525.Az

"Payız-qış aylarında koronavirusun yaydakı qədər aqressiv olacağını düşünmürəm" - Müsahibə


 

HƏKİM RAMİN NƏRİMAN: "UŞAQLAR COVİD-19-U QRİPDƏN DƏ YÜNGÜL KEÇİRİRLƏR, ANCAQ YOLUXDURMA EHTİMALI ONLARDA DAHA ÇOXDUR"

"Payız-qış aylarında koronavirusun yaydakı qədər aqressiv olacağını düşünmürəm" -<b style="color:red"> Müsahibə</b>

Bu gün hamımız ellikcə həm cəbhədə düşmənlə, həm də koronavirusla savaşırıq. Hər birimiz fiziki və mənəvi cəhətdən möhkəm olmalıyıq. Koronavirus savaşında ön cəbhədə vuruşan həkimlərimizdən olan Ramin Nərimanla  söhbətimizi təqdim edirik.

- Doktor, payız-qış aylarında virusun daha kəskin xarakter alması mümkündürmü?

- Koronavirusla bağlı fəsillərə görə verilən proqnozlarının heç biri özünü doğrultmadı. Söylənilirdi ki, yay ayları gəlsin, yaxşı olacaq, gün şüaları virusları öldürəcək və s. Gördüyümüz kimi, elə olmadı. İstər Azərbaycanda, istərsə də dünyada virusun ən aqressiv dövrü elə yay aylarında oldu. Əksinə, yay aylarında tənəffüs yollarında quruma baş verir ki, bu da virusun aktivliyi artırır. Ümumiyyətlə, virusla bağlı proqnoz vermək göründüyü qədər asan deyil. Çünki bu, yeni xəstəlikdir. Həmin dövrü yaşamaq lazımdır ki, virusun özünü necə apardığı barədə fikir formalaşsın. Ola bilər ki, payız-qış aylarında yuxarı tənəffüs yollarının xəstəlikləri, qrip infeksiyaları, xroniki xəstəliklər fonunda müəyyən qədər artım olsun. Ancaq bu artımın yaydakı qədər sürətli və aqressiv olacağını düşünmürəm.

- Qarşıdan soyuq aylar gəlir. Bildiyimiz kimi, bu dövrdə qrip daha kəskin xarakter alır. Qriplə koronavirusun bəzi əlamətlərinin oxşar olması insanları çaşdırır. Aralarındakı əsas fərqlər hansılardır?

- Koronavirus yayılmağa başladığı ilk dönəmlərdən bu sual aktualdır. İlk növbədə onu qeyd edim ki, hər ikisinin oxşar xüsusiyyətləri olduğu kimi, fərqli cəhətləri də var. Məsələn, koronavirusda temperatur tədricən yüksəldiyi halda, adı qrip zamanı temperatur qəfil yüksəlir. Yəni qrip zamanı birdən-birə qızdırma 38 dərəcə olursa, koronavirus zamanı qızdırma birinci gün 37, ikinci gün 38 dərəcə olur. COVİD-19 infeksiyası zamanı xəstənin əhval-ruhiyyəsi adı qrip infeksiyasına nisbətən daha çox pozulur, daha çox tərləmə olur, sümük, əzələ ağrıları daha aqressiv olur. Qrip vaxtı yuxarı tənəffüs yolları, burundan daha çox ifrazat olduğu halda, bu, COVİD-19 üçün o qədər də xarakterik deyil. Həmçinin, qrip infeksiyasında asqırma olduğu halda COVİD-19-da bu, müşahidə olunmur, əksinə, yuxarı tənəffüs yollarının quruması baş verir. Ən əsası COVİD-19-un yayılma prosesi daha sürətli gedir.

- COVİD-19 özündən sonra fəsadlar qoyurmu?

