525.Az

Ordumuz - qürur yerimiz!.. - Sosial şəbəkədə yazılanlar


 

SOSİAL ŞƏBƏKƏLƏRDƏN AZƏRBAYCAN ORDUSUNA BÖYÜK DƏSTƏK

Ordumuz - qürur yerimiz!.. - <b style="color:red">Sosial şəbəkədə yazılanlar </b>

Şahin Cəfərli, siyasi şərhçi:

- Bu günə olan beynəlxalq reaksiyaları qənaətbəxş saymaq olar.

Təbii ki, hamımıza məlum olan səbəblərdən ilk növbədə Rusiyanın reaksiyası önəmli idi. Moskva hələ ki təmkinli davranır. Onun Ermənistana və ya oradakı hərbi bazasına hərbi texnika göndərməsi rutin prosesdir, bu, o qədər də önəmli deyil.

Rusiyanın mövqeyi ilə əlaqədar müəyyən ehtimallar irəli sürmək olar:

Ola bilər ki, Azərbaycan və Rusiya arasında (yaxud Azərbaycan-Türkiyə-Rusiya üçbucağında) hansısa anlaşma, ya da ən azından bu mərhələ üçün qarşılıqlı anlayış əldə edilib. Bu səbəblə, Rusiya Azərbaycana fürsət pəncərəsi açıb və onun hərbi aktivliyinə müəyyən müddət göz yumacaq.

Bu ehtimal doğrudursa, onda Rusiyanın Azərbaycandan nə alacağı da önəmlidir. Ümid edirəm, Avrasiya İttifaqına üzvlük, Rusiya sülhməramlılarının münaqişə tam həll olunmadan bölgədə yerləşdirilməsi kimi qərarlar olmayacaq. Rusiya sülhməramlı kontingentinin yalnız beynəlxalq missiyanın tərkibində, neytral Avropa ölkəsi zabitinin komandanlığı altında ölkəmizə gəlişinə razılıq vermək olar. Amma bundan öncə Azərbaycanın bütün işğal edilmiş ərazilər, o cümlədən, Dağlıq Qarabağ üzərində suverenliyini təmin edəcək sülh müqaviləsi imzalanmalıdır.

Mümkündür ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının yeni səviyyəyə yüksəlməsi, ölkəmizdə Türkiyənin hərbi mövcudiyyəti Rusiyaya çəkindirici təsir göstərərək onun öz siyasətinə korrektələr etməsinə səbəb olub. Moskva burada Türkiyənin daimi hərbi mövcudiyyətində maraqlı deyil və ola bilsin, yuxarıda bəhs etdiyim razılaşmanın (əgər varsa) mahiyyəti budur ki, Rusiya Azərbaycanın hərbi əməliyyatlarına müəyyən zaman aralığında göz yumur, vaxt bitdikdən sonra isə türkiyəlilər buradan çıxır.

Bu da istisna deyil ki, ortada hər hansı anlaşma filan yoxdur və Kreml erməni xalqını inqilab törətdiyinə peşman etmək, Rusiyaya qarşı nankorluğuna görə onu cəzalandırmaq üçün Azərbaycan və Türkiyənin aktivliyinə bir müddət dözümlü yanaşacaq. Ermənilər öz səhvlərini anladıqdan və onu Azərbaycan və Türkiyənin əlindən yalnız Rusiyanın qurtara biləcəyini başa düşdükdən, bir növ, Moskvanın ayağına qapandıqdan sonra Kreml siyasi səviyyədə lazımi müdaxilələri edib, Azərbaycanı dayandıracaq.

Qərbdən və dünyadan gələn reaksiyaları isə normal saymaq olar. Hazırkı situasiyada onların tərəfləri atəşkəsə çağırması adekvat reaksiyadır. "Bir-birinizi qırın" deyəsi deyillər. Azərbaycan ordusu ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərində hərbi əməliyyat aparır və bu, tamamilə legitimdir. Qərbdə bunu anlayırlar. Vasitəçilər ABŞ və Fransa münaqişənin həllinin məhz Ermənistanın güzəştsiz mövqeyi səbəbindən bu qədər uzandığını çox yaxşı bilirlər. Yadınızdadırsa, ABŞ-ın Ermənistandakı bundan əvvəlki səfiri heyrətlə söyləmişdi ki, ermənilər nəinki DQ məsələsində, hətta ətraf rayonlarla bağlı da kompromisə hazır deyillər. Bu üzdən, əgər Azərbaycanın hərbi təzyiqi (təbii ki, Qərb bu təzyiqin qısamüddətli olmasını istəyərdi) nəticəsində erməni tərəfi yola gələcəksə, bu, Qərbin maraqlarına zidd olmayacaq.

