525.Az

"Rusiya ermənilərdən üz çevirir?" - Xaqani Cəfərlidən maraqlı şərh


 

"Rusiya ermənilərdən üz çevirir?" - <b style="color:red"> Xaqani Cəfərlidən maraqlı şərh </b>

Rusiya prezidenti Vladimir Putin "Rossiya-24" telekanalına müsahibəsində döyüşlərin Ermənistan ərazisində getmədiyini söyləyərək bu məsələdə Ermənistana yardımın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində öhdəliklərə aid olmadığını bildirməklə Moskvanın Qarabağda gedən döyüşlərə müdaxilə etməyəcəyinə işarə edib. Prezident Putinin bu sözləri Kremlin Ermənistana münasibətindəki dəyişiklik kimi izah olunur. Hətta Rusiya dövlət başçısının bu mövqeyini "Putindən Paşinyana tərs sillə" kimi qiymətləndirənlər də var. Əslində, məsələnin mahiyyəti daha dərindir və Ermənistana münasibətdə Rusiya cəmiyyətində dəyişikliyin baş verməsindən danışmaq olar.

Rusiyanın 3-cü ən böyük radiosu hesab olunan "Exo Moskvı" 5 oktyabr tarixindən etibarən "Azərbaycan-Ermənistan münaqişəsində kimi müdafiə edirsiniz?" sualı ilə rəy sorğusu keçirir. Bu sətirlər yazılan zaman "Exo Moskvı"nın saytı üzərindən keçirilən sorğuya 1441416 nəfər qatılmışdı. Onlayn sorğuda iştirak edənlərin 624 444 nəfəri və yaxud 43 faizi Azərbaycanı, 788 761 nəfəri və ya 55 faizi Ermənistanı müdafiə ediblər. Onlayn sorğuda iştirak edənlərin 2 faizi və yaxud 28 211 nəfər suala cavab verməkdə çətinlik çəkib. Yeri gəlmişkən, həmvətənlilərimizi bu sorğuda fəal iştirak etməyə çağırırıq.

 İlk baxışda Ermənistanı müdafiə edənlərin çox olduğu görünür. Ancaq bu, ilk baxışda belədir. Əslində isə mövcud şərtlər çərçivəsində Ermənistanı müdafiə edənlər bundan çox yüksək olmalı idi. Heç kimə sirr deyil ki, ermənilər soydaşlarımızdan fərqli olaraq Rusiyanın ictimai-siyasi həyatında çox fəal rol oynayırlar. "Exo Moskvı" radiosunun saytını izləyənlər arasında ermənilər soydaşlarımızla müqayisədə qat-qat çoxdur. Bunu sübut etmək isə çox asandır. "Exo Moskvı" radiosunun saytında yayılan məqalə və videolara yazılan şərhlərdən bunu aydın görmək mümkündür.



Digər tərəfdən, ermənilərin mövqeyinin çox güclü olduğu Rusiya mediası Azərbaycan ordusunun hücuma keçdiyi ilk gündən birmənalı olaraq Ermənistanın mövqeyindən çıxış edir. Hətta Rusiyada tərəfsizliyi və obyektivliyi ilə tanınan media orqanları da Ermənistana açıq-açkar rəğbəti ilə seçilir. Rusiya mediasının bu yanaşmasının səbəbləri çox olsa da, ən əsasını qeyd etmək yetərlidir. Rusiyadakı erməni zənginlər media üzərində güclü təsir imkanlarına malikdirlər və əsas reklamvericilərdən hesab olunurlar.

Rusiya cəmiyyətinin dini həmrəylikdən çıxış etdiyini də yuxarıdakı şərtlərin üzərinə əlavə edəndə ölkəmizi haqlı bilən 43 faizin həqiqətən yüksək rəqəm olduğu aydınlaşır.

Azərbaycanı haqlı bilən 624 mindən artıq insanın varlığı Rusiya cəmiyyətində ermənilərə münasibətin dəyişdiyini göstərir. Rusiya cəmiyyətində ermənilərə münasibətin dəyişməyə başladığını müəyyən hadisələrin timsalında da görmək olardı. Bu ilin ilk ayında Rusiya Baş prokuroru təyin edilən İqor Krasnovun fəaliyyətində açıq hiss olunan istiqamətlərdən biri Baş Prokurorluq və İstintaq Komitəsindəki uzun illər ərzində kök salmış ermənilərin mövqelərinin zəiflədilməsidir. Rusiya Baş Prokurorluğunda söz sahiblərindən olan Georgi Avaqumyan, Yuri Karapetyan və Mnastakan Sarkisyan kimi yüksək vəzifəli şəxslərin istefaya göndərilməsi ermənilərin istintaq orqanlarındakı mövqelərinin zəiflədilməsinə yönəlmişdi. Baş prokuror İqor Krasnovun bu addımı isə Rusiyanın rəsmi siyasətində və rus cəmiyyətində baş verən dəyişikliyin nəticəsidir. Rusiyanın hakim dairələrinin siyasətində və bütövlükdə rus cəmiyyətinin proseslərə yanaşmasında dəyişiklik baş verməkdədir. Rusiya cəmiyyətində aydın dərk edilir ki, keçmiş sovet respublikalarını nəzarətdə saxlamaq, keçmiş imperiya xalqlarının loyallığına nail olmaq çox bahalı olmağa başlayıb. Məsələn, aparılan bir araşdırma nəticəsində məlum olub ki, Belarusa enerji daşıyıcılarının güzəştlə satılması nəticəsində Rusiya on milyardlarla dollar itirib. Halbuki həmin dövr kəsiyində enerji daşıyıcıların güzəştlə satılması nəticəsində Rusiya Belarus iqtisadiyyatına 100 milyard dollardan artıq pul qazandırıb. Rusiyanın Ermənistana yardımları ilə bağlı tam dəqiq məlumat olmasa da, 29 avqust 1997-ci ildə Moskva ilə İrəvan arasında imzalanmış "Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi"nə görə rus dövlətinin on milyardlarla dollar itirdiyi hər kəsə aydındır. Rusiyanın on milyardlarla dollar itirdiyi bu dostluğun da möhkəm olmadığını hər kəs anlamağa başlayır. Rusiyada aydın görürlər ki, bu "dost və qardaş"  ilk imkanda üzlərini Qərbə çevirməyə hazırdır. Ona görə də, Rusiyada tədricən fərqli meyllər güclənməyə başlayıb. Yaxınlarda keçirilən bir rəy sorğusu "Rusiya ruslar üçün" tezisinin cəmiyyətdə daha çox populyarlıq qazanmağa başladığını üzə çıxarmışdı. Rusiyanın sərvətlərinin "qədirbilməz dost və qardaş" xalqlara sərf edildiyini, bunun müqabilində isə Rusiyanın faktiki olaraq heç nə qazanmadığını anlayan cəmiyyətdə ciddi fikir dəyişikliyi yaranıb. Ermənilərə münasibətin dəyişməsi də bu proses çərçivəsində baş verir. Əlbəttə, bu, Rusiyanın Ermənistandan tamamilə və dərhal üz çevirməsi anlamına gəlmir. Ancaq Ermənistanın Rusiyanın Cənubi Qafqaz siyasətində prioritet təşkil etdiyi dövr tarixə qovuşmaqdadır. Rusiyanın siyasətinin daxili poblemlərin həllinə yönələcəyi, "dost və qardaş" xalqları öz talelərinin ümidinə buraxacağı gün isə çox da uzaqda deyil.


 

 





10.10.2020    çap et  çap et