525.Az

Müdriklik yolu: bir ömür idi yaşadı...


 

PROFESSOR FİKRƏT SEYİDOVUN 90 İLLİYİNƏ

Müdriklik yolu: <b style="color:red">bir ömür idi yaşadı...</b>

Bəzən yuxulara inanıram, görünür, olacaq hadisəni qabaqlayır. Ayılandan sonra xatirələri oyadır. Nə vaxtdan idi ali məktəb müəllimim, böyük insan, pedaqoq, professor Fikrət Seyidovun xatirəsi hey başımda dolaşırdı, sanki görüşür, söhbətləşirdik...

... Kim idi Fikrət Seyidov? Bu sual mənim üçün artıq görünməyə bilər, amma əlli ildən artıq Xarici Dillər İnstitutunda kafedra müdiri, dekan, professor vəzifələrində çalışan bir İnsanın minlərlə tələbəsi güman bu sualı özlərinə müqabil bilməzlər. Mən Fikrət müəllimlə həmin institutda eyni kafedrada işlədiyim illərdə müşahidəmə əsasən belə bir qərarı verdim. Harada o, varsa ətrafı tələbələriydi, sanki dünən sevimli müəllimlərindən ayrılmamışlar.

İllər ötdü. Ustad - tələbə münasibətləri əqidə dostluğuna çevrildi.

Fikrət Seyidov Bakıda keçmiş Sovetski məhəlləsində doğulmuşdu, atası Əhməd Seyidov Zaqafqaziya Müəllimlər Seminariyasını bitirdikdən (1917) sonra Bakıya gəlmiş, Lənkəran şəhərində maarif müdiri kimi bir müddət fəaliyyət göstərmiş, yenidən Bakıya qayıtmış, Sovetski məhəlləsində həyət evi almış, oğlanları İsmayıl (millət vəkili, ictimai xadim, professor Səməd Seyidovun atası) və Fikrət bu məhəllədə doğulmuşdular.

Müəllimlik fəaliyyətinə Bakıdakı 193 saylı məktəbdən başlamışdı. Sovet ordusunda xidmətindən sonra orta məktəbdə ingilis dilini tədris edir, elmə meyl göstərirdi. Xüsusilə, pedaqoji mühitin "diktəsi", bəxti onda gətirdi, məktəbin direktoru Mehdi Aslanovla çiyin-çiyinə işlədi, görüb-götürdü. Həmişə məktəbin, Bakının adlı-sanlı müəllimlərindən Kəriş Köçərlini, Əhliman Lütvəliyevi, Qəzənfər Məmmədovu, Əliabbas Quliyevi unutmurdu, müəllim şəxsiyyətini onların nümunəsində görürdü.

Ali təhsil mühitinə düşəndə də bəxt üzünə güldü, ona institutda dərs demiş R.Barsük, Qulam Məmmədli, İsmixan Rəhimov, habelə Oruc Musayev, Rüsxarə Qayıbova ilə milli dərsliklər hazırlamaq işinə cəlb olundu. Bu, böyük etimad idi. Kollektivə çox düzgün seçim qoşuldu, orta məktəbin qabaqcıl ingilis dili müəllimlərindən Vəhicə Xocayeva və Solmaz Rəhimovanın adını çəkmək yerinə düşür. Fikrət Seyidov orta və ali məktəblər üçün dərsliklər, ingilis dilinin tədrisi metodikasına aid kitablar, proqramlar, göstərişlər çap etdirirdi: "Səkkiz illik məktəblərdə xarici dilin tədrisi metodikası" (1967), "Xarici dil dərslərində diafilm" (1966), "Şifahi nitq vərdişlərinin inkişafına dair" (1964), "İngilis dili dərslikləri üçün metodik rəhbərlik" (1964), "Nitq inkişafına dair metodik izahat" (1965) və sair əsərlər yazdı. Orta məktəblər üçün V, VI, VII, VIII siniflər üçün "İngilis dili" dərsliklərini də bu siyahıya əlavə edərdim.

Professor Fikrət Seyidov 25 il orta məktəbdə dərs dedi, 70-ci illərədək. Əvəzçiliklə işləmək qadağan olduqda pulsuz çalışdı. Maraqlıdır ki, V sinfi götürüb sonadək apardı, yenə pulsuz! Şagirdlərinin əksəri Xarici Dillər İnstitutunun İngilis dili fakültəsinə qəbul olundu. Belə ki, Elmar Əbdülrəhimov, Xanım Tağıyeva, Solmaz Bünyadova və başqaları sonralar onunla çiyin-çiyinə fəaliyyət göstərdilər.

