525.Az

İnsanların gözlərindəki inam - Cəbhə bölgəsindən reportaj


 

İnsanların gözlərindəki inam - <b style="color:red">Cəbhə bölgəsindən reportaj</b>

Sentyabr ayının 30-u, həftənin üçüncü günü, saat 13:10-dur. Kirayə qaldığım evin pəncərəsindən hər tərəfi al-qırmızı bayraqlarla bəzədilmiş küçələrə, vətənlərlik nəğmələri ilə şütüyən maşınlara baxıram.

Baxdıqca içim-içimə sığmır. Üç gündür davam edən şiddətli döyüşlərdə iştirak etmək, bir-birinin ardınca əldə edilən qələbələrdə pay sahibi olmaq arzusu ilə alışıb yanıram. Cəbhəyə  getmək, orada vuruşan əsgərlər və mülki əhali ilə bağlı reportaj hazırlamaq istəyirəm. Və bu duyğular içərisində bir də görürəm ki, avtovağzala çatmışam.

Bərdəyə gedən taksilərdən birində əyləşirəm. Valideynlərim Bərdədə yaşadığından bu yolu tez-tez gedib-gəlirəm. Cəbhədə baş verənlərdən əlavə, evdəkilərdən də narahatam. Əlaqə saxlayıram, hər şeyin qaydasında olduğunu deyirlər. Bu dəfə hər zamankındən fərqli olaraq yolboyu hər şeyə diqqətlə yanaşıram. Bakıdan Bərdəyə kimi yol kənarında gördüyüm mənzərələr ürəyimi dağa döndərir. Hər bir kilometrdə xalqımızın həmrəyliyinin şahidi oluram. Yolboyu üzərlərində "Əsgər payı"  yazılmış taxta lövhələr və bu lövhələrin altında yerli əhali tərəfindən əsgərlər üçün toplanmış ərzaq məhsulları var.

Üç saatlıq yolçuluqdan sonra Bərdəyə çatıram. İşğal olunmuş rayonlara qədər olan məsafələr yazılmış lövhə diqqətimi çəkir. Laçın 141 km.  - aşağı-yuxarı bir saatlıq yol. Uzaq deyil. Bakıya geri qayıtmaq, Laçına getməkdən daha uzundur.

Hər tərəfdən iriçaplı mərmilərin səsi eşidilir. Bu, artıq Bərdədə olduğumuzun qeyri-rəsmi sübutudur. Bəli, bura cəbhənin ön xətti, qanlı döyüşlərin getdiyi bölgələrdir.

İlk dəfə atamın gözlərində sevinc görürəm. Bu sevinc artıq o həddə çatıb ki, Laçına qayıtmaq planları qururlar. Səhər çox işim olduğunu bilirəm. Yatmağa çalışsam da, gözümə yuxu getmir. Açığı valideynlərim də buna imkan vermir. Məni oğulları kimi yox, xoş xəbər müjdəçisi hesab edirlər. Bu dəfə mən də dəyişmişəm. Artıq onlara valideyn kimi yox, birinci Qarabağ müharibəsinin bütün ağrı-acılarını yaşıyan, ürəklərində 28 illik həsrət daşıyan müsahiblər kimi baxıram. Atam, "Mənimlə yazını Laçında yazarsan, indi get Tərtərdən, Ağdamdan yaz " - deyir.

Sübh tezdən yuxudan Tərtərə getmək üçün oyanıram. Anam artıq qonşulara gəldiyimi, bu gün jurnalist kimi cəbhə bölgəsinə gedəcəyimi deyib. Elə ona görə də demək olar, hər kəs bizdədir, məni cəbhəyə döyüşə gedən əsgər kimi yola salırlar. Anam arxamca su da atır. Oğlu vətənin müdafiəsində mərdliklə vuruşan qapı qonşumuz Sevda xala, "Hüseyni görsən de ki, bizdən narahat olmasın, Kəlbəcəri də almamış qayıtmasın haa" -  deyir. Əminəm, təkcə Sevda xala, Eldar əmi yox, Bərdə rayonunun məcburi köçkünlər yaşayan Kələntərli qəsəbəsinin bütün sakinləri bu şərəfli yolda övladlarını qurban verməyə hazırdırlar...

