525.Az

Gürcüstan bitərəf qala biləcəkmi?


 

Gürcüstan bitərəf qala biləcəkmi?<b style="color:red"></b>

Gürcüstan vətəndaşı olan bir qrup erməni oktyabrın 1-də "Mtavari arxi" (Əsas kanal)  teleşirkətinin qarşısında etiraz aksiyası keçirərək telekanalın "Dağlıq Qarabağdakı hərbi münaqişənin Azərbaycanın lehinə şərh etməsinə" etirazlarını bildiriblər.

Erməniləri ən çox qıcıqlandıran Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Qarabağın Azərbayanın suveren ərazisi olması ilə bağlı səsləndirdiyi fikirin "Mtavari arxi" kanalında yayımlanmasıdır.

Bu hadisə Gürcüstanın Ermənistanla Azərbaycan arasındakı münaqişədə bitərəfliyini qorumasını daha da aktuallaşdırıb. Gürcüstanda anlayırlar ki, müharibə böyüdükcə bitərəf qalmaq daha çətin olacaq. Ona görə rəsmi Tiflis Qarabağda atəşkəsin pozulduğu ilk andan özünün vasitəçiliyini təklif edərək hərbi münaqişənin böyüməsinin qarşısını almaq istədi. Ancaq Tiflisdə onu da anlayırlar ki, belə addımlarla Ermənistanla Azərbaycan arasında müharibənin qarşısını almaq mümkün olmayacaq. Ona görə də, Gürcüstan vasitəçiliyini təklif etməklə yanaşı, öz ərazisindən münaqişə edən tərəflərin hər ikisinə silah daşınmasına yol verməyəcəyini açıqladı. Ancaq buna baxmayaraq, Ermənistanda Gürcüstan əleyhinə səslənən ittihamlar artmaqdadır. Aydın görünür ki, Ermənistan Gürcüstan ərazisindən hərbi təyinatlı yüklərin daşınmasına çalışır. Tiflisdə Gürcüstanın Ermənistanla Azərbaycan arasındakı hərbi münaqişəyə cəlb olunmasının arxasında Rusiyanın dayandığından şübhələnirlər. Rusiya dövlət siyasətinin əsas təbliğatçılarından olan Vladimir Solovyovun Gürcüstanla bağlı yalan məlumatlar yayması bu şübhələri bir qədər də gücləndirir.

Tiflisin siyasi dairələrində Gürcüstanda yaşayan ermənilərlə azərbaycanlılar arasında da münaqişənin yaranacağından ehtiyat edirlər. Xüsusilə parlament seçkilərinin yaxınlaşması da ermənilərlə azərbaycanlılar arasında münaqişənin baş vermə ehtimalın artırır. Gürcüstan vətəndaşı olan ermənilərin separatizmə meylli və silahlı olmaları da vəziyyəti daha da ağırlaşdırır.

Bütün bu ehtimalı nəzərə alan rəsmi Tiflis bitərəfliyini qorumağa çalışdığını nümayiş etdirməyə səy göstərir. Ancaq müşahidəçilər zamanla bunun çox çətin olacağını, Ermənistanla Azərbaycan arasında münaqişənin böyüyəcəyi halda, Gürcüstanın bitərəf qalmasının mümkün olmayacağını düşünürlər.

 





04.10.2020    çap et  çap et