Sonda Azərbaycan rəhbərliyinin apardığı uğurlu diplomatiyanı da qeyd etmək və onları təbrik etmək lazımdır. Sərt gücün işə düşməsinə məhz bu diplomatiya yol açıb. Ən azı, hazırkı mərhələdə görünən budur, sonrasını müşahidə edib, müvafiq qiymət verərik.

İradə Tuncay, jurnalist:

- Müharibə irəliyə doğru bir addımdır. Təkcə torpaqlara doğru yox, həm də inkişafa doğru. Ordu döyüşərək təcrübə qazanır, boşluqlar bilinir, hərbi həkimlər, hərbi mühəndislər formalaşır... Napoleon arzulayırsansa, döyüşməlisən! Ağlamaq olmaz!..

Gülnarə İlham, jurnalist:

- Elə bilirdim, bu ağır yükü övladlarımıza miras qoyacağıq. Çox şükür biz həm də ordumuzun gücünü, qələbə qazanmaq əzminin olduğunu gördük. Qorxularımızı, uşaqlıq travmalarını yendik. Daha analarımız balalarını "erməni gəldi" deyə hədələməz. Tam qələbəmizi tezliklə görmək ümidi ilə.

Şamil Paşayev, hüquqşünas:

- Ermənilər müharibənin davam etməsindən, biz isə dayandırılmasından qorxuruq.

Taleh Yüzbəyov, aktyor:

- Allah adama düşmənin də qeyrətlisindən verə. Neçə gündür, hər yola əl atdılar. Hər cür “photoshop”, “fake” xəbər çıxardılar ki, başqa dövlətləri də bu müharibəyə cəlb eləyə bilsinlər. Onların xəbər saytlarını oxuyuram ki, gah rusu borclu çıxardılar, gah gürcünü satqın. Elə bil başqaları gəlib bunların yerinə vuruşmalıdır.

Rus kanallarının birində isə bir erməni politoloq bizimkinə qayıdır ki: "Siz bizi heç vaxt məğlub edə bilməyəcəksiniz. Çünki siz alverçi xalqsınız, biz döyüşçü". Orda olub, ağzını əyəsən: üdü bhüdü dü. Adama deyərlər, ay, dənizdən-dənizə ərazinin onun tarixi torpaqları olduğunu iddia edən "döyüşçü xalq", bə niyə bu döyüşkənliklə indi əraziniz penis boyda qalıb?! Bu qəhrəmanlıqla niyə itirə-itirə gəlirsiniz?! Hələ bunların Müdafiə Nazirliyinin mətbuat katibi Shushan hər gün Feysbukda 5-10 tankımızı vurur, amma video ilə sübut eləyə bilməyəndə şeir-zad paylaşır. Paşinyan da Votsapda yayılan səslər səviyyəsində çıxışlar edir, terrorçular elə gəldi, araq belə getdi. Nə isə. Allah adama düşmənin də qeyrətlisini versin.

İndi qarışıq günlər yaşayırıq. Həm sevincli, çünki torpaqlarımızı geri qaytarırıq, həm kədərli, çünki şəhid veririk. Özümüzə güclü və dözümlü olmağı arzulayıram! Allah şəhidlərimizə rəhmət eləsin, ailələrinə səbr versin!...

Murad Əzimzadə, jurnalist:

- Bu an elə bir məqamdır ki, hazırda gedən müharibəni pisləyən adam erməni separatçı rejimini dəstəkləmiş olur! Ağıllı olun! Humanizm və kosmopolit düşüncələri Qarabağımıza qayıdandan sonra müzakirə edərik!

Ceyhun Dadaşov, aktyor:

- Bu aralarda Azərbaycanda qardaş kimi yaşayan xalqlar arasında nifaq salmaq istəyənlər çox olacaq. Onlara uymayın. Vətən hamımızındır! Torpaq hamımızındıq! Namus hamımızındır!

Natiq Cəfərli, siyasətçi:

- İlkin nəticələr:

1) Hərbi üstünlük qazandıq, söhbət tək ərazilərimizin bir qisminin azad edilməsindın getmir, həm də psixoloji üstünlükdən gedir - düşmən ölkə anladı ki, Qarabağı unutmamışıq, vuruşa bilirik, bu günün Azərbaycanı 90-ların vəziyyətində deyil.

2) Beynəlxalq ictimayyət də ayıldı - Qarabağ məsələsini unutdurmağa çalışırdılar, anladılar ki, unutmamışıq.

3) Xalq olaraq özgüvən yarandı, əziklik və məğlubiyyət sindromu canımızdan çıxmalıdır.

4) Ermənistan anladı ki, danışıq oyunları bitdi, indi qərar verməlidirlər - ya müstəqil ölkə olub axmaq iddialarından əl çəkəcəklər, ya da əl buyruqçusu olaraq maşa kimi işlədiləcəklər, amma yenə də torpaq qazana bilməyəcəklər - sonda həm işğal etdikləri torpaqları, həm də gələcəklərini itirəcəklər.

