də dərc olunub. 40 gün şəhidlərə yas saxladıq. Bu müddət ərzində hər həftə “Səhər”i çap elədik. Bəxtiyar Vahabzadə, Əzizə Cəfərzadə, Məmməd Aslan və digər görkəmli şair və yazıçılarımızın məqalələri, şeirləri dərc olundu.

İlk nömrədən fərqli olaraq, sonrakı buraxılışlarda elə də ciddi problemlərlə üzləşmədik. Bunun da maraqlı tarixçəsi var. Deməli, növbəti sayımızda 137 şəhidin və 600-dən çox yaralının siyahısını dərc etdik. Buna görə hətta 30 sutka həbsə də düşdüm. Bu işdə bizə xalq deputatları ilə yanaşı Rizvan Zeynalov adlı bir polkovnik də yaxından köməklik göstərirdi. Nəzarət altında olmağımıza baxmayaraq işimizi elə qurmuşduq ki, fəaliyyət göstərə bilirdik. Fevral ayında “Bakı” qəzeti şəhidlərin siyahısını təkrar dərc etmək istəyəndə senzura imkan vermədi. Biləndə ki, artıq bir müddət əvvəl siyahı “Səhər”də gedib, elə bil yuxudan ayıldılar. Hərbi senzuraya nəzarət edən adamı işdən azad etdilər. General-mayor Aleksandrova isə töhmət verdilər. Hətta Aleksandrov belə bir söz işlətmişdi: “İndiyə kimi ilk dəfə idi ki, töhmət alırdım. Ziyanı yoxdu, Azərbaycan xalqının xatirinə bü töhməti daşımağa hazıram”. Respublikanın hərbi komissarının müavini və siyasi işlər idarəsnin rəisi Abdulla Ələsgərov idi. O, nəşriyyata hərbi senzor kimi bir mayor göndərdi. Buna kimi senzuranın gözündən qaçanlara belə ad qoydular ki, bu işə cavabdeh olanlar dilimizi yaxşı bilmirdi. Əslində, elə olurdu ki, xəbəri oxucuya müxtəlif formalarda çatdırırdıq ki, duyuq düşməsinlər. Bu üzdən yeni senzor azərbaycanlı idi. O da əzazilin biri. İmkan vermirdi ki, materiallar olduğu kimi getsin. Məcbur olub Abdulla müəllimlə əlaqə saxlayıb dedim ki, bu adam mənim qəzetinmi oxumaq istəyir. Telefonla həmin mayora bildirdi ki, Məzahir müəllim nə desə o da olacaq, sənin işin ancaq möhür vurmaqdı. Ondan sonra bizim qəzeti oxumadan çapına icazə verirdi. Hətta elə olurdu ki, oturduğu yerdən qalxmırdı. Möhürü özümüz vururduq.

Bir dəfə də belə bir hadisə oldu. Əsgərlər mağazanın vitrinini sındıraraq oradan ərzaq götürmüşdülər. Buna görə onlara cinayət işi açılmışdı. Əsgər olanda nə olar, sizə kim icazə verib ki, mağazaya soxulasınız? Bu xəbəri qəzetdə dərc etdikdən sonra aləm dəydi bir-birinə. Bizi xalqı əsgərə qarşı qaldırmaqda günahlandırdılar. Məni general-leytnant Ovçinnikov yanına çağırdı. Ovçinnikov rus hərbçilərinin lap böyüyü idi. Dedim ki, hərbi senzura icazə verib, biz də dərc eləmişik. Daşkəndddən mütəxəssislər dəvət elədilər ki, senzuranın vurduğu möhürün saxta olub-olmamasını yoxlasınlar. Bilmədilər  necə olub ki, bu xəbər gedib. Necəsi də ancaq bizə bəlli idi.

Biz Şəhidlər Xiyabanına ağlamaq üçün yox, fəxr hissi keçirmək üçün getməliyik.

- 20 Yanvar hadisələri haqqında danışmaq mənim üçün həm ağrılı, həm də qürurvericidi. Ona görə ağrılıdır ki, həmin hadisələr körpə övladlarımızın gözləri qarşısında baş verib. Uşaq meyid, qan görəndə onun psixologiyası pozula bilər. Ona görə qürurvericidir ki... 20 Yanvar hadisələrinin xalqımız, tariximiz  üçün əhəmiyyətini səhidlərimizin dəfni zamanı gördüm. Hamı eyni cür düşünürdü, hamı yumruq kimi birləşmişdi. Xalqımız indiyə kimi heç bir hadisədə o cür birləşməmişdi. Düşmən əməli olmasına, şəhid verməyimizə baxmayaraq, xalqın oyanmasında 20 Yanvar faciəsinin böyük rolu oldu. Həmin günləri yada salanda ikili–həyəcan və qürur hissləri keçirirəm. İllər keçdikcə qürur həyəcanı üstələyir. Hər an ölümlə üz-üzə, ac-susuz, yuxusuz vəziyyətdə belə bir əhəmiyyətli iş görmək qürurverici haldır.

Sual verdiniz ki, indiki düşüncəmlə o vaxt nələri başqa cür və daha yaxşı etmək olardı? O vaxt əlimizdən gələnin hər şeyi etdik. Təsəvvür edin ki, hələ qəzet çıxmamış ümummilli lider Heydər Əliyevin Moskvadakı bəyanatını dərhal tərcumə edib vərəqələr halında xalqa çatdırdıq. Mənim ev telefonum 1 dəqiqə də olsun susmurdu. “Səhər” qəzeti və telefon xarici informasiya vasitələri üçün Azərbaycanda yeganə etibarlı informasiya mənbəyi idi. SNN, BBS və digər telekanallar bizə istinadən xəbərlər verirdilər. Bir sözlə, həmin dövr “Səhər”in ətrafında birləşmiş bir qrup jurnalist respublikanın ən etibarlı informasiya mənbəyinə çevrilmişdi. SİTA kimi nəhəng informasiya müharibəsində bizim qarşımızda tab gətirə bilmədi. Jurnalist üçün bundan böyük nə olar bilərdi? Qısa müddətdə güllələnmiş “Səhər” qəzeti əsl həqiqəti dünyaya çatdıra bildi. 20 Yanvar hadisələri “Səhər”i ərsəyə gətirənlərin vətəndaşlıq mövqeyi ilə yanaşı Azərbaycan jurnalistikasının peşəkarlığını da ortaya qoydu. Göstərdi ki, Azərbaycan jurnalisti xalqının mənafeyi uğrunda istənilən maneəni dəf etməyə qadirdir.

Sonda onu da bildirim ki, artıq 20 Yanvar hadisələrini bir faciə kimi yox, bir qürur bayramı kimi qeyd etməyin vaxtı çatıb. Getdikcə, bu yanaşmadan imtina olunmalıdı. Biz Şəhdilər Xiyabanına ağlamaq üçün yox, fəxr hissi keçirmək üçün getməliyik. Təşkil olunan təbdirlər də buna uyğunlaşdırılmalıdır. Hətta şəhidlərin şərəfinə atəşfəşanlıq da etmək olar. Şəhid verməklə düşmənə kim olduğumuzu sübut edə bildik. Həm də qələbə qazandıq. Bununla gənc nəslə 20 Yanvar faciəsini bir qəhrəmanlıq dastanı kimi təqdim etmiş olarıq.

Söhbəti qələmə aldı: İlqar TAĞIYEV

 





20.01.2014    çap et  çap et