525.Az

Bakının əbədi müasiri - böyük memar Qoslavski


 

DƏRİN MİNNƏTDARLIQLA XATIRLADIĞIMIZ İOSİF QOSLAVSKİ RUHƏN BAĞLI OLDUĞU PAYTAXTIMIZA NADİR MEMARLIQ İNCİLƏRİ BƏXŞ EDİB

Bakının əbədi müasiri - <b style="color:red">böyük memar Qoslavski</b>

Bakı Şəhər İcra Hakimiyyəti, Əlyazmalar İnstitutu, Azərbaycan Tarix Muzeyi binalarını bütün gözəllik və əzəmət ilə gözünüzün qabağına gətirin... Onlarsız Bakını təsəvvür etmək çətin deyilmi?! Və bu nadir arxitektura incilərinə baxanda istər-istəməz onların müəllifi sayılan memarını da hörmətlə xatırlamalı olursan. O böyük memar Polşa əsilli İosif Qoslavskidir.

İosif Qoslavski 1865-ci ildə Varşavada, zadəgan ailəsində dünyaya gəlmişdi.

1890-cı ildə I Nikolay adına Peterburqda mülki mühəndislər institutunu bitirdikdən sonra 1891-ci ildə çar onu əhali arasında "qızıllı kilsə" deyilən Aleksandr Nevski kilsəsinin tikintisi üçün Bakıya göndərilir.

Hökumətin yerli müsəlmanlarla on illik mübahisələrindən sonra köhnə müsəlman qəbiristanlığı ərazisində hələ 1888-ci ildə çar III Aleksandr tərəfindən kilsənin təməli qoyulmuşdu. Tikinti zamanı ləngimələr baş verdiyindən kilsənin memarı alman Marfeldə, Qoslavski köməkçi təyin edildi. Onun gəlişi ilə kilsənin tikintisi sürətləndi və göstərdiyi əzmkarlıq gənc memara köməkçidən çox tikilinin ikinci müəllifi hörmətini qazandırdı. 1898-ci ildə Qafqazın ən böyük kilsəsi dindarların ixtiyarına verildi. Təəssüf ki, bu tarixi memarlıq incisi 1936-cı ildə bolşeviklər tərəfindən dinamitlə partladılıb yox edildi.

İşə başladığı ilk gündən bacarıq və qabiliyyəti ilə seçilən Qoslavski 1892-ci ildə Bakı şəhərinin baş memarı vəzifəsinə gətirilir.

Azərbaycan Dövlət Tarix Arxivində qorunan Bakı şəhər İdarəsi fonduna dair (Fond 389, siy.8, sax.vah.518) "İ.V.Qoslavskinin şəhər arxitektoru təyin edilməsi barədə ərizəsi, məsələ haqqında yazışma və xidməti kitabçası" adlı saxlama vahidində bu haqda müfəssəl məlumatlar var. 25 noyabr 1892-ci ildə Qoslavski Bakı şəhər başçısına ərizəsində şəhərin arxitektoru xidmətində işləməyi özünə böyük şərəf sayacağını qeyd edir. Üç gün sonra, 28 noyabrda Bakı şəhər Upravasının qərarı ilə ona arxitektor səlahiyyəti verilir.

O, 1893-cü ildə şəhərin mərkəzi küçələrində 3 ədəd ikimərtəbəli yaşayış binası, Tağıyevin sarayının və Mərdəkandakı bağının layihələrinə imza atır. 1894-cü ildə isə 2 ədəd üçmərtəbəli yaşayış binası ilə yanaşı, Tağıyevin bağçılıq məktəbini təhvil verir. 1895-ci ildə 5, 1896-1899-cu illərdə isə 10 layihəyə imza atmışdır. Bu səbəbdən də onu dövrün mətbuatında italiyalı heykəltəraş və memar Karlo Bartolomeo Rastrelliyə bənzədib "Qafqazlı Rastrelli" adlandırırdılar. Qoslavskinin layihələri arasında Tağıyevin tikdirdiyi qızlar məktəbinin binası (indiki Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu), Bakı şəhər Dumasının binası (indiki Bakı şəhər İcra Hakimiyyəti), Zığ qəsəbəsindəki Tağıyevin toxuculuq fabriki, Qara şəhərdə zavod, Bakı texniki peşə məktəbinin (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) binası ən uğurlularından idi.

