525.Az

Prezidentdən növbəti mühüm mesajlar


 

Prezidentdən növbəti mühüm mesajlar <b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin "TRT Haber" televiziya kanalına müsahibəsində dünya birliyinə maraqlı mesajlar verdi, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın qətiyyətli mövqeyini  bir daha bəyan etdi.

Son 30 ilə yaxın aparılan sülh danışıqlarında imitasiya ilə məşğul olan Ermənistan, eyni zamanda, təxribatlarla məşğul olub, Azərbaycanın mülki obyektlərini, mülki şəxslərini atəşə tutub. Ermənistanın hərəkətləri bu dövlətin sülhməramlı olmadığını bütün dünyaya göstərib. Lakin dünya birliyi yenə də münaqişənin nizamlanması, işğalçının cəzalanması üçün heç bir addım atmayıb.

Dövlət başçısı müsahibəsində bəyan edib ki, Ermənistanın işğal edilmiş Azərbaycan torpaqlarından çıxmaq cədvəlini hələ də təqdim etməyib. Ermənistanın baş naziri hələ də Azərbaycan xalqından üzr istəməyib, "Qarabağ Ermənistan deyil" açıqlamasını verməyib.

Ötən müddət ərzində BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr icra olunmayıb, təcavüzkar dövlətə qarşı sanksiyalar tətbiq edilməyib.

Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxsa, bölgəyə sülh gələcək. Türkiyə Prezidentinin çox cəsarətli və qəti açıqlamaları bir çox ölkələrə xəbərdarlıq oldu ki, kənarda durun, qarışmayın, Azərbaycan tək deyil, Türkiyə yanındadır və Azərbaycan da hər zaman Türkiyənin yanındadır.

ATƏT-in Minsk Qrupunun həmsədri Fransa Prezidentinin verdiyi son bəyanatlar isə bu ölkənin münaqişənin nizamlanmasında bir tərəfi dəstəklədiyini göstərdi. Azərbaycan həmsədrlərə daim eyni gözlə baxıb, vasitəçi ölkələri bir-birindən ayırmayıb. Son hadisələrə qədər həmsədr ölkələr vahid mövqedən çıxış edib, tərəf tutmayıb. Fransa prezidenti Makronun Azərbaycan dövlətinə qarşı ittihamları qəbuledilməzdir və buna görə o, üzr istəməlidir. Makronun "Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik" sözləri qəbuledilməzdir.

Ermənistanın Rusiyanı Qarabağdakı münaqişəyə cəlb etmək istəyi növbəti təxribatdır. Hazırda Qarabağ məsələsi ilə bağlı Rusiya çox məsuliyyətli və böyük ölkə kimi davranır. Rusiyadan müsbət mesajlar gəlir və hər hansı bir tərəfi dəstəkləmək müzakirə mövzusu deyil. Azərbaycan-Rusiya münasibətləri uğurla inkişaf edir, bir çox sahələrdə əlaqələr yüksək səviyyədədir. Hər iki ölkə bu münasibətlərə strateji tərəfdaşlıq münasibətləri kimi yanaşır və bu, birgə  imzalanmış müqavilələrdə də öz təsdiqini tapır. Azərbaycan Ordusu erməni mülki əhaliyə heç vaxt hücum etməyib. İşğala son qoyulandan sonra Dağlıq Qarabağda yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar bir yerdə yaşayacaqlar.

Dövlət başçısı hər dəfə bəyan edir ki, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Azərbaycan Ordusu erməni mülki əhaliyə heç vaxt hücum etməyib və bu gün də hücum etmir. Erməni xalqı terrorçu hakimiyyətinin əsirliyindən qurtulmalıdır. İyulda Tovuz bölgəsində hücumun bir məqsədi o idi ki, Paşinyan test edirdi ki, haraya qədər gedə bilər. Paşinyanın əsas məqsədi dövlət sərhədini keçmək, TANAP boru xəttinə yaxınlaşmaq, yaxud da ki, onu nəzarətə almaq idi.

Ermənistanın mülki azərbaycanlı əhaliyə hücumları Ermənistanın terrorçu ölkə olmasını bir daha göstərir. Ermənistanın hərəkətləri Cenevrə Konvensiyasına ziddir.

Milli Məclisin deputatı Eldəniz Səlimov deyib ki, Prezident son günlər xarici KİV-ə verdiyi müsahibələrində Azərbaycanın qətiyyətli mövqeyini bəyan etməklə yanaşı, çox mühüm mesajlar verir. Dünya birliyi bir daha haqlının, ədalətlinin kim olduğunu  eşidir, bilir. Bu gün Fransa, Rusiya, ABŞ və beynəlxalq qurumlar danışıqların bərpasına çağırışlar edirlər: "Halbuki cənab Prezident son iki ildə Paşinyanın imtina etməsi səbəbindən danışıqlar prosesinin dalana dirəndiyini və dəfələrlə Ermənistanın müharibəyə hazırlaşdığını onların və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Bu çağırışların heç birinə nəinki adekvat, ümumiyyətlə, reaksiya verilməyib. Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün mübarizəyə başladığı dövrdə isə Fransa Prezidenti Emmanuel Makron sentyabrın 30-da Riqada qəbuledilməz bəyanatlar səsləndirməyə başlayıb. Bu, ikili standartların bəlkə də dünya üzrə ən bariz nümunəsidir, xüsusilə də bunun Fransa tərəfindən edilməsi isə elə də təəccüblü deyil. Fransa tarixdə dəfələrlə müxtəlif xalqlara qarşı soyqırım törətmiş və qəsbkar bir dövlətdir. Fransa bu gün başqalarının daxili işlərinə qarışaraq onları qınamaqdan, haqsız bəyanatlar verməkdən də çəkinmir. Makrona tövsiyə edirik ki, Azərbaycana Dağlıq Qarabağla bağlı məsləhətlər və bəyanatlar verməkdənsə, Korsika xalqına öz müqəddəratını müəyyən etmək prinsipini bəxş etməklə əsl "demokratiya" nümunəsi göstərsin. Makronun qeyd olunan bəyanatları münaqişənin nizamlanması üçün yaradılmış Minsk qrupunun həmsədri kimi Fransanın vasitəçilik fəaliyyətinə tamamilə zidd və qərəzlidir. Belə bəyanatlar qəti şəkildə beynəlxalq təhlükəsizliyin təmin edilməsinə xidmət edə bilməz və belə bəyanatlarla Fransa əslində, münaqişənin davam etdiyi 30 il ərzində tərəflərə göstərdiyi fərqli münasibəti tam aşkarlığı ilə ortaya qoymuş oldu".

PƏRVANƏ

 





07.10.2020    çap et  çap et