525.Az

"Müharibəni xatırlamaq müharibədə olmaqdan daha ağrılıdır" - Bir rəsmin dedikləri


 

"Müharibəni xatırlamaq müharibədə olmaqdan daha ağrılıdır" - <b style="color:red">Bir rəsmin dedikləri</b>

Rubrikamızın budəfəki qonağı Azərbaycan Rəssamlar İttifaqının üzvü, Qarabağ müharibəsinin iştirakçısı İntiqam Ağayevdir. Onunla müəllifi olduğu "Sən hələ vuruşacaqsan" tablosu haqqında danışmışıq. 

- "Sən hələ vuruşacaqsan" necə yarandı?

- Əslində, mən bu rəsmdə olmuş bir hadisəni təsvir etmişəm. Deməli, 1994-cü ildə Füzuli istiqamətində gedən döyüşlər zamanı dostum İntiqamla mühasirəyə düşdük. Düşməni azdırmaq üçün bir xəndəkdə gizlənsək də, düşmən bizi gördü və atəşə tutdu. Həmin vaxt adaşım  ağır yaralandı, mən əvvəl huşumu itirsəm də, özümə gələn kimi vəziyyəti anlayıb dərhal onu  oradan çıxarmaq üçün çiynimə aldım. Hardasa 100-150 metr daşıdıqdan sonra onu hospitala çatdıra bildim.  Üç gün hospitalda yatdıqdan sonra İntiqam dünyasını dəyişdi. Bu rəsmdə isə İntiqam Cəmaləddinov yaşayır.

- Deməli, bu rəsm həm də dostluğun nişanəsidir.

- Bilirsiniz, hərbdə hər şey tamam başqa cürdür. Dostluq, yoldaşlıq da. Orada sənin əsgər yoldaşın təkcə silahdaşın yox, bəzən ən yaxın adamın olur. Hətta qardaşdan da yaxın. Həmin vaxt gözümü açıb İntiqamı yaralı görəndə ağlımda ancaq bir şey var idi - onu oradan çıxarmaq. Onu orada yaralı qoyub gedə bilməzdim. Bunun üçün də son gücümü topladım. İntiqamın çəkisi mənim çəkimdən iki dəfə artıq idi. Boyca da məndən hündür idi. Buna baxmayaraq, mən onu çiynimə alıb yaralı halda ordan çıxara bildim. Hətta xatırlayıram ki, bir ara qollarım yoruldu, onu kürəyimə alıb süründüm ki, heç olmasa bir metr da artıq gedə bilim. Üstəlik, iki avtomat.

- Rəsmdə də əlinizdə avtomat görürük. Hərbdən xəbəri olmayan tamaşaçı da rəsmə baxarkən çətinliklə silahdaşını aparan əsgərin bir də avtomat aparması sual doğurur.

- Hərbinin qanunlarına görə, silah hərbçinin adından yalnız öldüyü halda silinir. Əgər yaralı olubsa belə, silahın sorğu-sualı olur. Digər tərəfdən, bu, onun utanc yerinə çevrilir. Dostum sonra bu utancı yaşamasın deyə onun silahını orda qoya bilməzdim. Odur ki, iki avtomatın ikisini də götürdüm. Hərbdən xəbərsiz tamaşaçı üçün bu detal bir məna ifadə etməyə bilər. Ancaq hərb ilə az-çox bağlılığı olan adam üçün bu, böyük məna ifadə edir. Həmin adam rəsmə baxarkən mütləq bu sualı verəcək. Bəs əsgərin silahı hanı?

- Burada biz fonu qaranlıq görürük. Hadisə gecə baş vermişdi?

- Cox qəribədir ki, müharibədə zaman məfhumu sanki itir. Bəzən unudursan gecə döyüşürsən, yoxsa gündüz. Nəinki zaman, elə təbiət hadisələri də sanki öz mənasını itirir. Qar, yağış, günəş hamısı elə bil, eyniləşir. Bütün fikrin yalnız bir istiqamətdə toplanır - döyüş. Bu hadisəni də xatırlayanda gecə, yoxsa gündüz olduğunu dəqiq xatırlaya bilmirəm. Mənə elə gəlir ki, gündüz idi. Buna baxmayaraq, burada qaranlıq gecə kimi vermişəm. Çünki həmin vaxt mənim dünyama qaranlıq çökmüşdü. Hər şey yadımda qara rəngdə qalıb.

- Dediniz ki, hadisə 1994-cü ildə baş verib. Ancaq rəsm 2009-cu ildə çəkilib. Az qala, on beş il sonra. Niyə 15 il sonra?

- Siz elə bilirsiniz ki, müharibəni xatırlamaq asandır? İnanın, çox çətindir o günləri xatırlamaq. Xatırladıqca sanki o ağrını yenidən yaşayırdım. Ona görə on beş ildə çəkməmişəm ki, o ağrıya tab gətirə bilmirdim. Gənc yaşlarda o dövrün dəliqanlılıgı qəbul etmirdi şəhid yoldaşlarını, itirilən torpaqları xatırlamağı. Yaşa dolduqdan sonra qərar verdim ki, özümü toplayıb bu epizodu kətana köçürməliyəm. Mən müharibəni danışa bilmirəm, ancaq çəkə bilirəm.

- Əsərin rəng koloriti barədə nə deyə bilərsiniz?

- Mənim yaradıcılığımda al-əlvan rənglər mühüm yer tutsa da, bu rəsmi daha çox tünd rənglərlə işləmişəm. Ümumiyyətlə, batal mövzularda tünd rənglərdən daha çox istifadə olunur. Rəsmə diqqətlə baxdıqda isə qırmızı, mavi kimi rəngləri az da olsa görmək mümkündür. Psixoloji məqamlardan dolayı fon qara rəngdədir.

- Bu rəsm bizə nə deyir?

- Onu ancaq tamaşaçı deyə bilər. Məsələn, bir tamaşaçı kimi bu rəsm sizə nə deyir?

- Bu rəsm mənə ümid deyir, inam deyir, sabahların daha yaxşı olacağını deyir. Siz rəsmdə yaralı yoldaşınızı apardığınız halda irəliyə yox, əsgər yoldaşınızın üzünə baxırsınız. Bu baxış ümidin rəngi olmalı.

- Tamamilə düzgün qeyd etdiniz - ümid. Mən inanırdım, ümid edirdim ki, İntiqam yaşayacaq. Ona baxanda bir şey düşünürdüm: sən hələ vuruşacaqsan. Ona görə də üstündən illər keçməsinə, İntiqamı itirməyimə baxmayaraq, mən bu rəsmə o andaki ümidimin adını qoydum: sən hələ vuruşacaqsan! Ümumiyyətlə, müharibədə insan təkcə silaha sarılıb döyüşmür. İnsana güc verən iki amil olur: ruh yüksəkliyi və ümid. Birinci Qarabağ müharibəsinin sonlarında bizdə ruh yüksəkliyi itmişdi. Ümidə sarılmışdıq. O ümidin hesabına döyüşüb digər ərazilərimi qoruya bildik. Bu gün isə Azərbaycan ordusunda, Azərbaycan xalqında ümiddən ziyadə ruh yüksəkliyi də var. O ruh yüksəkliyi bizi qələbələrə aparacaq.

Aytac SAHƏD

 





07.10.2020    çap et  çap et