Şəhər memarı vəzifəsində işləmək şəhərin inşa təcrübəsi ilə yaxından tanış olmağa, onun memarlığının ehtiyac və problemlərini daha dərindən öyrənməyə böyük imkanlar açırdı. Tətbiq etdiyi memarlığın əsaslarını klassik təmayüllü memarlıq prinsipləri təşkil edirdi. Şəhər ətrafı tikintilər zamanı klassik üslublu və ahəngdar relyef detalları ilə seçilən dəbdəbəli əhəngdaşından yararlanaraq sərbəst və dürüst kompozisiyalar yaradırdı.

İ.Qoslavski, digər bakılı memarlar kimi yonulmamış daşla hörgüdən müxtəlif variantlarda geniş istifadə edirdi. Bu material fasad divarlarının qabarıq hörgüsü ciddi və möhtəşəm forma yaratmağa imkan verirdi. O, qotika, barokko, klassisizm memarlıq üslublarından bacarıqla istifadə edirdi.

Şəhər memarlığında ənənəyə çevrilən klassik element və motivlərin istifadəsi Qoslavski memarlığı üçün də əsas xətt olmuşdu. Böyük yaradıcı fantaziya və bədii istedada malik olan Qoslavski, öz layihələrinin klassik formalarını təcəssüm etdirmək üçün yerli əhəngdaşının üstünlüklərini anladı və ustalıqla qiymətləndirdi. O, əsl sənətkar qəlbinin ehtirası ilə onları qrafik cəhətdən məharətlə yerinə yetirirdi. Klassik təmayülün pərəstişkarı olan memar öz yaradıcılığında XIX əsrin ikinci yarısında geniş yayılmış başqa üslub istiqamətlərindən də lazımi dərəcədə bəhrələnirdi. Onun 1893-cü ildən 1900-cü ilə qədərki yaradıcılıq fəaliyyəti bu gün də hər bir kəsi heyran edir. Yeddi il ərzində Qoslavski, 1898-ci ildə tamamlanmış Aleksandr-Nevski kilsəsindən əlavə, on iki böyük, əsaslı obyekti layihələndirmiş və tikmişdi.

Klassika Qoslavski yaradıcılığına zövq və dünyagörüş baxımından ən yaxını idi. Özünün bütün işlərində Qoslavski onun estetik imkanlarını göstərməyə çalışırdı. Bu zaman memar onun qanunauyğunluqlarını özü bildiyi kimi, yerli mühitin yeni şərtlərini nəzərə alaraq dəyişirdi. Nəticədə Avropa və Şərq memarlığının təkrarsız sintezinin alınmasına nail olurdu.

O, Bakıda işləməyə başladığı vaxtdan istedadlı və novator olmasına görə Bakı milyonçusu, neftxudası və böyük xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin diqqətini hamıdan tez cəlb etmişdi. Odur ki, milyonçular arasında Qoslavskiyə birinci layihə sifarişini Tağıyev vermişdi.

Binalar tikildikcə Tağıyev İosif Qoslavskinin istedadına heyran qalırdı və bu səbəbdən ona ard-arda müraciətlər edirdi. Ona görə də Qoslavskinin imzası olan layihələrin arasında Tağıyevə məxsus tikililərin sayı daha çoxdur.

1892-ci ildə Qoslavski Tağıyevin sarayının tikintisinə başlayır və üzərində təxminən on il işləyir. Bu bina Qoslavskinin fəaliyyəti illərində aldığı ilk sifariş idi. O, sarayın layihəsində şərq elementlərindən də yetərincə və dəqiqliklə istifadə edir. Binanın tikintisi 1902-ci ildə başa çatır. Möhtəşəm saray 1921-ci ildən indiyə kimi Milli Azərbaycan Tarix muzeyi kimi fəaliyyət göstərir.

Tağıyevin Poçtovı küçəsində daha bir ikimərtəbəli yaşayış evi (1893-95), Mərdəkan kəndindəki villası (1893-95), Zığ kəndində toxuculuq fabriki (1896-99), Tağıyevin qadın müsəlman məktəbi (1898-1901), Tağıyev teatrının binası (1899-1904) layihələrinin həyata keçməsi arxitektorla mesenat arasındakı isti münasibətdən, dostluqdan xəbər verir.

