525.Az

Qurtuluş müjdələrinin ruhumuzdakı əks-sədası - Şahanə Müşfiqdən yeni esse


 

Qurtuluş müjdələrinin ruhumuzdakı əks-sədası - <b style="color:red">Şahanə Müşfiqdən yeni esse </b>

Üz-üzə oturmuşuq. Aramızda o qədər fərqlər var ki. Bu qədər yaxın, bu qədər doğma olmağımıza baxmayaraq, bir-birimizə az qala heç nədə bənzəmirik. İndi isə ən böyük fərqimiz müharibədir.

O, uşaqlığı müharibəyə təsadüf etmiş, bu savaşda uşaqlığını, əzizlərini, torpağını itirmiş biridir. Mənsə, hələ indi görürəm müharibəni. O, birinci Qarabağ savaşının uşaq qurbanlarından biri, mənsə, gəncliyi İkinci Qarabağ müharibəsindəki zəfərlərlə fərəhlənən adamam. Onun torpaq həsrəti mənimlə yaşıddır. Ona görə mən onun bu günlərdə keçirtdiyi hissləri anlaya bilmərəm. Amma onu sevən, dəyər verən biri kimi ürəyimin ta dərinliyindən duya, hiss edə bilərəm.

Bu günlər ölkədəki hər kəs kimi bizim də söhbətimizin bircə mövzusu var: Qarabağ... Cənab Prezidentin çıxışını, işğaldan azad olunan torpaqları, düşmən tərəfinin mövqeyini, sosial şəbəkələrdə bu mövzuyla bağlı insanların rəylərini, səfərbərliyə çağırılan dostlarımızı-bir sözlə, hər şeyi müzakirə edirik. Təkcə, bir şeydən başqa-onun işğal olunan kəndi və məcburi köçkünlük dövrünü. Qəfil soruşuram:

- Neçə yaşında çıxmısan ordan?

Üzü qaralır, gözü yol çəkir, ağır-ağır nəfəs alır:

- Altıncı sinifdə oxuyurdum. On bir yaşım vardı. Altıncı sinfi də normal oxumadım ki. İki gün gedirdik məktəbə, bir ay evdə otururduq. Çünki atırdılar, qaçaraq düşürdü. Gah çıxırdıq kənddən, gah da geri qayıdırdıq.

Sonra isə özü haqqında danışmaq istəmir. Söhbəti dəyişir. Danışdıqca gözlərinə baxıram. Həsrət dolu gözləri bir yerə dikilib.

***

Bir az keçir, ona zəng gəlir. Kim olduğunu bilmirəm, amma danışdıqca üzünə qonan təbəssüm, gözlərindəki işıq nəsə yaxşı xəbər aldığını göstərir. Söhbəti bitən kimi mənə dönüb, "bizim kəndimiz azad olunub"- deyir. Ancaq bunu elə deyir ki, diqqətlə üzünə baxıram, görəsən, danışan özü idi? Bircə anda o tanıdığım səsdən, bayaqkı həsrət dolu simadan əsər-əlamət qalmamışdı.

Nə reaksiya verəcəyimi bilmirəm. Doğrudan da, kəndi işğaldan azad olunan birinə necə reaksiya verilir ki?! Hə, bax buna heç hazır deyildim. Həm təəccüblənirəm, həm sevinirəm, həm də inanıb inanmamaqda qərarsızam. O isə artıq burda deyil. Qarşımda otursa da, dilindən əskiltmədiyi "şükür" pıçıltılarının qanadında artıq düşmən tapdağından azad olunmuş kəndinə doğru yol alıb-görürəm. Onu 27 il gözlədiyi bu səfərdən geri qaytarmağa ürəyim gəlmir. Bilirəm ki, yanında mən olmasam, daha böyük reaksiya verər, bəlkə hönkürtüylə ağlayar, bəlkə "mən artıq köçkün deyiləm" - deyə qışqırar. İndi isə dilini-dodağını dişləyə-dişləyə içindən vulkan kimi püskürməyə hazır hönkürtüsünü udmağa çalışır. Bulud kimi dolan, boşalmaq üçün bircə işarəyə bənd olan gözlərindən on bir yaşlı kövrək uşaq boylanır. O uşağın könlündən nələr keçir, kim bilir?! Nəsə deməyə, onu bu hisslərdən qoparmağa ürək etmirəm. Əllərini əlimə alıb susuram. Ovcumun içərisində titrəyən əllər o torpaqlara nə qədər acdır. Bir azdan danışmağa başlayır:

