525.Az

İnformasiya müharibəsində dezinformasiya təhlükəsi - Afaq Rza yazır


 

DOĞRUNU YALANDAN NECƏ AYIRMALI?

İnformasiya müharibəsində dezinformasiya təhlükəsi - <b style="color:red">Afaq Rza yazır</b>

XXI əsrin texnologiyalar əsri olması informasiya axınının dünyanın hər yerində sürətlənməsinə gətirib çıxarıb.

Belə bir dövrdə hətta bu texnologiyaları yaradan dövlətlər də onun qarşısında aciz qala bilir, daha dəqiq desək, onun "əsirinə" çevrilirlər. Yaradılan texnoloji imkanlar sayəsində daha asan və sürətlə yayılan informasiya bazası formalaşır və informasiya bilavasitə insanlara təsir edir, onları yönləndirə bilir. Bu isə istənilən cəmiyyətə və dövlətə müxtəlif sahələrdə - siyasətdə, iqtisadiyyatda, hərbdə  özünü ifadə etmək baxımından ideal vasitə hesab edilir. Yeni imkanlar artdıqca onların fərqli sahələrə tətbiqi yeni terminlərin də yaranmasına gətirib çıxarır. Son illər ən çox istifadə edilən terminlərdən biri "informasiya müharibəsi" ifadəsidir.

Müasir dövrdə baş verən hərbi toqquşmalar və müharibələr onu deməyə əsas verir ki, qarşı tərəf üzərində üstünlük təkcə silah gücünə deyil, həm də informasiyanın gücünə əldə edilir. Bu sahədə zəif olan tərəf, digər baxımdan nə qədər güclü olmasına baxmayaraq, ağır məğlubiyyətlə üzləşə bilər. İnformasiyanın toplanması, ələ keçirilməsi, operativ reaksiya və digər bu kimi proseslər düşmənlə aparılan informasiya müharibəsində böyük üstünlük yaradır. Həmçinin, dövrümüzdə açıq informasiya şəbəkələrinin genişlənməsi yüksək səviyyədə informasiya hücumu təhlükələrinin çoxalmasına da səbəb olur. Bu isə informasiya təhlükəsizliyi kimi məsələləri ortaya çıxarır.

Azərbaycan Ordusu Qarabağın mənfur düşmən işğalından azad edilməsi uğrunda hərbi əməliyyatlar keçirir. Lakin düşmənlə mübarizə təkcə cəbhədə aparılmır. İndi bizim üçün də əsas mübarizələrdən biri həm də informasiya cəhətdən üstünlük əldə etməkdədir. Doğru informasiyanı operativ şəkildə xalqımıza və dünyaya çatdırmaq üçün həm KİV, həm də vətəndaşların müsbət fəaliyyətini qeyd etmək lazımdır. Qeyd edim ki, texnoloji proseslərin inkişaf etdiyi zamanda hərbi əməliyyatlar aparan tərəflər, həmçinin, əhalinin mənəvi-psixoloji ruhunu sarsıtmaq üçün müxtəlif vasitələrdən istifadəyə üstünlük verirlər. Çünki müharibədə əsas amillərdən biri də informasiya və psixoloji təzyiq məsələsidir. Bu səbəbdən informasiyanın sui-istifadə metodu sayılan dezinformasiya da sürətlə yayılır. Dezinformasiyanın məqsədi şəxsləri yanlış istiqamətləndirmək üçün doğruluq payı olmayan, təhrif olunmuş məlumatlar verməkdir. Bu, dünyada ideoloji müharibə metodu hesab edilir və əks-təbliğat gücünə malik inandırıcı üsuldur. Doğruları  gizlətməklə əks məlumat vermək insanları inandırmağın, yaxud aldatmağın ən təsirli yoludur. 

Artıq bir həftədir davam edən və Azərbaycanın açıq üstünlüyünün bəlli olduğu  müharibədə düşmən yenidən hər zamankı işə yaramayan metodlarından istifadə edir. Biz onların yenidən informasiya və psixoloji təzyiq proseslərinə əl atdığının şahidi oluruq. Döyüş meydanında uduzan düşmən öz əhalisi arasında panika və təşviş düşməsin deyə heç bir həqiqəti əks etdirməyən videolar, fotoşəkillər və mətnlər yaymaqla məşğuldur. Bu hallara sosial mediada daha çox rast gəlirik. Ermənilərin müxtəlif vasitələrlə yaydığı dezinformasiyalar onların öz çarəsizliklərini göstərmələrindən başqa bir şey deyil. Ancaq təəssüf  ki, həqiqətə uyğun olmayan belə məlumatlar təkcə düşmən tərəfində yayılmaqla qalmır, ölkəmizdə də yayılaraq insanlar arasında ajiotaja səbəb olur. İnsanlar müəyyən hisslərə qapılaraq bəzən belə görüntüləri təhlil etmədən gördüklərinə inanırlar. Beləliklə, müəyyən kütlənin informasiyanı bir-birinə yollaması dezinformasiyanın istəməyərəkdən yayılmasına gətirib çıxarır. Sadə dildə desək, montajdan anlayışı olmayan kütlə informasiya müharibəsində uduzur. Bəs montaj edilərək dəyişdirilən videoları real görüntülərdən necə ayıra bilərik? Bunun üçün sadə üsullar varmı?