... Taksi Tərtərin içərilərinə doğru irəliləyərkən, bizdən təxminən yüz-yüz əlli metr aralıya mərmi düşür. Ömründə ilk dəfə belə situasiya ilə qarşılaşan biri kimi həyəcan keçirirəm. Lakin bu həyəcan yüz metr sağına qrad düşən Tərtər camaatının qeyri-adi rahatlığı qarşısında aciz qalır. Dərhal özümü toparlayıram.  Sürücü irəli getməyin mümkün olmadığını, buradan geri dönməli olduğunu deyir. Maşından düşürəm. Reportaj hazırlamağa gəldiyimi bilən taksi sürücüsü israr etməyimə rəğmən məndən yolpulu almır. Mənimlə bərabər taksidə olan bir nəfər də düşür. Nabələd olduğumdan, heç yanı tanımıram. Yol yoldaşımdan kömək istəyirəm. Adı Rahiddir, əslən Ağdərə rayonundandır. Məlum olur ki, bir gün öncə həm qonşularının, həm də qardaşının evinə mərmi düşüb. Qardaşının psixoloji vəziyyətini soruşuram. Nə də olsa, evinə bomba düşüb. Rahid deyir ki, qardaşım sevinir, deyir ki, cəhənnəmə partlatsınlar, onsuz da öz yurduma gedəcəyəm. Bu yolda nəinki evim, özüm də qurban olmağa hazıram. Qardaşı onu da deyib ki, mən bir dəfə torpağımdan məcbur da olsa, qaçmışam və bu məcburiyyət məni otuz illik vicdan əzabına məhkum edib. Nə olur-olsun, ikinci dəfə qaçmayacağam, ölsəm də, burada öləcəyəm.

Heç bir ali və hərbi təhsili olmayan Rahid, yaşayış məntəqələrinin vurulmasını ermənilərin acizliyi, ordumuz qarşısında çarəsizliyi kimi qiymətləndirir.

Tərtərin Çərkəz İsmayılov küçəsi ilə irəliləyirik. Bura Rahidgilin yaşadığı ünvandır. Küçədə oynayan uşaqları, təsərüfatla məşğul olan adamları gördükcə, yəqin ki, hələ çox yolumuzun qaldığını düşünürəm. Lakin bir döngə irəlidən sağa dönürük və qarşıma divarları uçmuş bir ev çıxır. Bu ev Rahidin qonşusu Elşən Kərimova məxsusdur. Rahid deyir ki, hadisə baş verəndə beş nəfərlik ailədən, sadəcə, ailə başçısı Elşən Kərimov evdə olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Rahidə dağıdılan digər evlərə baxmaq, insanlara söhbət etmək istədiyimi deyirəm. Xəbər gəlir ki, qonşu kəndə də bir neçə mərmi düşüb. Rahid mənə rayonun Yenikənd kəndinə gedən əsas yola qədər yoldaşlıq edir. Sağollaşırıq və piyada mərmilərin yağdığı kəndə üz tuturam. Ayaqla yarım saatlıq yoldan sonra, Tərtər rayon Ələsgərli kəndinə çatıram. Bu kənd mənim üçün çox doğmadır. Kəndin yarısı ata tərəfdən qohumlarımdır. Kəndin girəcəyində məni bir dəstə adam qarşılayır. Düşmən hər cür təxribata əl atdığından yerli camaat da, əsgər və polislərlə çiyin-çiyinə xidmət edir.  Məni tanımadıqlarından dərhal kim olduğumu, kimlərə gəldiyimi soruşurlar. Bir neçə ad çəkirəm. Şəxsiyyət vəsiqəmi istəyirlər. Təqdim edirəm. Bir nəfər yenidən kimgilə gəldiyimi soruşur. Şoqu əmigilə gəldiyimi deyirəm və mənimlə düz adı çəkilənin ünvanına kimi gəlirlər. Əvvəlcədən xəbər verdiyim üçün Şoqu əmi məni qarşılayır. Şoqu  əmi ilə bir az söhbətləşirik. O da hər kəs kimi məğrur dayanıb. "Düzdür, hələ bizim evlərə mərmi düşməyib, amma düşsə də, hamı kimi biz də burada olacağıq" - deyir.

