525.Az

"Allahın bəla bəndəsi" - İbrahim Yusifoğlunun şeirləri


 

"Allahın bəla bəndəsi" - <b style="color:red">İbrahim Yusifoğlunun şeirləri </b>

İşığınız yanacaq...

İşıqları sönməz evlər,
İşığınız nədən söndü?!
Kərpic-kərpic hörənlərin
Üzü sizdən nədən döndü?!

Qapıları bağlı evlər,
Açarınız dam üstədi.
Susuzluqdan bağlarınız
Yalsızlıqdan itləriniz
Can üstədi.

Kol-kos basmış yolu-izi,
Ayaqlayıb keçən yoxdu.
Tikanlardan gül-çiçəyi
Təmizləyib seçən yoxdu.

Həyət-baca payızda da
Qovuşmayır toy səsinə.
Nəm otaqlar həsrət qalıb
Doğma insan nəfəsinə.

Qaranlıqdan qorxan evlər
Qorxmayın, Ay doğacaqdı.
İçinizdən cin-şeytanı
Ay işığı qovacaqdı!

Dərd zamandan gələn dərddi,
Hər kəs bunu anacaqdı.
Açarınız dam üstədi,
İşığınız yanacaqdı.

Payız mənə çox əzizdi

Mən birtəhər dözüm tapdım
Bu yayın sərt istisinə.
Bir köynəkdə gəlib çatdım,
Payızın duman, sisinə.

Payız mənə çox əzizdi,
Yoxsa, solan zəmisiyəm?
Bənizimiz bir bənizdir,
Bəlkə batan gəmisiyəm?

Göz yaşımı tox buludlar
Yağış kimi ələyirlər.
Ağ saçlarım çölü, düzü
Şeh, qırova bələyirlər.

Yerdə-göydə görüb qəmi,
Uçub getdi durna, qazlar.
Dərdliləri payız dəmi,
Yada salmır keyfi sazlar.

Toylar da yayda çalınır,
Səssizlikdən ürək sızlar.
Oğlanlar kənddən yayınır,
Çoxalır payızlıq qızlar.

Hər nə var, görə bilmirəm,
Payız baxır gözlərimdən.
Hər sözü deyə bilmirəm,
Payız yağır sözlərimdən.

Qarışıbdı yeməyimə,
Dadı, tamı çox ləzizdi.
Oxşarı var taleyimə,
Payız mənə çox əzizdi.

Allahın bəla bəndəsi

Qar ələyib qara telə,
Geyinmisən qara belə,
Yol gedirsən hara belə
Allahın bəla bəndəsi.

Yoluna çıxanın varmı?
Qoynuna sıxanın varmı?
Bu gen dünya sənə darmı?
Allahın bəla bəndəsi.

Nə əğyarın, nə yarın yox,
Bağlı qapın, açarın yox.
Damın, daşın, hasarın yox,
Allahın qala bəndəsi.

Yanaqların qara çöküb,
Dodaqların yara töküb.
Köksünü sərt şaxta söküb,
Allahın lala bəndəsi.

Çalınmayır cazın daha,
İnildəyir sazın daha.
Dönüb işvən, nazın "ah"a,
Allahın tala bəndəsi.

Başın dəyir daşdan-daşa,
Öyrəşirsən quru-yaşa.
Bundan belə barı yaşa,
Allahın bəla bəndəsi.

Məndən ev yığan olmaz

İşdən evə qayıtdım,
Baxdın, qanın qaraldı.
Tapşırdığın hər nə var
Yenə sabaha qaldı.

Ömrüm-günüm, neyləyim,
Yanında dilim laldı.
Xəzinədar aylığı
Yenə get-gələ saldı.

Özgə pulum hardadı,
Dediyini alası.
Məndən ev yığan olmaz
Olmaz, atam balası.

Şeirlərim mənimçün
İncilərim, ləlimdi.
Bu sərvəti qazanan
Öz qələmim, əlimdi.

Nə yaxşı ki, sənin də
Ürəyin çox həlimdi.
İnciməyin, küsməyin
Bircə anlıq gəlimdi.

Bilirsən ki, xeyri yox
Yersiz dava salası -
Məndən var yığan olmaz
Olmaz, atam balası.

Dünyaya sığmasam da,
Öz evimə sığmışam.
Qapımı döyənlərin
Üzünə şən çıxmışam.

Sənin cehiz dəstini
Səf-səf düzüb sıxmışam.
Büllur qablar yerinə
Kitabları yığmışam.

Bu sərvətim bəsimdi
Nəsillərə qalası.
Məndən ev yığan olmaz,
Olmaz, atam balası.

 





28.09.2020    çap et  çap et