525.Az

Azərbaycan Avropa mətbuatında


 

Azərbaycan Avropa mətbuatında<b style="color:red"></b> Avropa qəzetləri hər gün Qarabağdakı müharibəni diqqətdə saxlayır və öz siyasi baxışlarına uyğun şərhlər verirlər.

Xüsusilə, Almaniya mətbuatında "müsəlman Azərbaycan", "xristian Ermənistan"a vurğu Avropada yaşayan türklərin və Azərbaycanı sevən almanların sərt reaksiyası ilə qarşılanır.

Azərbaycanın Berlindəki səfirliyi də alman mətbuatına bir açıqlama verdi və Qarabağ hadisələrinin tarixini izah etdi, bəzi media orqanlarının qəsdən "müsəlman", "xristian" ifadələrindən istifadə etdiklərini bildirdi. Azərbaycan səfirliyinin açıqlamalarını alan alman dostlarımız da bu məsələdə türklərin yanında ön sıralarda idilər.

Nəsimi "Divanı"nı alman dilinə tərcümə edən dosent Michael Reinhard Hess özünün sosial media hesabında belə təbliğatın qəsdən aparıldığını yazdı. Naşir Hans Jürgen Maurer da Azərbaycan səfirliyinin açıqlamasını öz səhifəsində yayımladı.

Müharibənin əvvəlində bitərəf görünməyə çalışan Avropa qəzetləri hadisələri başqa səmtə yönəltməyə və iki gündən sonra açıq şəkildə tərəf tutmağa başladı. İngilis qəzeti "The Guardian" Qarabağ müharibəsində Ermənistan təyyarələrinin vurulmasinda Türkiyənin rolu olduğunu iddia etdi. Fransız qəzeti "Le Monde" daha da irəli gedərək Qarabağda Azərbaycan tərəfdən suriyalı döyüşçülərin vuruşduğunu yazdı.




Alman qəzetləri bu xəbərlərə başlanğıcda daha diqqətli yanaşdılar. "Die Welt" qəzeti hadisələrin əvvəlində "Ərdoğanın döyüşü" başlıqlı məqaləsi ilə tərəfini göstərdi. Bu mövzuda eyni qəzetdə bir şərh yazan Pavel Lokshin, "Qarabağda kimin müharibəsi var" adlı geniş məqaləsində hadisələrin sovet dövründə başladığını və bölgənin beynəlxalq hüquqa görə Azərbaycana aid olduğunu bildirdi. İki xalqın keçmişdə birlikdə yaşadığını və hətta evlilik yolu ilə aralarında bağlar qurulduğunu yazan Lokshin bu əlaqələrin tədricən zəiflədiyini və düşmənçiliyə çevrildiyini yazdı. Məqalənin davamında Ermənistanın atəşkəs istəməsinə baxmayaraq, Azərbaycan Prezidentinin qətiyyətli olduğunu və torpaqları alana qədər müharibəni davam etdirəcəyini bildirdi.

"Die Zeit" qəzeti isə hadisələrin əvvəlində "Ərdoğanın döyüşü" başlıqlı məqaləsi ilə tərəfini göstərdi. Bəzən hadisələri qərəzsiz şəkildə oxuculara çatdırmağa çalışmasına baxmayaraq, "Ərdoğan" və "müsəlman" anlayışlarını yan-yana gətirərək qərəz yaratmağa meylli oldu.

Qəzetlərdə yazılara yazılan şərhlər də çox maraqlı idi. Alman şərhçilər müharibənin dayandırılmasını tələb edərkən, bəzi erməni mənşəli şərhçilər də əslində,  ordakı müharibədə Türkiyənin olduğunu iddia edirdilər. Avropada yaşayan türk oxucular Azərbaycanın haqlı mövqeyini qeyd edərək şərhlərlə hadisənin əsl mahiyyətini izah etməyə çalışdılar.

Orxan ARAS
 





02.10.2020    çap et  çap et