525.Az

"Prezident bir daha Azərbaycan xalqının iradəsini ifadə etdi"


 

"Prezident bir daha Azərbaycan xalqının iradəsini ifadə etdi"<b style="color:red"></b>

Otuz ildən çoxdur Azərbaycan torpaqlarını işğalda saxlayan Ermənistan ötən müddət ərzində nəinki sülh istiqamətində hansısa addım atdı, əksinə, törətdiyi təxribatlarla, mülki əhalini hədəfə almaqla vəziyyəti daha da gərginləşdirdi.

Ermənistan rəhbərliyinin belə addımları münaqişənin uzadılmasına, status-kvonun saxlanılmasına yönəlmişdir. Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyətə çağırışlar etsə də, Ermənistana qarşı heç bir lazımi addım atılmayıb. Nəhayət, işğalçı ölkənin sentyabrın 27-də növbəti hərbi təxribatı Azərbaycan ordusunun əks hücumu ilə cavablandırıldı. Bundan sonra isə cəbhədə aktiv hərbi əməliyyatlara start verildi. Bu gün Azərbaycan öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparır, dörd il bundan əvvəl Cocuq Mərcanlının azad olunması onu göstərdi ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq. Bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bir neçə gün əvvəl  xalqa müraciəti və  "Əl-Ərəbiyə" televiziya kanalına müsahibəsi zamanı hazırkı vəziyyət barədə ətraflı danışıb, mühüm mesajlar verib. Dövlət başçısı bildirib ki, biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır. Azərbaycan lideri açıq şəkildə mesajını verdi: bütün şəhərləri, ermənilər tərəfindən dağıdılmış bütün məscidlərimizi bərpa edəcəyik. Bu bölgələrə həyat qayıdacaq.

Prezident bir daha vurğulayıb ki, Ermənistanın baş naziri "Qarabağ Ermənistandır və nöqtə" deməklə bütün danışıqlar prosesinə zərbə vurdu və onu mənasız etdi. Azərbaycanı yeni müharibə ilə hədələməyə başlamış, təxribatlar həyata keçirmişdir. Ermənistan iyul ayında heç bir səbəb olmadan Tovuz şəhərini və digər yaşayış məntəqələrini atəşə tutdu, avqust ayında diversiya qrupu göndərdi. Şuşada qondarma rejimin başçısı özünə "andiçmə mərasimi" keçirir, Ermənistanın baş naziri Şuşada, Cıdır düzündə rəqs edir, qondarma "Dağlıq Qarabağ Respublikası"nın parlamentinin Şuşaya köçürülməsi ilə bağlı planlar qurulur, Cəbrayıla Ermənistandan yeni yolun çəkilişi həyata keçirilir, işğal altında olan ərazilərdə qanunsuz məskunlaşma aparılır, Cenevrə Konvensiyasının tələbləri kobud pozulur. Beynəlxalq birlik, ATƏT MQ həmsədrləri  Ermənistanın azğınlığına biganə yanaşaraq, Azərbaycanın haqlı tələblərinə məhəl qoymayıb.

Bu gün Azərbaycanın həyata keçirdiyi işğaldan azad etmə tədbirlərinin çox ciddi əsasları var. Bu günə kimi Azərbaycanın haqlı tələblərini qulaq ardına vuranların hazırda əl-ayağa düşməsi ikili standartların bariz nümunəsidir. Kimlərinsə Azərbaycanı ittiham etməsi üçün heç bir haqqı və hüquqi əsası yoxdur. Çünki hazırkı vəziyyətin yaranmasında əsas günahkar Ermənistandır.

"Əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər, bu məntiqlə, Korsikaya, basklara da müstəqillik verilməlidir. Əgər Azərbaycan muzdlular və terrorçular barədə danışmağa başlasa, Azərbaycanı günahlandıranlar özləri çox utancverici vəziyyətə düşəcəklər".

Azərbaycan Prezidenti hərbi əməliyyatların dayandırılması ilə bağlı müraciətlərə də bir daha münasibət bildirib.

Şərtlər budur - Ermənistan Azərbaycanın torpaqlarından çıxmalıdır; Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır; Ermənistanın baş naziri Azərbaycan xalqından üzr istəməlidir və deməlidir ki, Qarabağ Ermənistan deyil; Ermənistan  işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəlini təqdim etməlidir.

Yalnız bu şərtlər yerinə yetiriləndən sonra atəşkəs rejiminin bərpa edilməsi məsələsinə baxıla bilər.

Milli Məclisin deputatı Sevil Mikayılova hesab edir ki, Prezident müsahibəsində, xalqa müraciətində bir daha Azərbaycan xalqının iradəsini ifadə etdi. Bu, birmənalıdır: "Biz qələbə sona çatdırılanadək, Azərbaycan torpaqlarından sonuncu erməni əsgəri çıxarılana və torpaqlarımızda Azərbaycan bayrağı dalğalana qədər mübarizəmizi davam etdirəcəyik". Deputatın sözlərinə görə, bu gün düşmənin hay-küy salması, beynəlxalq birlikdə özünə dəstək axtarmaq üçün müxtəlif üsullardan, manevrlərdən istifadə etməsinə baxmayaraq, bizim əzmimiz möhkəmdir: "Bu gün Azərbaycan Silahlı Qüvvələri həmin ərazilərdə böyük rəşadətlə vuruşur. Artıq bir həftədir ki, biz əks-həmlə hücumlarına başlamışıq. Amma bu müddət ərzində düşünürəm ki, Azərbaycan Ordusunun böyük uğurları olub. İlk növbədə, deməliyik ki, xalqımız böyük sevinc içindədir və cəmiyyətimizdə böyük qələbə ruhu var. Azad olunmuş ərazilərimizə sancılan həmin o bayraqlar bu gün Azərbaycan vətəndaşının ürəyindən xəbər verir və qəlbini sevinclə doldurub. Ümumiyyətlə, cəmiyyətimiz qələbəyə köklənib və mübarizəmiz sona qədər də davam edəcək. Dağlıq Qarabağ məsələsi bizim bir nömrəli məsələmizdir. Xarici siyasət kursumuzda da bu məsələ hər zaman ön planda dayanıb. Cənab Prezidentin bütün çıxışlarının, beynəlxalq təşkilatlardakı iştirakının, ən yüksək səviyyəli görüşlərinin əsas motivini Dağlıq Qarabağ və onun ətrafındakı hadisələr təşkil edib. Gəlin birmənalı şəkildə deyək ki, bu gün beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Yəni elə bir təşkilat, elə bir ölkə yoxdur ki, Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını dəstəkləməsin. Bu o deməkdir ki, işğalçı Ermənistan ordusu Azərbaycan torpaqlarından çıxarılmalıdır. Ermənistanın özünə yeni havadarlar axtarışına gəlincə isə, bu, gözlənilən idi. Çünki işğalçı Ermənistan hər zaman ədalətsiz mövqedə olan bir ölkə olub və digər ölkənin ərazilərini işğal edib".

PƏRVANƏ

 





07.10.2020    çap et  çap et