AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Avropa Birliyinin tədqiqat və innovasiya proqramı olan "Horizon 2020" üzrə layihənin qalibidir.
Xatırladaq ki, "Horizon 2020" proqramı üzrə ölkəmizdə hazırda 12 layihə işlənilir. O cümlədən, Elmlər Akademiyasının Molekulyar Biologiya, Genetika, Astrofizika, Kataliz və Qeyri-üzvi Kimya, Arxeologiya və Coğrafiya institutlarının altı layihəsi bu proqramın qalibi olub.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qazandığı layihə "Horizon 2020" proqramının Erazmus plyus layihəsinə aiddir. Layihə Ədəbiyyat İnstitutu və Polşanın Byalıstok Universiteti ilə birgə həyata keçiriləcək.
Layihə tələbələrin və doktorantların mobilliyi, tədqiqatçı-doktorantlar, elmi rəhbərlər tərəfindən yeni təcrübələrin əldə edilməsi elmi-metodiki rəhbərliyin təmin olunması ilə bağlıdır. Layihə çərçivəsində Polşanın Byalıstok Universitetinin doktorantları və onların elmi rəhbərlərinin Azərbaycana, Ədəbiyyat İnstitutuna, Ədəbiyyat İnstitutunun magistrantları və doktorantları, eləcə də alimlərinin Polşaya, Byalıstok Universitetinə ezam olunmaları, orada dil və ədəbiyyat haqqında məruzələrin oxunması, elmi seminarların və konfransların keçirilməsi nəzərdə tutulur.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 2021-2022-ci illərdə həyata keçirilməsi nəzərdə tutulan bu layihə Azərbaycan-Polşa elmi əlaqələrinin əhəmiyyətli bir səhifəsi olacaq.
çap et