Fikrət Seyidovu Qori Müəllimlər Seminariyasının bütövlükdə fəaliyyəti yaxından maraqlandırmışdı, dəfələrlə Qori və Gəncə şəhərlərindəki arxivlərə ezam olundu və dissertasiyasını qurtarıb namizədlik işini uğurla müdafiə etdi.

O, son dərəcə obyektivliyi sevəndi, sözünü ora-bura yozmazdı, kəsə deyərdi. O, institutda işlədiyi müddətdə Qulam Kərim oğlu Məmmədov, Ağamməd Abdullayev, Zemfira Verdiyeva, Məmməd Tağıyev haqqında düzgün söz demiş, onları zəngin müşahidə süzgəcindən keçirmiş, üstün və zəif xarakterlərini səciyyələndirməkdə yanılmamışdı.

F.Ə.Seyidovun dərslik yaradıcılığı bir yana, Qori (Qazax) Müəllimlər Seminariyası haqqında monoqrafiyaları xüsusi qeyd olunmağa dəyər: "Qori Müəllimlər Seminariyası və onun məzunları" (1988) (Azərbaycan və rus dillərində), "Maarifimizin təkrarsız xəzinəsi" (2001), "Azərbaycan Pedaqoji fikir tarixindən səhifələr" (2002), "Soy kökümüzdən gələn pedaqoji fikir" (2004), "Türk xalqlarının tərbiyə və məktəb tarixinə dair" (1997), "Uşaq ədəbiyyatında tərbiyə məsələləri" (XIX-XX əsrlər, 2006).

Professor F.Seyidovu türk xalqlarının təlim-tərbiyə tarixi çox düşündürürdü. Xatırlayıram, iki yaz məzuniyyətini götürüb qardaş Türkiyəyə getdi, iki məqsədi vardı. Birincisi, "Qaranilər" nəslinə məxsus Seyidovların vaxtilə o məkana köçmüş sağ qalan qohumlarını tapmaq və arxivlərdə işləmək. Hər iki səfəri yetərli olmuşdu: Qaranilərdən yaşlıları və onların uşaqlarını tapmışdı, mətbuatda bir neçə məqalə çap etdirdi. Və yazmağı qərarlaşdırdığı əsəri tamamlasın. "Türk xalqlarının tərbiyə və məktəb tarixinə dair"i 1997-ci ildə nəşr etdirdi. Pedaqoji fikir tariximizdə, türklər də daxil olmaqla ilk araşdırma idi.

Fikrət müəllim nikbin, öz potensial enerjisinə güvənən, gəncləri bu istiqamətə həvəsləndirən şəxsiyyətdi, yetirmələri həmişə bunu söyləmişlər, Pedaqoji Universitetdə bizə dərs deyən illərdə (1959-1962) də şahidiyəm. Heç düşünərdim ki, on illər keçəndən sonra, bir kafedrada çalışarkən öz iradəsinə, yaradıcılıq enerjisinə sadiq qalacaqdır, işləmək gücünə qadirdir. Fikrət Seyidov çalışırdı ki, "Pedaqogika" kafedrasında gənclərə insanda daxili enerjinin tükənməzliyini təlqin etsin. Kafedranın dosentlərindən İnqilab Xəlilov, Oqtay Abbasov, Vidadi Bəşirov, Jalə Mustafayeva ilə söhbətlərində bu yanaşmanın şahidi olmuşam, özüm üçün nəticələr çıxarmışam. Son on illərdə, yaşı altmış çağlarında mənə bir "sirr" gəldi: - Xeyli yaşamışam, yaddaşım yerindədir, arxivim də zəngindir, ürəyimdən keçir ki, memuar qələmə alım, adını müəyyənləşdirmişəm: "Aslanbəylidən başlanan yol", bir xahişim var, qələminə bələdəm, kompüter variantıdır. Çətin olmaz ki?