5) Qarabağda yaşayan erməni əsilli azərbaycanlılar (azərbaycanlı vətəndaşlıq tanımıdır, etnik mənsubiyyət deyil) da qərar verməlidirlər - ya Azərbaycanın vətəndaşlığını qəbul edib gələcəkdə rifah içində yaşayacaqlar, ya da öz axmaq siyasətçilərinin əlində oyuncaq olmaqda davam edərək fiziki mövcudiyyət problemi ilə üzləşəcəklər.

Təhlükələr:

1) Gözləntiləri çox şişirtmişik, xəyal qırıqlığı yaranmaması üçün bu gün əldə etdiyimiz naliyyətləri ciddi önəmsəməliyik, bu döyüşə son döyüş kimi yox, davamlı proses, danışıqlarda ciddi üstünlük kimi baxmalıyıq.

2) Rusiya Paşinyanı dəyişsə, yerinə gətirəcəyi şəxsə siyasi nüfuz və legitimlik yaratmaq üçün əks-həmlələr təşkil edə bilər.

3) Bir neçə gündən sonra döyüşü saxlamaq üçün beynəlxalq basqılar artacaq, ona görə də əldə etdiyimuz uğurları möhkəmlətmək üçün indidən işlərə başlamalıyıq.

Çıxarılacaq dərslər:

1) Media, xəbər siyasətimiz yaxşılaşsa da, yetərli deyil, bu yöndə işlər görülməlidir.

2) Təbliğat işini koordinasiya etmək üçün vahid mərkəz yaranmalıdır - burada siyasi mənsubiyyət ikinci dərəcəli məsələ olmalı, hədəf Qarabağla bağlı beynəlxalq təbliğatın koordinasiyası olmalıdır.

Bu zaman kəsimi tariximizə gözəl günlər kimi düşəcək -  xalq, millət, vətəndaş olmağa başladıq! Daha gözəl günlər isə hələ qarşıdadır! Allah əsgər və zabitlərimizi qorusun! Amin!

Aydın Talışınski, həkim:

- Kim deyirsə ki, Qarabağın hərbi həlli yoxdur, ən böyük nagılbazdır. Azərbaycan təkbaşına dünyaya ədalət gətirir...

Qubad İbadoğlu, iqtisadçı alim:

- Məhv edilən 1 S-300 zenit-raket qurğusunun qiyməti 115 milyon dollardır.

SU-25 doyüş təyyarəsinin qiyməti 11 milyon dollardır.

Əvvəlki statuslarımda qeyd etdiyim kimi, Azərbaycanın rəşadətli ordusu düşmənin strateji obyektlərinin və infrastrukturasının, eləcə də döyüş texnikasının sıradan çıxarılması taktikası ilə döyüşür. Bununla da dinc əhalinin təhlükəsizliyi prinsiplərinə sadiqliyini nümayiş etdirir və həm də ağıllı və ardıcıl hərbi strategiya yeridir. Ötən günlər ərzində sıradan çıxan ən əhəmiyyətli döyüş texnikası SU -25 (təlaş içərisində idarəetməni itirərək dağa çırpılıb) və 1 S-300 zenit-raket qurğusudur. SU-25 doyüş təyyarəsinin qiyməti 11 milyon dollardır.

1 S-300 zenit-raket qurğusu Azərbaycan ordusunun dəqiq zərbəsu ilə Xocalı rayonunun Şuşakənd ərazisində məhv edilib. Bu qurğu hədəfləri 47 km-dən 150 kilometrə qədər məsafədə vurma imkanına, hava obyektlərini isə 120 km-dən 300 km-ə qədər məsafədə aşkar etmək imkanına malik idi. Qiyməti 115 milyon dollardır.

Təbii ki, ermənilə bu texnikaya ödəniş etməyib. Ruslar nəinki bunları, hətta ötən ilin 19 dekabrda Rusiyanın SU-30SM çoxprofilli qırıcı təyyarələrini, eləcə də dünyanın heç bir ölkəsinə satmadıqları "İsgəndər" raket kompleksini də havayı olaraq Ermənistana veriblər.

Bundan əlavə, Müdafiə Nazirliyinin məlumatına görə,  Azərbaycan Ordusunun bölmələri tərəfindən bugün ərzində saat 17:30-dək düşmənin 2 ədəd "OSA-AKM" zenit-raket kompleksinin döyüş maşını, 1 ədəd BM-21 "Uraqan" yaylım atəşli reaktiv sistemi, 4 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 4 ədəd "D-20" haubitsa-topu, 16 ədəd tank, 1 ədəd piyadanın döyüş maşını və şəxsi heyətlə 2 ədəd yük maşını məhv edilib və sıradan çıxarılıb.

 





02.10.2020    çap et  çap et