- Düz 27 il... 27 ildən sonra qayıda biləcəyik kəndimizə. Bu, necə bir xoşbəxtlikdir, İlahi? Mən beləyəmsə, gör, atam necə sevinir. Deyir, kişi qurban kəsir artıq. Yaşadığımız məhəllədə hamımız köçkün gəlmişik. Müharibə başlayanda bayraqlar aldıq, kimin torpağı azad olsa, qapısına bayraq asacaq.

Bu sözləri kövrəlmədən deyə bilmir. Mən də əlavə edirəm:

- İndi sizin qapıya bayraq asılacaq.

- Bizim kəndimiz indi yaşadığımız yerə yaxındır. Qəbiristanlığa gedən camaatı ordan düşmən vururdu deyə, təpələr yaratmışdılar. O təpənin arxasından başımızı qaldıra bilmirdik. Amma yenə də gizlin, çətinliklə durbinlə kəndimizə baxırdıq. Bilirəm, onsuz da hələ bizi oralara buraxmayacaqlar. Sevinirəm ki, heç olmasa, indi ora rahat şəkildə, qorxmadan baxmaq mümkün olacaq, ona icazə verərlər. Əsas odur ki, bizim torpaqlarımız öz igidlərimizin, oğullarımızın əlindədir. Artıq ora yad ayaq dəymir.

***

Doğulan gündən "Qarabağ" sözü qulağıma dua kimi oxunub. İşğal altında olan həmin torpaqlardan olmasam, məcburi köçkünlük həyatı yaşamasam da, hər bir azərbaycanlı kimi bu dərdi iliklərimə qədər hiss etmiş, bu həsrətlə böyümüşəm. Amma etiraf edim ki, heç zaman bir insanın torpağının azad olunmaq xəbərini almasına şahid olacağımı düşünməzdim. Bir xəbər insanı uşaqlaşdıra, böyüdə, çaşdıra, xoşbəxt edə, hüznləndirə, kövrəldə bilərmiş. Bunu yalnız uşaqlığı avtomat gülləsində, mərmi səsində düşüb itən o insanlar anlaya bilər. Bunu illərlə dişiylə-dırnağıyla qurduğu evindən məcburən çıxarılan, üstündə gəzməyə qıymadığı yurdunu düşmən tapdağında görən ürəklər duya bilər.

Sentyabrın 27-dən etibarən başlanan İkinci Qarabağ müharibəsi cəmi on günün içərisində on minlərlə sakinimizə məhz bu duyğuları yaşatdı. Şanlı, qüdrətli ordumuzun 30 ilə yaxındır düşmən işğalında qalan torpaqlarımızı bir-bir azad etməsi xalqımızın qələbə əzmini günbəgün artırır. Bu gün on milyonluq Azərbaycan xalqını bir-birindən ayıran heç bir mövzu, heç bir problem yoxdur. İndi hər kəs bir-birini daha çox sevir, daha çox qoruyur. Çünki bütün varlığımızla Qarabağa, haqq savaşımıza, cəbhədən gələcək zəfər xəbərlərinə köklənmişik. Ondan başqa hər şey təxirə düşə, gözləyə bilər. Qarabağ isə daha gözləmir, gözləməyəcək. On milyon ürək sadəcə bir ritmlə döyünür: Qa-ra-bağ!!!

İnanırıq ki, dostumun yaşadığı o nəhayətsiz sevinci çox yaxın günlərdə bütün Qarabağ əhli yaşayacaq. Bir gün hər kəsə "kəndin azad olundu, torpağın qayıtdı" zəngi gələcək. Bilmirəm, başqa kiminsə bu sevincinə şahidlik edə biləcəyəmmi, amma yaşadığım bu hadisə ömrümün ən gözəl və unudulmaz səhifəsinə həkk olundu. Gələcək qələbələrdə görüşənədək!

 





07.10.2020    çap et  çap et