525.Az

Xəyallar və reallıqlar - Orxan Arasın yazısı


 

Xəyallar və reallıqlar - <b style="color:red">Orxan Arasın yazısı </b>

Homer məşhur eposunda həqiqi xəyallarla yalançı xəyalları ayırd edir. Ona görə tanrılardan ilhamlanan xəyallar həmişə gerçəkləşməyə bilər, tanrılar bəzən istəklərinə çatmaq üçün aldadıcı xəyallardan da istifadə edə bilərlər.
 
Məsələn, Zevs Aqamemnonu müharibəyə daha əvvəl yollamaq üçün müdrik məsləhətçisi Nestorun qiyafəsində ona hiyləgər xəyallar göndərdi. Aesop eyni zamanda, bir nağılda Apollonun Zevsdan gerçək xəyallar istədiyini yazır. Zevs ona istədiyi yuxunu (peyğəmbərlik) verdikdə, Apollon ən böyük tanrı olduğunu düşünür və digər tanrılarla təkəbbür göstərməyə başlayır. Zevs bu təkəbbürə qarşı bir vasitə düşünür və gerçək görünən xəyallar yaradır.

Ermənistanın baş naziri Paşinyanı bir neçə gün Avropa mediasında izlədikdən sonra həmişə Zevsun yaratdığı saxta xəyalları və peyğəmbərlikləri xatırladım.

Britaniyanın məşhur BBC televiziya kanalının müxbiri Stiven Sakur, avqust ayında Ermənistanın baş naziri Nikol Paşinyanla bir reportaj hazırladı. Paşinyan televiziya aparıcısının verdiyi hər suala min illik tarixi xəyallardan bəhs edərək cavab verməyə çalışırdı. Bu münasibət Stiven Sakuru bezdirdi və "İndi tarixi görüşlərinizi müzakirə edə bilmərik, gəlin mövcud həqiqətlərə qayıdaq" dedi.

İngilis Stiven Sakur haradan bilsin ki, faktlar Paşinyan üçün heç bir əhəmiyyət daşımır?

Almaniyanın "Bild" qəzetinə verdiyi açıqlamada Paşinyan işğala və müharibəyə eyni xəyallara əsaslanaraq haqq qazandırmağa çalışdı. Heç vaxt ortaya çıxan faktlara toxunmaq istəmədi. Türklər dayandırılmasa, Vyana qapılarında dayanacaqları, Azərbaycanın Ermənistana qarşı soyqırımı etməyə çalışdığı və "min illər Artsax" kimi əsassız iddialarla Qərbin ictimai rəyinə təsir göstərməyə çalışdı.

Bu vəziyyət yalnız Ermənistanın baş naziri ilə məhdudlaşmır. Sülh tərəfdarı Vardan Arutunyanın və digər ermənilərin etiraf etdikləri kimi, illərdir davam edən xəyallar, yalnız siyasətçiləri deyil, təəssüf ki, bütün yeni nəsli də zəhərlədi. Evlərdə, məktəblərdə asılmış xəritələrdə Anadolunun yarısı, Kipr adası, Gürcüstan, bütün Azərbaycan və İran kimi ölkələr Ermənistanın sərhədləri daxilində göstərilir. Hər dağ, hər daş, hər qədim abidə qalıqları haqqında ağlasığmaz əfsanələr uyduraraq insanları zəhərləyirlər.

Sosial mediada verilən mesajlar, məqalələr və onlara yazılan cavablar Ermənistanda yaşayan iki milyonluq xalqı qonşuları ilə döyüşməyə sövq edir. Uydurma tarixə sitayiş elə inkişaf etmiş bir nöqtəyə çatıb ki, Ermənistanda demək olar, heç kim bu cür mifik məlumatlara etiraz edə bilməz.

Belə təbliğatdan təsirlənən alman dostlarımızdan biri tarixi erməni adlarını və yerlərini xatırladıqda mən ona belə cavab verdim: "Bütün bu tarixi iddiaların kökünə gəldiyimiz zaman çox fərqli nəticələr ortaya çıxır. Ancaq gəlin bu iddiaların doğru olduğunu düşünək, yəni iddia etdiyiniz bu bölgələrin üçüncü və ya dördüncü əsrlərdə ermənilərə aid olduqlarını qəbul edək. Onlarin iddia etdikləri kimi olsa da, bu gün orada yaşayan insanları kənarlaşdırıb ermənilərə qaytarmağın ağlabatan olduğunu necə düşünə bilirsiniz? Dediklərinizdə bir həqiqət varsa, bütün dünya yenidən dizayn edilməli deyilmi?  O zaman keçmişdə bütün Asiyanı idarə edən türklər ruslara "buradan gedin" deyəcəklərmi? Avropadan Amerikaya gedən avropalılar Amerikanı oranın yerlilərinə buraxacaqlarmı?"

Sözlərimin qarşısında bir müddət susan dostum, nəhayət, "bu qədər düşünə bilmədim" dedi və söhbəti sona çatdırdı.

Ermənistan tarixi bu uydurma iddialardan qurtulmadıqca və ölkədə demokratik, dinc bir nizam qurulmadıqca, məktəblərindəki kin və nifrət dolu təhsil sistemi dəyişdirilmədikcə onlar qonşuları olan Azərbaycan, Gürcüstan və Türkiyə ilə sağlam əlaqə qura bilməyəcəklər. Bu düşmənçiliyin ən böyük ziyanı da öz erməni xalqına olacaq.

Qafqazdakı bu üç ölkənin barışıq içində yaşaması üçün Ermənistan bütün tarixi iddialardan imtina etməli, münaqişələrə son qoymalı, mehriban qonşuluq münasibətləri ilə bir-birlərinin iqtisadiyyatına töhfə verməli, gələcək nəsillərə azad və dinc bir ölkə qoymalıdırlar.

Homerin min illər əvvəl dediyi kimi, "yalan məlumat vermək və gənc ağılları kinlə zəhərləməklə insanları aldatmaq" erməni xalqına heç bir şey gətirməyəcək, bu ağrılar gənc nəsillərə miras qalacaq və onları uzun müharibələrin əsarətində saxlayacaq.

 





12.10.2020    çap et  çap et