525.Az

"Milli Şura ictimai proseslərə təsir edən addım ata bilmir"


 

"Milli Şura ictimai proseslərə təsir edən addım ata bilmir"<b style="color:red"></b>

Milli Şura daxilində cərəyan edən proseslər fonunda bəzi partiyaların bu quruma qayıdacağı barədə fikirlər səslənir.

"Hamımız şahidik ki, Milli Şuradan çox saylı istefalar oldu. Bu qurum biabırçı vəziyyətə düşdü. Sarsıldı, parçalandı. Onlara inananlarında bütün ümidləri puç oldu". Bu fikirlər Azadlıq Partiyasının sədri Əhməd Oruca məxsusdur. Partiya sədri Milli Şuranın 2015-ci ildə keçiriləcək parlament seçkilərindən danışmasının çox gülünc olduğunu qeyd edib. O, belə deyib: "Milli Şura bu cür biabırçı vəziyyətdə parlament seçkilərindən danışırsa bu çox gülüncdür. Bu qurumun 2015-ə qədər qalacağını demək çətindir. Onlar hansı uğurdan danışa bilərlər?!"

"Müsavatı heç kim qınamasın, bu partiya uzun illərdir ki, üzərinə götürdüyü missiyanı yerinə yetirir. O missiyanı ki, müxalifətin birləşməsinə imkan verməsin, alternativ qüvvələr yaratsın. Ona görə , Müsavatın bu gün Cəmil Həsənlini, Rüstəm İbrahimbəyovu hədəf seçməsi anlaşılandır". Sia-nın məlumatına görə, bu fikirləri Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib.O, Milli Şura üzvlərinin Müsavata qarşı adekvat addım atmaq planlarının olduğunu bildirib. O qeyd edib ki, mənim Milli Şuraya təkliflərim olacaq: "Əgər Milli Şurada mənim təqdim edəcəyim təkliflər paketinə müsbət baxmasalar, biz Azad Demokratlar Partiyası olaraq Milli Şuradan gedəcəyik".

Politoloq Qabil Hüseynli bildirib ki, Milli Şura son olaylardan xeyli zəifləmiş sıraları seyrəlmiş halda çıxdı. Onun sözlərinə görə, bütün bunlar da onun siyasi proseslərə təsirinə sözsüz ki, iz qoyacaq. O, belə deyib: "Milli Şura əvvəllər nisbətən müxtəlif tədbirləri keçirməyə qadir olan təşkilat olsa da hələ ki, təşkilatlanma öz sıralarındakı ziddiyyətləri aradan qaldırmaqla məşğuldur. Belə olan şəraitdə hələ ki, mübarizə Milli Şuradan ayrılan dəstə ilə qurumun tərkibində qalan siyasi cərəyanlar arasında ağır ideoloji mübarizə qarşılıqlı ittihamlar şəraitində gedir. Bu mənada adamda belə təəssürat yaranır ki, sanki onların hədəfi bir-birilə mübarizə etmək, bir-birinə qara yaxmaqdır".

Politoloq AXCP rəsmilərinin Müsavat Partiyası barədə səsləndirdiyi ittihamları da şərh edib. O bildirib ki, bununla bağlı mötəbər faktlar olmadığından bu barədə fikir bildirmək olmaz: "Bir şey haqqında fikir söyləyəndə o barədə əlində mötəbər faktlar olmalıdır. Düzdür, Müsavatın Milli Şuradan gedişi o qədər ciddi faktlarla əsaslandırılmasa da ittihamlar da mötəbər deyil. Çox zaman keçmişlə, şəxsi motivlərlə bağlı ittihamlar dövriyyəyə buraxılır. Bu zəmində ideoloji siyasi mübarizə aparılır. Milli Sura mövcud olsa da onun mövcudluğu cəmiyyətdə aydın hiss edilmir, ictimai proseslərə təsir edən addım ata bilmir, ictimai prosesləri, ictimai rəyi yönləndirən qərarlar verə bilmir".

Bələdiyyə seçkilərinə gəlincə, politoloq bildirib ki, seçkilərdə səs verəcək əsas bazanın yaradılmasından başlayır: "Əgər bu günkü çəkişmələrlə, bir-birinə qara yaxmalarla onlar insanları özlərindən uzaqlaşdırırlarsa, deməli elektoral bazalarını, potensial səsverənlərini itirirlər. İndiki vəziyyətdə bələdiyyə seçkilərini proqnozlaşdırmaq lazım gələrsə, gələcək o qədər parlaq görünmür".

Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan bildirib ki, son zamanlar Milli Şuraya qayıtmaqla bağlı söylənən fikirlər həqiqəti əks etdirmir. O, belə bir məsələnin müzakirə mövzusu olmadığını deyib: "Hələ müzakirə edilmədiyi üçün heç deyə bilmərəm. Partiyamız üçün hazırda əsas prioritet təşkilatlanma məsələləridir. Bununla yanaşı Demokratik Qüvvələrin Birliyi ilə hər həftə məsləhətləşmələr aparırıq. Amma Milli Şuraya qayıtmaq kimi bir məsələ müzakirə mövzusu deyil".

Milli Şuranın keçmiş üzvü Zəminə Dünyamalıyeva da yenidən qayıtmağı düşünmür. Onun sözlərinə görə, Milli Şuradan qurumun aparmalı olduğu işi bir tərəfə qoyub intriqa ilə məşğul olduqları üçün gedib: "O gedişat cəmiyyət, xalq, Azərbaycan dövləti, dövlətçiliyimiz üçün heç verə bilməyəcəyi üçün Milli Şuradan imtina etmişəm. vaxtsa Milli Şura formalaşsa, mənfi qüsurlarını kənara qoyub dövlət üçün, millət üçün işləsə, bu başqa məsələ. Amma bu da heç vaxt olmayacaq. Çünki Milli Şura elə vəziyyətə gəlib çıxıb ki, ordan yaxşı heç gözləmək mümkün deyil".

"Xalq arzusu" hərəkatının təsisçisi Asəf Quliyevin Milli Şuraya qayıtmaq kimi fikri yoxdur. O, hərəkatının gücləndirilməsi istiqamətində çalışdığını deyib: "Milli Şura artıq keçmişdə qalıb. Bundan sonra ora qayıtmaq kimi bir fikirdən söhbət belə gedə bilməz".

AQİL

 





23.01.2014    çap et  çap et