525.Az

Bəşər Əsədlə Emmanuel Makronun erməni sevgisi - Xaqani Cəfərli yazır


 

Bəşər Əsədlə Emmanuel Makronun erməni sevgisi -<b style="color:red"> Xaqani Cəfərli yazır </b>

Suriyanın qanlı diktatoru Bəşər Əsədin müşaviri Buseynə Şaaban Azərbaycan ordusunun Ermənistanın təxribatlarına qarşı başlatdığı əks-hücuma görə Türkiyəni ittiham etməklə, rəsmi İrəvanın son günlər dəfələrlə səsləndirdiyi sərsəm fikri təkrar edib. Suriya diktatorunun xanım müşavirinin öz fikirlərini "RİA Novosti" agentliyinə açıqlamasında səsləndirməsi isə Ermənistanın müttəfiqlərinin coğrafiyasını müəyyən etməyə əsas verir. Əlbəttə, əgər Fransanın Ermənistanın müttəfiqlərinin coğrafiyasındakı yerini və rolunu qeyd etməsək, mənzərə yarımçıq olar.

Suriya Bəşər Əsədin müşaviri Buseynə Şaabanın sərsəm fikrini Fransa prezidenti Emmanuel Makron bir gün öncə bir qədər fərqli ifadələrlə səsləndirmişdi. Makron ermənilərə və Ermənistana səslənərək Türkiyənin çağırışı ilə Azərbaycanın Qarabağı "fəth etməsi"nə yol verməyəcəyini bildirmişdi.
 
BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən və ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri olan Fransanın dövlət başçısının Qarabağın, o cümlədən, Dağlıq Qarabağın Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazisi olduğunu görməzdən gələrək "Qarabağın fəth edilməsinə yol verməyəcəyik" kimi sərsəm fikir səsləndirməsi rəsmi Parislə Dəməşq hakimiyyətinin eyni düşüncəyə malik olduğunu göstərir. Bəşər Əsədin müşaviri Rusiyanın faktiki olaraq rəsmi xəbər agentliyində Ermənistanın müdafiəsinə qalxdığı kimi, Makron da ermənilərə dəstəyini Moskva ilə birlikdə həyata keçirir.

Azərbaycan ordusunun Ermənistanın təxribatlarına qarşı əks-hücumunun başladığı ilk gündən bəri Fransa prezidenti Emmanuel Makronun əsas fəaliyyəti məhz Ermənistanın müdafiəsini təşkil etməyə yönəlib. Bu qısa zaman kəsiyində Makron rusiyalı həmkarı Vladimir Putin, ABŞ prezidenti Donald Trampla danışıqlar apardı. Makronun Putinlə apardığı danışıqlardan sonra Kremldən yayılan məlumatda iki lider arasında telefon danışığının rəsmi Parisin təşəbbüsü ilə baş tutduğu qeyd edilirdi. Eynilə ABŞ prezidenti Trampla telefon danışığı da məhz Makronun təşəbbüsüylə baş tutmuşdu.




ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini təmsil edən Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp və Fransa Respublikasının prezidenti Emmanuel Makronun adından yayılan "Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində şiddətin artmasını ən sərt şəkildə qınayan, tərəflər arasında hərbi əməliyyatların dərhal dayandırılmasına" çağırışın yer aldığı bəyanatın meydana çıxmasının səbəbi də Makronun son günlərdəki fəaliyyətinin nəticəsidir. Çox böyük ehtimalla söyləyə bilərik ki, Makronun ciddi fəaliyyəti olmasaydı, ATƏT-in Minsk qrupu həmsədri olan dövlətlərin başçılarının birgə bəyanatı belə tez zamanda verilməyəcəkdi. Bu qənaətimiz əsassız deyil.
Məlum olduğu kimi, ABŞ-da prezident seçkiləri kampaniyasının əsas mərhələsi - təbliğat mərhələsi başlayıb. Bu seçki kampaniyasında rəqibinin ona qarşı  ən çox istifadə etdiyi arqumentlərdən biri Trampın Rusiya prezidenti ilə yaxın münasibətlərə malik olmasıdır. Hətta namizədlərin ilk debatında Demokratlar Partiyasının namizədi Co Bayden Trampı "Putinin küçüyü" adlandırmışdı. Belə bir vəziyyətdə Trampın Ermənistana görə xüsusi fəallıq göstərib yenidən Rusiya prezidenti ilə münasibətlərinə daha artıq diqqət çəkmək istəməzdi.