- COVİD-19 infeksiyası zamanı bütün orqan toxumaları zədənələnsə də, əsas həyati təhlükə yaradan tənəffüs sisteminin, ağciyərin zədələnməsidir. Ağciyər zədələndikdən sonra fibroz deyilən toxuma inkişaf edir. Anlaşıqlı dildə desək, ağciyər toxumasının sərtləşməsi baş verir. Fibroz zamanı yumşaq ağciyər toxuması sərtləşir ki, bu da oksigenin qana keçməsinə təsir edir. Ağciyər toxuması nə qədər çox zədələnirsə, fibrozun əmələ gəlmə ehtimalı o qədər artır. Əgər COVİD-19 xəstəsi normal müalicə alarsa, həmin zədələnmə iki ay müddətində itir. Amma bəzi xəstələrdə zədələnmə çox olduğu üçün fibroz riski də artır. Təbii ki, biz xəstəliyin fəsadları barədə müəyyən müddət keçdikdən sonra daha yaxşı bilgilərə mailk ola bilərik. Bugünkü nəticələrə əsasən onu deyə bilərik ki, əksər xəstələrdə ciddi fəsadlar qalmır.

- Virusa ikinci dəfə tutulmaq ehtimalı nə qədərdir?

- Hazırda əlimizdə olan statistikaya görə, dünyada 30 milyondan çox adam COVİD-19 xəstəsi olub, sağalıb və yaxud da hazırda var. Onların içərisində cəmi 4-5 təkrar yoluxma halı baş verib.

- COVİD-19 üçün yaş fərqi varmı?

- Xeyr. COVİD-19 üçün yaş məhdudiyyəti yoxdur. Yəni istənilən yaş üçün virus təhlükəsi var. Yaş amilinin təsirini biz ağırlaşma və ölüm hallarında görə bilirik. Ümumiyyətlə, insan yaşlandıqca onun həyat ehtiyatları tükənir. Təkcə COVİD-19,  tənəffüs sistemi ilə bağlı digər xəstəliklərə də həssaslıq yaranır. Ona görə də yaşlı adamlar risk qrupundadir. Əslində, uşaqlar arasında da COVİD-19 geniş yayılır. Sadəcə, uşaq orqanizmi bunun öhdəsindən gələ bilir. Uşaqlar COVİD-19-u qripdən də yüngül keçirir. Ancaq yayma və yoluxdurma ehtimalı uşaqlarda daha çoxdur. Bu günə qədər uşaqlar arasında ölüm, yaxud ağırlaşma halları geniş vüsət almayıb. Bunu onunla əlaqələndirirlər ki, uşaqlarda angiotenzin çevirici fermentə həssas reseptorlar yoxdur. Hansı ki, bu reseptorlar virus üçün giriş qapısı rolunu oynayır.

- Soğan, sarımsaq, zəncəfil kimi qidaların koronavirusa hər hansı müsbət, yaxud mənfi təsiri varmı?

- Virusa qədərki mərhələdə hər hansı müsbət effektdən danışmaq olar. Ancaq xəstəlik dönəmində xeyrindən çox zərəri var. Adını çəkdiyiniz vasitələr orqanizmdə qıcıqlandırıcı təsirə malikdir. Digər tərəfdən, bu vasitələrin fasiləsiz qəbulu qaraciyərin yüklənməsinə səbəb olur. Onsuz da COVİD-19 zamanı qaraciyər zədələnir. Bu vasitələrdən düzgün olmayan şəkildə istifadə isə qaraciyərə ikiqat zərər verir. Öz praktikamdan da deyə bilərəm ki, xəstəlik zamanı zəfəran dəmləməsindən istifadə edən xəstələrdə əlavə təsir müşahidə olunub.

- Bəs spirtli içkilər necə?

- Virusun geniş yayıldığı dönəmlərdə spirtli içkilərin müsbət təsiri barədə fikirlər dolaşırdı. ÜST-ün bu barədə protokolu var. Xəstəlik zamanı spirtli içkilərin qəbulu xəstənin vəziyyətinin daha da ağırlaşmasına səbəb olur. Həmçinin, spirtli içkilər tənəffüs yollarının qurumasına yol açır. Bir sözlə, koronavirus zamanı spirtdən yalnız dezinfeksiya məqsədilə istifadə edilməlidir.

- Koronavirusdan özlərini qorumaq üçün nə məsləhət görərdiniz?

- Meyvələrdən daha çox istifadə olunmalıdır. Kifayət qədər isti maye qəbul olunmalıdır. Kompot, çay, müxtəlif bitki dəmləmələri və s. İstirahət rejiminə, xüsusilə də yuxu rejiminə diqqət etmək lazımdır ki, immunitet düşməsin. Sanitar-gigiyenik qaydalara mütləq əməl etmək olunmalıdır.

Aytac SAHƏD

 





03.10.2020    çap et  çap et