525.Az

Makron niyə separatizmi, təcavüzkarı dəstəkləyir?


 

Makron niyə separatizmi, təcavüzkarı dəstəkləyir? <b style="color:red"></b>

Ermənistanın Azərbaycana qarşı təxribatlarına cavab olaraq ordumuzun əks-hücumlar həyata keçirməsi Fransa prezidenti Emmanuel Makronun dərin "narahatlığına" səbəb olub. Münaqişənin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədr dövlətinin rəhbəri işğalı, separatizmi dəstəkləyən açıq bəyanatları ilə əslində,  iç üzünü bir daha göstərmiş oldu.

Fransa prezidentinin hərbi əməliyyatların başladığından bəri tutduğu mövqe və verdiyi bəyanatlar bu ölkənin münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına ziddir və neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulmasıdır.

ATƏT-in mandatına uyğun olaraq vasitəçilik edən dövlət münaqişə tərəflərindən birinə açıq və birmənalı dəstək verə, tərəflərə yanaşmada balansı nümayişkarcasına poza bilməz, Fransa prezidenti isə bu gün məhz bu yolu tutub. Makronun heç bir diplomatik və vasitəçilik missiyasına cavab verməyən mövqeyi, həm də Fransada qarşıdan  gələn seçkilərlə bağlıdır və bu ölkədə yaşayan erməni diasporunun səslərinin qazanılmasına yönəlib. Bu gün Makron münaqişənin nizamlanması üçün vasitəçiliklə deyil, seçki kampaniyası ilə məşğuldur. Makron Cənubi Qafqazda sülh deyil, Fransadakı erməni seçicilərinin səsi uğrunda mübarizə aparır.

Makronun davranışı və açıqlamaları göstərir ki, o,  Avropanın ən nüfuzlu dövlətlərindən birinə başçılıq etmək üçün tələb olunan keyfiyyətlərə malik deyil. Aşağı səviyyəli sarı mətbuatın yaydığı feyk xəbərlərin Fransa kimi ölkənin başçısının dilindən səslənməsi, ilk növbədə, Fransa xalqı üçün başucalığı gətirmir. Vaxtilə De Qoll kimi şəxsiyyətin lideri olduğu ölkəyə bu gün sarı mətbuatın xəbərlərinin təbliğatçısı səviyyəsinə enən Makronun rəhbərlik etməsi təəssüf doğurur.

Azərbaycanın daim Fransa ilə dostluq münasibətləri yüksək səviyyədə olub, Fransız dilli orta və ali məktəb var, Fransa şirkətləri Azərbaycandakı neft müqaviələrinin iştirakçıları olub,  Heydər Əliyev 1993-cü ildə prezident kimi ilk səfərinin məhz Fransaya etmişdi, İlham Əliyev də 2003-də ilk səfərini Fransaya edib, bu gün də Azərbaycan Fransadakı tarixi abidələrin bərpa və yenidənqurması prosesində fəal iştirak edir. Bütün bunların fonunda Makron hökumətinin tutduğu mövqe təəssüf doğurur və ilk növbədə, Fransanın maraqlarına ziddir.

Fransa rəhbərinin qərəzli, beynəlxalq hüququ zidd mövqeyini şərh edən politoloq Fikrət Sadıxov  deyib ki, Makronun hazırkı bəyanatları ATƏT-in Minsk Qrupu həmsədrlərindən biri olan Fransanın tutmalı olduğu neytral mövqe ilə uzlaşmır: "Əslində, Fransa Minsk Qrupunun həmsədr ölkəsi olaraq əvvəllər də Qarabağ məsələsində neytral mövqe sərgiləmirdi, daim ermənipərəst siyasətin şahidi olmuşuq. Hazırda Qarabağ problemi ətrafında baş verən proseslərə və son hadisələrə dünya güclərinin göstərdiyi mövqeyə bir qədər geniş şəkildə yanaşmaq lazımdır. Konkret olaraq Fransanın əl-ayağa düşməsinə gəldikdə isə bu ölkənin hazırda Azərbaycana dəstəyini əsirgəməyən Türkiyə ilə münasibətləri də çox gərgin olub. Fransız siyasətçilər hətta yüz il əvvəl indiki Türkiyə ərazisində baş verən hadisələri Parlamentə soyqırım kimi daşıyıblar. Yəni Fransa Türkiyə ilə Azərbaycana dair mühüm hadisələrdə hər zaman birtərəfli mövqe göstərib. Amma Makronun hakimiyyətə gəlişindən sonra bu cür qərəzli mövqelər daha qabarıq şəkildə nümayiş etdirilir". 