Rusiya prezidenti Vladimir Putinin də hazırda Ermənistana görə xüsusi fəallıq göstərməsinə mane olan məqamlar mövcud idi. İlk olaraq onu qeyd edək ki, Fransa prezidenti Makron bir neçə gün öncə Putinə zəng edərək Rusiya müxalifətinin lideri Aleksey Navalnının zəhərlənməsinə aydınlıq gətirməsini tələb etmişdi. Putin onu faktiki olaraq rəqibinə terror etməkdə günahlandıran Fransa prezidentinə zəng etmək istəməzdi. Digər tərəfdən, prezident Putinin əsas diqqəti Rusiya üçün bütöv Cənubu Qafqazdan daha böyük strateji əhəmiyyətə malik Belarusa yönəlib. Burada siyasi proseslər rəsmi Moskva üçün arzuolunmaz istiqamətdə inkişaf edir. Aleksandr Lukaşenkonun yarıgizli andiçmə mərasimi Belarusda siyasi gərginliyi daha da artırıb. Lukaşenkonun prezident seçkisindəki rəqibi, xanım Svetlana Tixanovskaya mühacirət hökuməti yaratmağa başlayıb. Beynəlxalq ictimaiyyət Lukaşenkonu Belarusun qanuni prezidenti kimi tanımaqdan imtina edərək xanım Tixanovskayanı tərəfdaş kimi görməyə başlayıblar. Bu isə Putini narahat edir və Kremlin əsas diqqətini məhz Belarusa yönəldir.

Rusiyanın diqqətini Ermənistandan yayındıran üçüncü məqam isə müxalifət lideri Aleksey Navalnının zəhərlənməsi ətrafında qalmaqalın səngimək əvəzinə böyüməsidir. Rusiyanın rəsmi dairələrinin açıqlamalarından aydın görünür ki, bu qalmaqalın beynəlxalq təşkilatlara sıçramasının astanasındayıq. Aleksey Navalnın özünün də sui-qəsdə görə məsuliyyəti prezident Putinin üzərinə qoyması Kreml sahibinin əl-qolunu bağlayan ciddi amildir. Belə bir vəziyyətdə Putin xüsusi fəallıq göstərib, ATƏT-in digər həmsədrlərini birgə bəyanat verməyə cəlb etməzdi.

Bütün bunlar bizə onu deməyə əsas verir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin hərbi əməliyyatların dərhal dayandırılması çağırışı Makronun bədnam fəallığının nəticəsidir. Həmsədr ölkələrin Ermənistan və Azərbaycan rəhbərlərini ATƏT-in Minsk qrupu həmsədrlərinin köməyi ilə ilkin şərtlər irəli sürmədən mahiyyəti üzrə danışıqları bərpa edəcəklərinə dair gecikmədən, vicdanla öhdəlik götürməyə çağıran bəyanatında BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçünün - ABŞ, Fransa və Rusiyanın təmsil olunduğu təşkilatın Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunması ilə bağlı dörd qətnaməsinə əməl edilməsi tələbinin yer almaması acı təəssüf doğurur. Həmsədr dövlətlərin rəhbərlərinin beynəlxalq hüququ önə çəkməmələri, işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoymaları Azərbaycanın öz haqqını döyüş meydanında qorumasına alternativ yol qoymur. Cənubi Qafqazda sülhün olmamasına görə məsuliyyət isə məhz beynəlxalq hüququ təsirsiz söz yığnağına çevirən BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin, xüsusilə ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin üzərinə düşür.

 





04.10.2020    çap et  çap et