525.Az

“Cənab Ali Baş Komandan, Sən - Azərbaycansan!..” - Sosial şəbəkədə yazılanlar


 

“Cənab Ali Baş Komandan, Sən - Azərbaycansan!..” - <b style="color:red">Sosial şəbəkədə yazılanlar </b>

İlqar Məmmədov, REAL Partiyasının sədri:

- Bir neçə dəqiqə əvvəl Avropa Parlamentində Qarabağ müzakirəsinin sonunda Avropa Birliyinin Xarici İşlər naziri Josep Borrellin deputatlara cavabına baxdım. Deyir, məni burda sıxırsız ki, Türkəyni geri oturt. Axı aramızda razılaşmışıq: Türkiyə ilə bütün münasibətlər toplusunu bir yerdə dekabrda müzakirə edəcəyik. Odur ki, Qarabağ savaşına gəldikdə, əlimizdən gələn ancaq həmsədrlərə diplomatik dəstək ifadə etməkdir, vəssalam, başqa heç nə edə bilmərik.

Ağalar Qut, filosof:

- Ermənilərin dünyada təbliğ etdikləri fikirlərdən biri də budur ki, bu müharibəni diktator İlham Əliyev başlamışdır. Məqsədi də diqqəti daxildəki problemlərdən yayındırmaqdır. Məsələ ondadır ki, bizdən də bəziləri (o sıradan sülhpərvər adlandırılanlar) eyni fikri təkrarlayırlar, "ətrafında sıx birləşmisiniz" filan deyirlər. Mən də İlham Əliyevin tənqidçilərindən olmuşam. Amma indi Ali Baş Komandan ətrafında sıx birləşənlərdən və bu birliyə çağıranlardan biriyəm. Çünki əks halda elə çıxar və görünər ki, sanki doğrudan da, ermənilərin və yerli sülhpərvərlərin dediyi kimi, bu müharibə şəxsən İlham Əliyevindir. Belə məqamda Ali Baş Komandanı əsla tək qoymaq olmaz. Hətta (deyir şər deməsən, xeyir gəlməz) işdir-şayəd, xarici dövlətlər bizi atəşkəsə məcbur etməyə cəhd göstərsələr, milyonlarla vətəndaşımız küçə və meydanlara çıxıb etiraza qalxmağa hazır olmalıdır ki, dünyaya göstərək, İlham Əliyev tək deyil və bu müharibə xalqın tələbidir. Son illərdə Almaniyada belə bir alqış meydana gəlib: "Sən - Almaniyasan!" (Du bist Deutschland!) Almanlar bu ifadəni Almaniyanın başını uca, üzünü ağ edən, öz işində parlaq uğurlara imza ataraq, Almaniyanın simasına çevrilən, bir sözlə, fəxr etdikləri, qürur duyduqları şəxslərinə ünvanlayırlar. Mən bu sözü Azərbaycana köçürmək istəyirəm. Biz bu sözü deyəcəyik, misal üçün, Xankəndidə, Şuşada bayrağımızı qaldıran generallarımıza, igid əsgərlərimizə, gələcəkdə Nobel, Oskar kimi mükafatları alanlarımıza, bir sözlə, özü Vətənə, Azərbaycana çevrilən insanlarımıza. Amma ilk olaraq mən onu indi Prezident İlham Əliyev üçün demək istəyirəm. Cənab Ali Baş Komandan, Sən - Azərbaycansan!

Şərif Ağayar, Kulis.az saytının baş redaktoru:

- İlahi, sənin ədalətinə daima güvənmişəm və bu ədalətin var olduğunu dəfələrlə görmüşəm. Əsgərlərimizə kömək ol. Özün də gözəl bilirsən ki, biz nəyin davasını aparırıq. Əslində, buna tam qələbə də demək olmaz. Biz alçalmamaq, məğlub olmamaq, bir xalq kimi mövcudluğunu davam etmək üçün döyüşürük. Haqq savaşında yolumuza işıq tut. Şahidi olduğun ah-naləni yerdə qoyma. Otuz ildir sümüklərimizdə sızıldayan Xocalı ağrısı az da olsa xəfifləsin. Bizə rəhm elə!

Vüqar Bayramov, millət vəkili:

- Yuxarı Qarabağ iqtisadiyyatın yeni inkişaf lokomotivi olacaq. Azərbaycan əsgəri döyüş şəraitinə tam nəzarət edir və irəlləyir. Azərbaycanın şanlı ordusu torpaqlarımızı işğaldan azad etməsinin həmçinin, iqtisadi inkişaf, məşğulluğun təmini, yeni iş yerlərinin yaradılması kimi müsbət təsirləri olacaq. İşğaldan azad olunacaq torpaqlarımız Azərbaycan iqtisadiyyatında xüsusi paya malik olacaq. Yuxarı Qarabağ iqtisadi rayonunun ərazisinə düşən rayon və şəhərlərimiz bərpadan sonra kifayət qədər iqtisadi potensiallı hesab olunurlar. Sözügedən iqtisadi rayona Xankəndi şəhərini, Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd, Xocalı, Şuşa və Tərtər rayonlarını daxildir. Ümumi sahəsi 7248 km2 olan bu iqtisadi rayon ölkə ərazisinin 8,4%-ni təşkil edir. İqtisadi rayon polimetal filizləri, tikinti materialları (mərmər, sement xammalı, əhəng daşı), mineral bulaqlar ilə zəngin iqtisadi rayon yüksək sənaye və kənd təsərrüfatı potensialına malikdir. Eyni zamanda, işğaldan azad olunandan sonra həmin ərazilərin yüksək turizm potensialı da var. Bütövlükdə, inşallah ərazi bütövlüyümüz tam bərpa olunduqdan sonra Yuxarı Qarabağ iqtisadi rayonu Azərbaycanda iqtisadi inkişafa xüsusi töhfə verəcək.

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- Azərbaycan türkcəsindən erməni dilinə yüzlərlə, bəlkə də minlərlə söz keçib. Onlardan biri də hayların şifahi nitqdə bol-bol işlətdikləri "görməmiş" sözüdür. Son iki ildə bu görməmişlik özünü ən bariz şəkildə Paşinyanla arvadının hərəkət və danışıqlarında büruzə verirdi. Allah daha da çox eləsin. Bütün başqa amillərlə birlikdə dörddə bir əsr ayrılıqdan sonra Dağlıq Qarabağı yenidən görməyimizdə, işğaldan azad etməyimizdə bu görməmişliyin də bəlli rolu var...

Aslan İsmayılov, hüquqşünas:

- Çox yaxşı yadımdadır ki, 2010-cu ildən başlayaraq hər dəfə ölkə Prezidenti İlham Əliyev Kosmosla, Peyklə bağlı hansısa sərəncam, ya göstəriş verəndə dərhal "dahi siyasətçi"lər tökülüşürdülər üstünə. İlk Peykimiz buraxılanda isə sanki onlara ikinci nəfəs verildi. Lağ edən kim, ittiham edən kim. Hamısı bu mövzuda yarışa girişmişdi. Baxın, indi həmin lağ etdiyiniz Peyk bizə ermənilərin strateji obyektlərinin yerini, silahlılarının yerini və hərəkətlərini saniyəbəsaniyə ötürür və bizim PUA-larımız, Şanlı Ordumuz da onları bir-bir dənləyir. Məhz həmin peykin verdiyi koordinatlar bu gün bizim əsgərlərimizin həyatını xilas edir, şəhidlərimizin sayını azaldır. Ona görə də hər bir insan bacardığı işlə məşğul olsa çox gözəl olar.

 





12.10.2020    çap et  çap et