Politoloqa görə, bu məsələdə yenə də Fransanın erməni lobbisi, erməni əsilli zəngin insanlar öz sözünü deyir: "Onlar nəinki ölkədaxili, xarici siyasətə də öz təsirlərini göstərirlər. Əlbəttə ki, Makronun hazırkı sarı mətbuata əsaslanan anormal bəyanatları Azərbaycanda dərin təəssüf hissi doğurmalı idi. Çünki bu ölkə sıradan bir dövlət deyil, BMT Təhlükəsizlik Şurasının üzvü, ATƏT Minsk Qrupunun həmsədr ölkələrindən biridir. Təbii ki, belə bir mühüm ölkənin və münaqişənin nizamlanmasında əsas rol oynayan dövlətin indiki həssas məqamda neytral mövqe sərgiləməməsi bizim üçün qəbulolunmazdır. Düşünürəm ki, biz bu cür hadisələr zamanı öz sözümüzü demişik və deməliyik də! Yəni qəti şəkildə prinsipiallıq göstərmək zamanıdır. Artıq Fransa ilə aramızda olan pərdə də birdəfəlik aradan qaldırılıb". 

Azərbaycanın Fransa ilə hər zaman  münasibətlərin yaxşı qalmasında maraqlı olduğunu deyən Fikrət Sadıxov Makron iqtidarının sərt mövqeyə keçməsinin xoş heç nə vəd etmədiyini bildirib: "Görünür, Fransanın indiki rəhbərliyi nazilən ipi birdəfəlik kəsmək qərarı verir. Əgər Makron bu cür nümayişkaranə şəkildə saxta bəyanatlar verəcəksə, işğalçının yanında durduğunu göstərəcəksə, o zaman Fransanın həmsədr ölkə olmağa nə ixtiyarı, nə də əsası qalacaq. Əgər bugünkü Fransa hökuməti cəbhədə baş verən proseslərə obyektiv yanaşmasa, yaxın gələcəkdə  Qarabağ məsələsinin nizamlanmasında iştirak etmək hüququnu da itirə bilər. Məncə, Makron  Ermənistan rəhbərliyini dəstəkləməkdə davam edəcək. Əgər işğalçı ordunu silahlandırmaq istəsələr, qoy, bunu da etsinlər! Biz də aşkar bilək və dünyaya göstərək ki, bu həmsədr olan Avropa dövləti Ermənistanın yaxın müttəfiqidir, müharibədə işğalçıya aşkar dəstək oldu".  

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov isə deyib: "30 il ərzində bizə nə söyləyirdilər? Bir tərəfdən deyirdilər ki, status-kvo dəyişməlidir, belə qala bilməz, digər tərəfdən Ermənistanı ərköyün böyüdürlər, işğalçını həmişə müdafiə edirlər. Mən çox təəssüf edirəm".

Komitə sədri bildirib ki, bir tərəfdən ATƏT-in Minsk Qrupunun həmsədri olasan, digər tərəfdən isə Ermənistanı açıq-aşkar müdafiə edirsən. Bu, başadüşülən deyil: "Bu, nə deməkdir? Bu, ən azından beynəlxalq hüquqa hörmətsizlikdir, BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi belə ciddi məsələyə sayğısızlıq göstərməkdir. Bunlar 30 il ərzində bir daha sübut etdilər ki, bu problemin həllində maraqlı olmayıblar. Yalnız Ermənistanı müdafiə etməklə məşğul olublar".

PƏRVANƏ

 





04.10.2020    çap et  çap et