525.Az

Əflatun Amaşov Məleykə Abbaszadənin fikirlərinə münasibət bildirdi


 

Əflatun Amaşov Məleykə Abbaszadənin fikirlərinə münasibət bildirdi<b style="color:red"></b> “Ali məktəblərin jurnalistika fakültələrində qabiliyyət imtahanının tətbiqi məsələsi təkcə Mətbuat Şurasının deyil, bütövlükdə ölkənin media ictimaiyyətinin istəyidir. Bu istək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə ötən ilin noyabrında keçirilmiş görüşdə bir daha ifadə olundu".
 
Bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin ali məktəblərin jurnalistika fakültələrinə qabiliyyət imtahanları ilə bağlı lent.az saytına açıqlamasına münasibət bildirərkən deyib.
 
Amaşov qeyd edib ki, peşəyə yanaşmanı müəyyənləşdirən ilkin mərhələ ali məktəblərə qəbuldur. Qəbulda qabiliyyət imtahanı təcrübəsindən isə dünyanın əksər qabaqcıl ölkələrində istifadə edilir.
 
Ə.Amaşov rəhbərlik etdiyi qurumun sözügedən istiqamətdə TQDK ilə əməkdaşlığının səmərəli nəticələr verəcəyinə inandığını vurğulayıb. O bildirib ki, vaxtilə jurnalistika fakültələrinə qəbul prosesində qabiliyyət imtahanı mexanizmindən istifadə edilib. “Təcrübə göstərir ki, həmin vaxt bu sınaqdan çıxanların əksəriyyətinin əmək məhsuldarlığı yüksək olub. Hazırda ölkənin belə demək mümkünsə, media simasını müəyyənləşdirənlərin əhəmiyyətli qismi məhz həmin nəslin nümayəndələridir. Bu adamlarda peşələrinə qəlbən bağlılıq var. Əlbəttə, jurnalistika eyni zamanda peşədir. Digər ixtisasa yiyələnənlər də onunla məşğul ola bilərlər. Ancaq məsələyə sistemli yanaşsaq, qabiliyyət imtahanının tətbiqi ilə mühüm ictimai missiya yerinə yetirən bir institut, yəni mediamız üçün gərəkli kadrları ilkin mərhələdəcə tapmaq işimiz asanlaşacaq. Jurnalistika elə bir sahədir ki, hansısa abituriyentin ona olan bağlantısı bəlli biliklərinin mövcudluğu nəticəsində yaranır. Bu reallıq kifayət qədər aydın dərk edilir. Çox şadam ki, Məleykə xanım da qabiliyyət imtahanlarının tətbiqini texniki məsələ kimi qiymətləndirib və rəhbərlik etdiyi qurumun onun reallaşmasına tam hazır olduğunu vurğulayıb. Bu, perspektiv əməkdaşlığımız baxımından son dərəcə vacib məqamdır”, - deyən Şura sədri onu da diqqətə çatdırıb ki, aparılan monitorinqlər hazırda jurnalistika fakültələrində təhsil alanların yarıdan çoxunun öz peşələrinə maraq göstərmədiklərini söyləməyə əsas verir. Ancaq bu adamların təhsilinə dövlət vəsait ayırır və nəticə etibarilə həmin vəsait məqsədyönlü olmur. M.Abbaszadə lent.az-a açıqlamasında həmçinin bildirib ki, bakalavr pilləsi üzrə jurnalistikaya qəbul imtahanı zamanı qabiliyyət imtahanı tətbiq olunsa, onda jurnalistikaya təxminən 200-300 bal toplayan uşaqlar qəbul olunacaqlar: “Bu bizə lazımdırmı? Bizə intellektual jurnalist, yoxsa hansısa növ qabiliyyət imtahanından keçənlər lazımdır?”
 
Mətbuat Şurasının sədri isə bu fikirdədir ki, hər bir işə yanaşmada səmərəli nəticələrin əldə edilməsi üçün müxtəlif variantlar var. “Əsas olan istək və ümumi işin faydalılığının qəbuludur ki, belə bir iradə isə mövcuddur. İndiki durumda mümkün variantların axtarılıb tapılması zənnimcə, daha çox texniki məsələdir. Ümumən bütün sahələrdə savadlı adamların çalışması şərtdir. Jurnalistika fakültələrinə gəldikdə isə, gənclərimizin burada öz işinin bilicisi kimi yetişdirilməsi üçün bir çox dəyişikliklərə ehtiyac var. Çünki sahə dinamikdir, daim dəyişir, texniki yeniliklər üçün daha açıq səciyyə daşıyır. Dünya ilə ayaqlaşmaq istəyiriksə, həmin yenilikləri dəyərləndirməliyik. Məsələn, jurnalistlərin bir neçə xarici dil bilmələri getdikcə daha çox tələb olunur. Müasir informasiya texnologiyalarından hazırlığı da həmçinin. Buna görə müəyyən mənada ümumən tədris prosesinə yanaşmanın özünün də dəyişməsinə ehtiyac var. Düşünürəm ki, bütün bunlar da diqqət yetirilməsi vacib məsələlərdir”», - deyə Ə.Amaşov əlavə edib.
 





28.01.2014    çap et  çap et