Tağıyev təkcə öz sifarişlərində yox, Qoslavskinin bir çox digər layihələrinin də həyata keçirilməsində köməyini, maddi dəstəyini əsirgəməmişdi. Bakı orta texniki məktəbinin (indiki Dövlət Neft və Sənaye Universiteti) əsas binası Qoslavski tərəfindən əslində, H.Z.Tağıyevin vəsaiti hesabına tikilmişdi. Bu bina ətrafdakı tarixi tikililərə münasibətdə məsuliyyətli planlaşma mövqeyi tutur. İnqilabdan əvvəlki Rusiyanın tədris müəssisələrinin ən yaxşı ənənələrinə uyğun olaraq tikilmiş məktəbin ikimərtəbəli binasında memarlıq kompozisiyasının klassik üsullarından münasib qaydalarla istifadə edilib. Məktəbin binası daxilən olduqca gözəldir və Qoslavskiyə məxsus memarlıq təfsilatları incə və aydın cizgilərlə seçilir.

Qoslavskinin yeddi illik yaradıcılıq işlərinin arxasında layihələşdirilmiş binaların geniş diapazonu olub. Bunu onun müəllif olduğu müxtəlif sahəli səhiyyə, ictimai-tədris, yaşayış evi və sair məqsədli binalar üçün çəkdiyi layihələr təsdiq edir. Buna misallar kimi 1899-cu ildə tikilən Torqovı küçəsindəki (indiki Nizami) İmperator rus texniki cəmiyyətinin Bakı şöbəsinin binasını və 1902-ci ildə sifariş edilmiş, Bakının varlı və zadəgan sakini Teymurbəy Aşurbəyovun yaşayış binasını da göstərmək olar.

Eyni zamanda, Azərbaycan Dövlət Tarix Arxivində saxlanılan, Bakı quberniyasını şəhər işləri üzrə idarəsi fonduna aid (Fond 50, siy.1, sax.vah.41), "Bakı şəhər dumasının iclasları jurnalı (1895-1898)" saxlama vahidindəki şəhər arxitektoru Qoslavski tərəfindən tərtib edilən Mixaylovski xəstəxanasının yoluxucu xəstəliklər şöbəsi layihəsinin surətini bu mənada daha bir sübut kimi də təqdim etmək olar.

Böyük arxitektorun son yaradıcılıq işi Bakı şəhər Duması binasının layihəsi (indi Bakı şəhər İcra Hakimiyyəti yerləşir) oldu. Barokko stilində inşa edilən binanın tikintisinə 1900-1904-cü illərdə rəhbərlik edir. O, çox arzulayırdı ki, bu bina Bakının əfsanəvi zənginliyini əks etdirməklə şəhərin rəmzinə çevrilsin, şəhərin ən gözəl memarlıq abidələrindən biri olsun. Demək olar ki, bu istəyinə müvəffəq də olur. Lakin vərəmdən əziyyət çəkən, ona əhəmiyyət verməyib sevdiyi sənətindən ayrılmayan Qoslavski təəssüf ki, işini tamamlaya bilmir, 1904-cü ildə Bakıda vəfat edir, başladığı işini isə həmyerlisi İosif Ploşko davam etdirir. Bina 1912-ci ildə tamamlanıb təhvil verilir.

Qoslavski Bakıda az bir müddət çalışa bilsə də, mənalı yaradıcılıq fəaliyyətinə görə geniş tanındı, sevildi və çox təəssüf ki, cəmi 39 yaşında - hələ cavan ikən vəfat etdi.

Xalqımız Qoslavskinin xatirəsini hər zaman ürəyində yaşatdığı kimi, dövlətimiz isə onun tarixi əməyini yüksək qiymətlədirərək adının əbədiləşdirilməsi üçün tədbirlər görüb. 31 may 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Polşa Respublikasının Prezidenti cənab Anjey Dudanın iştirakı ilə Bakıda Polşa memarlarının xatirəsinə həsr edilən lövhələrin açılış mərasimi keçirildi. Polşalı memarların adlarını əbədiləşdirmək məqsədilə Bakının tarixi məhəlləsində yerləşən küçələrdən birinə "Polşa memarları" adı verilib. Buradakı binaların birində polşalı memarlar - İosif Qoslavski, Kazimir Skureviç, İosif Ploşko və Yevgeni Skibinskinin adları həkk olunan xatirə lövhəsi və onların memarı olduqları bir neçə binanın daşdan yonulmuş şəkilləri vurulub.

Bu il İosif Qoslavskinin 155 illiyi tamam olur. Nə qədər ki, Qoslavskinin yaratdığı tarixi memarlıq abidələri var, o, daim ruhən bakılı böyük arxitektor kimi bizim müasirimiz olacaq.

Rövşən HƏSƏNLİ
Dövlət Tarix Arxivinin şöbə müdiri

 





30.09.2020    çap et  çap et