Məsələyə fotoqraf və videoqraf kimi fəaliyyət göstərən Azər Kazımlı da münasibət bildirdi. Gənc fotoqraf da bu tip əsassız materialların sürətlə yayıldığını vurğulayıb: "Bu haqda öz gördüklərimə əsasən onu deyə bilərəm ki, üzərində bir neçə loqo və yazı olan videoları izləmirəm. Çünki onların reallığına deyil, quraşdırma olduğuna inanıram. Səbəb odur ki, rəsmi videomaterial hərbi şəraitdə telefonla da çəkilə bilir və təcili paylaşıldığından üzərində yazı olmur. Lakin həmin materialı maksimum paylaşan orqanın loqosu əlavə olunur. Hətta nümunə üçün Suqovuşan kəndində bayrağımızın qaldırılması ilə bağlı yayımlanan videonu göstərə bilərəm. Kəsintisiz olaraq bir dubla çəkilən video telefonla çəkilib, üzərində də heç bir yazı, hətta loqo yox idi. Saxta və dezinformasiya xarakterli videolar isə mürəkkəb olur: anlaşılmayan və keyfiyyətsiz görüntü, müxtəlif yazılar və loqolar. Təbii ki, sadə formada paylaşılan dezinformasiya xarakterli videolar da ola bilər, bu zaman video ya köhnə olur, ya ümumiyyətlə, bu regionda çəkilməyən bir material yayılır və s. Bu kimi halları ayırd etmək üçün biraz araşdırma aparmaq kifayət edir".

Videoqraf Lalə Abbaslının dediyinə görə, paylaşılan videolar əslində, əsl videolardır, sadəcə, üzərində oynanılmış formada olur. Ona görə də saxta olduğunu anlamaq bir qədər çətin olur: "Belə görüntülərin dezinformasiya xarakterli olduğu adətən rəsmi açıqlamalardan sonra ortaya çıxır, çünki videomaterialın çəkilmə tarixi və digər məlumatları qeyd edilir. Misal üçün, Mingəçevirdə çəkildiyi deyilən bir video paylaşıldı sosial şəbəkələrdə, görüntüdə havada fişəng işıqlarına bənzər işıqlar parıldayırdı, gecə olduğundan onun bizdə olub-olmadığı, yerin dəqiqliyi, ümumiyyətlə, orada hər hansı işarənin olmasını seçmək olmurdu. Qısa müdətdə bu materialın dezinformasiya olduğu və görüntülərin Mingəçevirdə çəkilmədiyi bildirildi. Əslində, belə saxta informasiyaları heç də həmişə düşmən yaymır. İnsanlar çalışmalıdır ki, rəsmi olmayan informasiyalara, materiallara inanmasın, onları yaymasın. Nə vaxtsa paylaşılmış videonu yeni kimi yayırlarsa, videoda effekt fərqi ola bilər. Hətta videoya loqo vurmağa da vaxt tapırlar. Halbuki yeni videomaterialı loqolamaq zaman alır və bu, təcili materiallarda adətən yada düşmür. Bəzən professional xəbər portalları belə ani hisslərə qapılıb həmin dezinformasiya materiallarını dərc edirlər.  Xəbər saytları bu barədə daha diqqətli olmalıdır".

Müharibə zamanı hər kəs öz cəbhəsində əsgərdir. Ona görə də hər bir vətəndaş çalışmalıdır ki, vətənə bu çətin gündə yalnız dəstək olsun. Unutmaq olmaz ki, informasiyanın sürətlə yayıldığı və bol olduğu zamanda istənilən şəxsin kiçik bir yanlışı əslində, bütün cəmiyyət üçün real təhlükəyə səbəb olur. Çalışın xəbər sizdə olsun, siz xəbər olmayın!

 





06.10.2020    çap et  çap et