525.Az

Klassiklərimizin bu gün də aktual olan əsərləri - Yazı


 

Klassiklərimizin bu gün də aktual olan əsərləri - <b style="color:red">Yazı </b>

XIX əsrdə, XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatının əsas sujet xəttini maarifçilik ideyaları təşkil edirdi.
 
Həmin dövrdə yaranan ədəbi nümunələr cəmiyyəti cahillikdən yeni və ali təfəkkürə istiqamətləndirməyə çalışılırdı. Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, İsmayıl bəy Qutqaşınlı, Mirzə Fətəli Axundov, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev kimi mütəfəkkirlərin, qələm adamlarının tək amalı sağlam düşüncəli millətin formalaşması idi. XIX əsrdə mətbuatın yaranması, XX əsrdə qəzet və jurnalların çapında olan canlanma prosesi daha da sürətləndirdi və geniş vüsət almasına səbəb oldu.

Maarifçilik dövründə ədəbiyyatın əsas mövzusu, daha doğrusu, əsas tənqid hədəfinə tuş gələn nüanslar cahillik, savadsızlıq, qadın hüquqlarının pozulması, xurafat, insan xislətindəki nadanlıq idi. Bu problemlər həmin dövr üçün səciyyəvi idi və ədiblər də məhz həmin dövr üçün, yaşadıqları dövrün çirkabdan təmzilənməsi üçün səy göstərirdilər.

Artıq M.F.Axundovun, Mirzə Cəlilin, Sabirin yaşadığı dövrdən qərinələr, uzun illər keçib. Amma gəlin görək niyə həmin maarifçilərin əsərləri bu gün də aktualdır?! Ona görə ki, bu gün də o dövrün adamları kimi düşünən, həmin xislətdə olan insanlar var.

Bəzi ədəbiyyatşünaslar maarifçilərin əsərlərini təhlil edəndə fəxrlə deyirlər ki, görün Mirzə Fətəli Axundov, Mirzə Cəlil, Sabir kimi nəhəng söz adamları necə böyük, uzaqgörən olublar ki, onların əsərləri hələ də aktualdır. Bəli, həmin ədiblər dövrünün çox böyük sənətkarları idilər, amma əsərlərinin bu gün də aktual olmasının uzaqgörənlikdən irəli gəlməsi fikri ilə razılaşmaq olmur. Çünki onlar inanmazdılar ki, 100 il sonralar da Şeyx Nəsrullahlar, Hacı Qaralar, Hacı Mehdilər var olacaqlar. Düzü, onlar bunu heç istəməzdilər. Bu böyük sənətkarlar öz müsirlərini ona görə tənqid edirdilər ki, cəmiyyətdə saflaşma prosesi sürətlənsin və on il, iyirmi il sonra belə hadisələr baş verməsin. Bu gün o əsərlər bizim stolüstü kitabımıza çevrilməməli idi. Biz həmin əsərləri keçmişimizin mənzərəsini əks etdirən sənət nümunələri kimi oxumalıydıq. Bu gün biz o əsərləri oxuyanda təəccüblənməməli idik ki, onların uzun illər öncə yaratdıqları personajların protatipi biz özümüzük, bizim ətrafımızda olanlardır. Bu yaxınlarda "Danabaş kəndinin əhvalatları" povestini oxuyurdum. Mirzə Cəlil yazır ki, kimin ki ata-babası dövlətli olub, özü kasıbdır, elə hey ata-babasından söhbət açıb onların var-dövlətindən danışar. Kim ki özü dövlətlidir, ata-babası kasıb olub, heç onların adını tutmaz. Bunu oxuyanda öz-özümə dedim ki, elə biz özümüz də eləyik, ətrafımız da elədir. Uzun illər öncəki insanlarla eyni düşüncədə olmağımız isə günümüzün faciəsidir.

Sözün açığı, iki səbəb məni bu yazını yazmağa vadar elədi. Ötən günlər belə bir xəbər qarşıma çıxdı ki, Lənkəranda bir nəfər özünü peyğəmbər adlandırıb və ailə üzvləri də buna inanıb. Bibisindən üç min manat pul alıb ki, mən peyğəmbərəm, sənin zobunu (qalxanabənzər vəzi) sağaldacam. Bu qondarma peyğəmbər bibisinin zobunu əzib onu öldürür. Yəqin ki, məlum videogörüntünü çoxunuz izləmisiniz. Gənc şair Eminquey Akif Feysbukda bu hadisəni təəssüf hissi ilə paylaşıb və sonda yazıb ki, "Heç bir ssenarist belə tragikomik ssenari yaza bilməz". Məsələ odur ki, bir əsr əvvəl "Ölülər"in sujet xətti də təxminən elə belə idi. Şeyx Nəsrullah iddia edirdi ki, mən ölüləri dirildəcəm, sonradan camaatı "fikirləşməyə" yollayıb pul yığırdı, nəticədə 13-14 yaşında qızları siğə edib hər gecə birini öz yanında "qonaq" saxlayırdı. Sonra da bizim bu qondarma peyğəmbər kimi qeybə çəkildi. Şeyx Nəsrullaha inanan camaat hamısı Quranı xətm edib, müqəddəs torpaqları ziyarət edən insanlar idi. Bizim qondarma peyğəmbərə inanlar isə elmin, texnikanın inkişaf etdiyi XXI əsrin insanlarıdır. Bunun bir adı var - dəhşət. Hərdən ağlıma bir absurd fikir gəlir ki, bəlkə, həmin oğlan "Ölülər"i oxuyandan sonra bu fikirə düşüb. Amma ağlıma gələn bu fikir məni güldürür, yəqin ki, elə olmaz...

M.F.Axundov vaxtında uzaqgörənlik edib yazırdı: "Lakin biləndə ki, gələcək nəsillər də bu eşşəklərdən törəyəcək, mənim gələcək nəsilə inamım qalmır". Əslində, bu fikirlərin dərin qatında bir arzu var: Böyük Axundov deyir ki, kaş millət o qədər inkişaf etsin ki, mənim yaratdığım əsərlər onlar üçün aktual olmasın. Bunu mən də arzu edirəm. Arzu edirəm ki, biz onun və onun kimi digər nəhəng söz adamlarının yaradıcılığını bugünün aktual əsərləri kimi oxumayaq, yalnız keçmişimiz kimi oxuyaq və təhlil edək.

 





16.09.2020    çap et  çap et