525.Az

“İnternetə yerləşdirilmişnifrət qığılcımı dünyaya yayılır”


 

“İnternetə yerləşdirilmişnifrət qığılcımı dünyaya yayılır”<b style="color:red"></b>

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında ən böyük maraq doğuran müzakirə mövzularından biri “İnternet və siyasət: informasiya və kommunikasiya texnologiyalarının demokratiyaay təsiri” adlı məruzə olub. 525.az Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, professor Rafael Hüseynova istinadən xəbər verir ki,  sessiyanın üçüncü iş günündə təqdim olunan və AŞPA-nın yeni sədri Ən Brasörün hazırladığı bu məruzə ətrafında müzakirələrdə iştirak etmək üçün 50 nəfər deputatın yazılması problemin aktuallığına başlıca göstəricilərdən sayıla bilər.

 Müzakirələr zamanı isə  R. Hüseynov çıxışında  internetin demokratiyaya, o cümlədən,  insan haqlarına faydaları və mümkün təhlükələri ilə bağlı deyib ki, 19-cu əsrin ortalarında nəşr edilmiş və ölkə-ölkə dolaşan bir kitabın ilk cümləsi qitəni və dünyanı dəyişə biləcək yeni cərəyan barədə xəbərdarlıq edirdi:

“Avropada bir kabus – kommunizm kabusu dolaşmaqdadır”. O ifadənin birinci dəfə səsləndiyi 1848-ci ildən sonra həqiqətən həmin kabus asta-asta dünyanın hər bucağına yeridi və çox şeyləri dəyişdi. Indi 21-ci əsrdir, Avropada və dünyada yenə nəhəng bir kabus dolaşmaqdadır. Doğrudur, bu kabus o əvvəlki kabusdan fərqli olaraq mahiyyəti etibarı ilə işıqlıdır, hər bir insana yardımçı olmağa, həyatı daha rahat etməyə köklənib. Lakin bütün müsbət keyfiyyətlərinə baxmayaraq, həmin yeni kabusun -- bütün dünyanı bürümüş internet şəbəkəsinin təəssüf ki, öz qüsurlrı, öz təhlükələri də var.

 Bir neçə il öncə internet fəzasındakı sərbəstlik demokratiyanın vacib təzahürlərindən biri kimi dəyərləndirilirdisə, indi bu nəhəng “hörümçək” həm də demokratiyaya, insan haqlarına ara-sıra zədələr vurmağa bais olan qüvvə kimi səciyyələndirilir. Belə təhlükələrin bir istiqaməti də internetin rasizm, dözümsüzlük, millətlər, dinlər, mədəniyyətlər arasına ixtilaflar sala bilməkçün münasib vasitə kimi istifadə edilməsi,  müəyyən məkrli əllərlə xalqlar, ölkələr arasında ədavət yaratmağa münasib bir məkana döndərilməsidr. 30 il əvvəl hansısa bir ölkədə hətta mətbuat səhifələrində bu qəbil istənilməz hallar baş verəndə bunun əks-sədalanmağı, müxtəlif ölkələrə yayılaraq mənfi, ya müsbət reaksiyalar oyatmağı uzun müddət tələb edirdi”.

Millət vəkilinin dediyinə görə, ona görə  bəzən qəsdən ortaya atılmış hansısa rasist, dözümsülük nümunəsi olan yazı, bəyanat, çağırış vaxtın uzanması ilə asta-asta soyuyur, onu dövriyyəyə buraxmış, bununla da müəyyən çirkin niyyətlərini gerçəkləşdirmək məqsədi güdmüş fitnəkarların istəyinin əksinə olaraq hədəfə yetişmədən unudulurdu:

 “Hazırda isə vəziyyət tamam başqa cürdür. İnternetə yerləşdirilmiş kiçicik nifrət qığılcımı bir neçə dəqiqə ərzində dünya boyunca yayılır və həmin fəsadı törədənlər elə internetin özünün ani yayabilmə yardımı ilə ocağı soyumağa qoymamağa da müvəffəq olur, qarşılıqlı nifrət yaradan və bunu dərinləşdirən əməliyyatları an-an dərinləşdirirlər.

 Dövlətlər, hökumətlər, parlamentlər rasizmi, dözümsüzlüyü rədd edən, millətlərarası ədavətə bais ola biləcək hərəkətlərin qarşısını alan çox qərarlar qəbul edə, sənədlər hazırlaya bilər. Bunlar hamısı əlbəttə ki, lazımdır və bundan sonra da davam etdirilməlidir. Lakin internet şəbəkəsinin uzun əllərindən istifadə edən bir və bir neçə başıpozuq həmin ən nümunəvi qanunlara və sənədlərə məhəl qoymadan öz qara əməllərini asanlıqla törətməkdə davam edə bilərlər.

Ona görə də internet şəbəkəsinə məhz həmin qanunların müstəvisində nəzarəti təmin edə biləcək  mexanizmlərin tam gücündə işlətməyə nail olmalıyıq. Hüquqi normaların internet fəzasına bütün istiqamətlərdə yetərincə hakim kəsilməsi həm də ona görə vacibdir ki, bu mühüm sərvət – internet, dəyər olaraq, demokratiya manelər yaradan deyil, demokratiyaya dayaq olan güc kimi əhəmiyyətini daha da artırsın.

Dünya, bu mehriban Yer Kürəsi hamımızın ortaq evimiz, müştərək yuvamızdır. İnternet bu yuvanı get-gedə daha balaca, daha yığcam edən, bizi bir-birimizə daha çox yaxınlaşdıran qüdrətdir. Bu kiçilən yuvada rasizmə, dözümsüzlüyə, nifrətə, ədavətə yer nə qədər az qalsa, Evimiz olan Yer Kürəsi də daha yaşamalı, daha sevimli olacaq.

 Dünyanı kiçildərək, yığcamlaşdıraraq bu böyük həqiqəti insanlara daha yaxından anladan “internet kabusu”nun indiki tarix məqamı üçün bəlkə də ən ali vəzifəsi insan haqlarına zidd ola biləcək istənilən təmayülün qarşısına ən sərt çəpərlər çəkə bilməsidir. Bu yöndə gərək hamımız, o sıradan Avropa Şurası səylərimizi qətiyyətlə birləşdirək”.

Cavab nitqində AŞPA Mədəniyyət, elm, təhsil və media komitəsinin təmsilçisi R. Hüseynovun çıxışında qaldırılan məsələlərə münasibət bildirib, həqiqiətən internet şəbəkəsində insan haqları və demokratik dəyərlərə münasibətdə ifratların da mövcudluğunu təsdiqləyərək belə hallarla mübarizədə səylərin müştərək aprılması təklifi ilə razılaşdığını ifadə edib.

K.Həmzəoğlu

 

 





30.01.2014    çap et  çap et