525.Az

Qəpik-qəpik təmizlənmək... - El Roman yazır


 

Qəpik-qəpik təmizlənmək... - <b style="color:red">El Roman yazır </b>

Balaxanı Bakının ən qədim qəsəbələrindəndir. Hazırda qəsəbədə 14 mindən çox əhali yaşayır.

Hələ qədim zamanlardan atalar "qonşu qonşunun külünə möhtacdır" dedikləri üçün buranın evləri bir-birinə yaxınlığı ilə, eyni zamanda, dar küçələri, həyətyanı əraziləri, ənənəvi məhəllə sistemi ilə seçilir. 2 əsr əvvəlin tarixində xarici şirkətlər bu ərazidə çoxlu torpaqlar əldə ediblər, Nobel qardaşları, Rotşild, Rokfeller kimi milyonçular mədənlər salıblar. Artıq XX əsrin əvvəllərində Balaxanıda onlarla yerli və xarici neft şirkətləri və onların mədənləri, karxanaları fəaliyyət göstərirdi.

Hazırda Balaxanı qəsəbəsi o qədər gözəlləşib ki, bütün turistləri qarışqa misalı qənd kimi özünə cəlb edir. Stokholmun rəngli küçələrindən, Romanın dar məhəllələrindən seçilməyən Balaxanı, şəkillərdə belə insana zövq verməyi bacarır. Amma gözəllik qurban tələb edir.  Vaxtında metrostansiyalardakı qatarlar gözəlləşəndə "növbəti stansiya"lar "next station"la əvəz olunduğu kimi, Balaxanı da gözəlləşəndə "Balakhani" adına çevrilir və sanki əsrlər əvvəl burada yaşayan ingilis milyonçularına hörmət göndərir, onlarla məhz öz dillərində danışır.

Maraqlı bir statistika. 2016-cı ildə Balaxanı zibilliyində aparılan təmizlik işləri zamanı 120 kiloqram, builki təmizlik işlərində isə 600 kiloqram ağırlığında qəpik toplanıb və Azərbaycan Mərkəzi Bankına təhvil verilib. Bir sözlə, öz dövlətinin iqtisadiyyatına xeyir vermək istəyən hər bir vətəndaş gedib Balaxanı zibilliyinə qəpik ata bilər. Çünki bu zibillikdəki təmizlik işləri, əslində, zibilliyi zibildən yox, qəpiklərdən təmizləmə mahiyyəti daşıyır. Məntiqə də uyğundur, adı üstündə, zibillik. Qiymətli metalların burada nə işi var ki?!

Əgər belə bir şey varsa, burada bütün günah məhz öz içimizdə axtarılmalıdır. Qəpik pullara niyə bu qədər etinasız yanaşırıq? Yoxsa bilmirik ki, adicə 1 qəpiyin hazırlanmasının belə 1 qəpikdən daha çox xərci var?

Harvard universitetinin araşdırmasına görə, insanların böyük əksəriyyəti nəyisə almaq istəyəndə xırda pulla - qəpiklə alırsa, həmin şeyi psixoloji olaraq pulsuz aldığını düşünür. Bu, faciədir. Bu psixologiya xırda pulu pul kimi görməyən insanların düşüncəsidir. Xırda pulun pul qabına, cibə artıqlıq olması və daşımaqda çətinlik yaratması ilə meydana gələn, "tezcə əlimdən çıxsın" məntiqi ilə formalaşan psixologiyadır.

Düz 600 kiloqram. Şişirdilmiş rəqəm kimi görünə bilər, ancaq mən bu xəbərin səmimiyyətinə inandım. Balaxanı Bakının kreslosudur - hələ evin içində bir neçə aydan bir kreslonun yeri dəyişdiriləndə təsadüfən qəpiyə rast gəlmək an məsələsi olduğu kimi, 19 km2 sahəni əhatə edən bu "kreslonun" arxasından 600 kiloqram qəpik tapmaq adi haldır.

Qədim zamanlardan gələn bir inanca görə, insanlar gerçəkləşəcəyinə inanaraq dilək tutub quyuya qəpik atırlarmış və atılan bütün qəpiklər hansısa bir quyuda toplanırmış. Bəlkə də Balaxanı zibilliyi dünyadakı bütün ümidsiz insanların quyusudur.

 





06.10.2020    çap et  çap et