525.Az

Aida Mahmudova yeni sərginin açılışını etdi


 

Aida Mahmudova yeni sərginin açılışını etdi <b style="color:red"></b>

Yanvarın 23-də Müasir İncəsənət Muzeyinin (MİM) və “YARAT” Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə MİM-də uşaq yaradıcılıq sərgisi açılıb.

525.az AzərTAc-a istinadən xəbər verir ki, açılış mərasimində “YARAT” Müasir İncəsənət Məkanının rəhbəri Aida Mahmudova muzeyin kollektivinə və sərginin təşkilində əməyi olan hər kəsə, o cümlədən layihənin rəhbərinə və valideynlərə təşəkkürünü bildirib. O, diqqətə çatdırıb ki, ustad dərslərində iştirak etmək istəyənlərin sayı çoxalmaqdadır. Valideynlər bu dərslərlə çox maraqlanırlar. Belə dərslər uşaqların yaradıcılığının inkişafına öz müsbət təsirini göstərir. Elə uşaqlar var ki, onların işləri artıq nümayiş edilib, elələri isə var ki, belə mötəbər sərgidə ilk dəfədir iştirak edirlər. Onların hamısına uğurlar arzulayıram.

“Da’ART” uşaq yaradıcılıq studiyasının rəhbəri Dilarə Atakişiyeva bildirib ki, bu gün əl işləri nümayiş olunan uşaqlar üçün əlamətdar gündür və onların yaddaşında həmişəlik qalacaqdır.
Dilarə Atakişiyeva gözəl ideyaya görə “YARAT” Müasir İncəsənət Məkanının rəhbərinə təşəkkür edərək studiyanın gələcək planlarından danışıb. Bildirib ki, müvafiq layihə davam edəcək. İldə iki dəfə muzeydə ustad dərslərinin keçirilməsi nəzərdə tutulub.

Sərgi üç ay ərzində hər həftənin bazar günlərində MİM-də keçirilən 7-13 yaşlı uşaqlar üçün ustad dərslərinin nəticəsi olaraq təqdim olunur. Ustad dərslərində gənc iştirakçılar peşəkar rəssamların rəhbərliyi altında yaradıcılıq düşüncəsinin, kompozisiyanın, yapmanın, kollajın, fotonun və batikanın əsaslarını dərk ediblər.

Ustad dərslərində Çingiz Babayev, Mətin Şərifov, Aqşin Kazımov, Xanlar Əsədullayev, Nadiya Taziyeva, həmçinin “Da’ART” uşaq yaradıcılıq studiyasının rəhbəri Dilarə Atakişiyeva və müəllimləri Nübar Şahbazova, Zina Qasımova da iştira ediblər.

Ümumilikdə 150-dək əl işinin nümayiş olunduğu sərgi yanvarın 31-dək davam edəcək.

 





24.01.2014    çap et  çap et