Düzü, sevindim. Sözünə dəqiq olan ustadımla səhər bulvarda görüşdük, çayxanadaca vərəqlədim. Memuar məni o qədər tutdu səhəri - şənbə günü "Ağ qaytanlı qovluğun sirri" adlı ön söz yazdım. Bir təklifimi çatdırdım: "Müəllim. Memuarın adını bəlkə "Aslanbəylidən başlanan xatirələr" qoyaq? Razılaşdı. Əsər qısa müddətdə 2000-ci ildə işıq üzü gördü mənim müqəddiməmlə (Pedaqoqlar arasında ilk janrda yazılıbdır). Budur, sarı rəngli kitab (350 səhifə) qarşımdadır, neçə dəfə oxumuşam, dəyərli siyasi və sosial faktlarla, müxtəlif təbiətli adamların düşüncələrilə, ata-ana məhəbbətinin qüdsiyyətilə dolu, ağır illərin yaşantıları ilə bərabər zəngin bir ensiklopediya! Belə deyərdim! Məni 20 ildən sonra daha da kövrəldən, müəllimim Fikrət Seyidovun yoxluğuna içimdən göynədən müəllifin avtoqrafı: "Əhməd müəllimin oğullarından biri kimi borcunu artıqlaması ilə yerinə yetirmiş və əsərin giriş hissəsi ilə Əhməd müəllimi yenidən yaşatmış təmiz, pak, mənən zəngin, humanist dostum, tələbəm Allahverdi müəllimə ən xoş arzularla, 03.05.2000". Mən bu qərib sətirləri ruhumda son və əbədi mənziliməcən aparacağam! Məzarımda yeganə təsəllim olacaqdır!

Fikrət müəllimin yeganə həzz mənbəyi evdə ailə ocağı, bayırda sevdiyi müəllimlik peşəsi, dostları ilə söhbət olmuşdur. Ürəyi dolan vaxtı iş otağında yazı stolunun arxasında işləmək. Yetmiş-yetmiş beş yaşlarında elmi əsərlərini bir-birinin ardınca oxucuların ixtiyarına vermək ehtirası. Mənim üçün bu yaradıcılıq sirri bəllidir, güclü sevmək hissidir. Təbii ki, hisslər də qocalır, halsızlaşır. Professorda bu ruh heç vədə öləziməmişdir. Böyük yazıçı Markesdan iqtibas gətirəcəyəm: "Mən insanlara sübut edərdim ki, qocalmağa başlayanda sevməyi bacarmadıqlarını güman edənlər daha çox yanılırlar: əksinə, onlar məhz sevmədiklərinə görə qocalırlar".

Fikrət müəllimdə güclü yaşamaq və yaratmaq instikti vardı, həssas davranış vərdişi öz yerində. Müdriklik xas idi, xeyirxahlıq təbiətində idi, nəfsi toxdu.

Bulvarda oturmuşduq, söhbət hərlənib bu mövzuya gəlmişdi. Mən dedim ki, bu anlayışa quru, çəkisiz hal kimi yanaşmazdım, olur ki müdrik danışır, özünü apar-mağı da müdrik təsiri bağışlayır, ancaq hərəkəti çirkabdır, xeyirxahlığı sözündədir, nəfsi alidir. Mən bu mövcudu qəbul eləmirəm. Sokrat da bu mövqedədir ki, müdrik olan yalnız Tanrıdır, ilahi müdrikliyə məhəbbət gözündə anlanılmalıdır.

- Belə görürəm, müdrik insana özünə məxsus yanaşma var. - Fikrət müəllim bu dəqiqələrdə Xəzərə tamaşa etməyini üstün tutmuşdu, amma bu, bir dəqiqə də çəkmədi, üzünü mənə tərəf çevirdi.  Müdrik Allaha məxsusdur. Allahı təbiətdən ayrı götürməməliyik. Onda belə çıxır ki, Allah ya substansiyadır, ya təbiət. Həqiqət elə Tanrının özündədir, Kainat onun tərəfindən idarə olunur, çünki Allah öz yaratdıqlarının mövcudluğunun səbəbkarıdır. - Oturduğumuz skamyaya qayıtdıq.

Belə halda təbiətdə heç nə yoxdur, adi daş da öz xidmətini görür: ya sükutu ilə, ya da tərsinə. - Fikrət müəllim dilləndi.

Mənim yadıma böyük şairimiz Əliağa Kürçaylının şeirindən misralar düşdü:

Daş insan oğlunun evi, otağı,
Öləndə buz rəngli məzarı olub.
Daşlar dəyirmanda elin dayağı,
Heykəl də bir xalqın vüqarı olub...

Fikrət Seyidova vüqarlı yaşamaq yaraşırdı, nümunəyə çevrilirdi. Və əbədiyyətə də bu təsirlə qovuşdu.

Bu vaxt mən görkəmli pedaqoq, professor, unudulmaz müəllimim Fikrət Seyidovun məzarına baş çəkməyi arzuladım. Onun qəbri üstündə bitmiş alaq otları təmizlənmişdimi? Bəli, bir cüt qızları otların yerinə gül-çiçək əkmişlər. Eynən Sədi Şirazinin qəbri üstündəki qızılgüllər kimi.

 





09.10.2020    çap et  çap et