525.Az

Biz qalib gələcəyik! - Yazı


 

Biz qalib gələcəyik! - <b style="color:red">Yazı </b>

Bu ilin 27 sentyabrında Ermənistan ordusu növbəti dəfə təxribat törədib Azərbaycan torpağına hücum etmiş, dinc əhaliyə xəsarət yetirdi.

Şanlı ordumuz işğal olunmuş torpaqlarımızı düşməndən azad etmək üçün əks-hücuma keçdi. Müzəffər ordumuz Azərbaycan torpaqlarını yağı tapdağından, işğalından qurtarmaq üçün artıq bir neçə bölgəni işğaldan da azad edib. Əlbəttə, 30 ilə yaxın bir dövrdə ölkəmizin dilbər guşəsi - can Qarabağın düşmən əlində olması bizi çox ağrıdır. 1 milyon soydaşımız yurdundan-yuvasından didərgin düşüb, müqəddəs yerlər, məscidlər, pirlər, tarixi-mədəniyyət abidələrini xain qonşularımız darmadağın etmişlər. Dağlıq Qarabağın və ətrafındakı 7 rayonun işğalı bizi bir daha bir xalq, millət kimi sıx birliyə, həmrəyliyə səsləyir.

1828-ci ildən çar Rusiyasının xarici ölkələrdən erməniləri gətirib Azərbaycana yerləşdirməsi ilə İrəvan, Göyçə, Dilican, Zəngəzur, Uluxanlı, Vedi, Qəmərli, Ağbaba, Pənbək və digər torpaqlarımız yağı düşmən tərəfindən qəsb edilib. İndi isə düşmənlərimiz Dağlıq Qarabağ və Aran Qarabağı, hətta Naxçıvanı ələ keçirməyi qarşıya məqsəd qoyublar, niyyətlərini gizlətmir, açıq-açığına, utanıb-çəkinmədən bəyan edir, saxta məlumatlarla, qırmızı yalanlarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışırlar.

Çox təəssüf ki, Azərbaycanın haqq işini, öz dövlətinin ərazisini düşmən işğalından azad etmək hüququnu təsdiq etmək əvəzinə, bəzi dövlətlər, erməni işğalını müdafiə edir, atəşin dayandırılmasını tələb edirlər. Biz erməni daşnaklarından da, havadarlarından da qorxmuruq və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin, qəhrəman Ordumuzun yanındayıq. Azərbaycan əsgərlərində böyük ruh yüksəkliyi var, çünki onlar Vətən uğrunda vuruşurlar. Vətəndaş olaraq Vətən uğrunda hər şeyə hazır olmalıyıq, yeri gəlsə, canımızdan-qanımızdan da keçməliyik. Şəhriyar demişkən: "Ustadımız deyib heçdir Vətənsiz can, Azərbaycan!"

Bütün varlığımla inanıram ki, bu Vətən Müharibəsində biz qalib gələcəyik. Yaşasın igid əsgərlərimiz, yaşasın qəhrəman Azərbaycan Ordusu!

 





07.10.2020    çap et  çap et