... Maşınla Yenikəndə doğru hərəkət edirik. Kəndin yollarında, küçələrində, evlərində, bir sözlə, hər yerində düşmən qorxaqlığının izləri var. Lakin bu izlər, hər şeyə rəğmən doğma yurd-yuvalarını tərk etməyən bu cəsur insanların qəhrəmanlıqlarının kölgəsində qalır. Qarşımıza bir ev çıxır, çox ciddi zərər görüb. Həyətdə kiminsə olub- olmadığını görməyə çalışıram. Əlində bel, həyətyanı sahəsini sulayan adam, dağıntıların arxasından mənə doğru irəliləyir. Bu mənzərə qarşısında çaşqınlığımı gizlədə bilmirəm. Zarafat iş deyil, illərlə, min bir əziyyətlə tikdiyi evi başına uçub. Söhbət Əliyev Sabir Rəfi oğlundan gedir. Ev elə bir vəziyyətdədir ki, onun buradan sağ çıxma ehtimalı sıfıra bərabərdir. Hadisənin təfərrüatlarını soruşuram. Düşmən kəndin ətrafındakı əkin sahələrinə bir neçə zərbə endirib. Məsafə kifayət qədər yaxın olduğundan növbəti zərbələrin kəndə dəyəcəyini biliblər. Hər kəs evlərinin qarşısında bu cur vəziyyətlər üçün qazılmış xəndəklərin önündə toplaşıb. Sabir əmi də, həyat yoldaşı və qızı ilə evlərinin qarşısında dayanarkən, mərminin düz onlara doğru gəldiyini görüb. Dərhal özlərini səngər rolu oynayan bu xəndəyə atıblar. Özləri heç bir yara almasalar da, evləri yararsız hala düşüb, təsərrüfatlarına ciddi ziyan dəyib. Mal-qaraları, toyuq-cücələri tələf olub. Evin hər tərəfi şüşə qırıqları ilə doludur. Sabir əmi deyir ki, yaşayış mümkün deyil, yoxsa elə öz evində gecələyər. Onların (erməniləri nəzərdə tutur) istədikləri əhalənin kəndlərdən qaçmağıdır. "Biz onların arzusunu bu cəbhədə də ürəyində qoyacağıq" -deyir. "Cəbhə" sözü diqqətimi çəkir. Sabir əmi döyüşün təkcə ön cəbhədə aparılmadığını, bütün cəbhələrdə savaşıldığını deyir və bunun nə qədər lazımlı olduğuna bildirir. "Biz buradan heç yana getməyəcəyik, bizim davamız kimisə yurdundan-yuvasından etmək deyil, bizim davamız yurd-yuvasından didərgin düşmüşləri öz yurdlarına qaytarmaqdır. Heç  kim bizdən narahat olmasın, bütün Tərtər camaatı ordusuna, xalqına, Ali Baş Komandanına güvənir, inanır".

Tərtərə gələnə qədər, buralarda da filmlərdə gördüyüm müharibə səhnələrini görəcəyimi düşünürdüm: üzlərində miskin ifadə olan insanlar, bomboş küçələr, kəndlər və sair və ilaxır. Amma gördüm ki yanılmışam: mən Tərtərdə dağıntılara, atəş səslərinə baxmayaraq, gülümsəyən yaşlılar, gözlərində inam olan gənclər gördüm. Bütün bunları gördükcə Ulu öndər Heydər Əliyevin sözlərini bir daha xatırladım və azərbaycanlı olduğum üçün bir daha fəxr etdim.

 





06.10.2020    çap et  çap et